Bakıdan dünyaya yayılan Xəlvətilik - ARAŞDIRMA


Molla Qasım adındakı bir şəxs Yunus Əmrənin şeirlərini bir-bir oxuyur, əslində isə onu qısqandığı, ona həsəd apardığı üçün “şirk dolu sözlər” deyərək yandırır ya da çaya atırmış. Molla Qasım, Yunus-Əmrə ilə birlikdə Tapdıq Əmrənin təkkəsində dərs almış müridlərdən biri idi. Beləcə o illər sonra Yunus Əmrənin şerlərini yandırmaqla məşğul olur. Nəhayət səhifələrin birini əlinə alaraq oxuyanda dəhşətə qapılır və etdiyi səhvi bu zaman başa düşür. Həmin şeir misralarında belə yazılmışdı:
"Derviş Yunus bu sözü eğri büğrü söyleme
Seni sîgaya (hizaya) çeken bir Molla Kasım gelir”
Seyyid Yəhya Bakuvi də: "Ey Seyyid Yəhya qəbrinin, açdığın bu yolun, təriqətinin unutulacağından qorxma. Bir gün Mehmet Rıhtım gələr. Səni bu qəriblikdən qurtarar" demiş olsaydı hər halda yeri idi. Hərçənd Seyyid Yahya Bakuvi unudulmamışdı. Onu sadəcə dərgahının həmən yanındakı bizlər unutmuşduq. Ondan xəbərsiz idik. Məgərsə onun açdığı, sistemləşdirdiyi Xəlvətilik yolu səssiz-sədasız dünyanın bir çox ölkəsində davam edirmiş.
Yeniavaz.com bildirir ki, adətən hər hansı mütəfəkkiri öz həyatındakı hansısa hadisəyə görə iki hissəyə ayırırlar. Misal üçün Mövlananı Şəms Təbrizi ilə tanış olmadan əvvəl və Şəms Təbrizi ilə tanışlıqdan sonra olaraq iki hissəyə ayıra bilərik. Seyyid Yəhya Bakuvini isə günümüz üçün Mehmet Rıhtımdan əvvəl Seyyid Yəhya Bakuvi və Mehmet Rıhtımdan sonra Seyyid Yəhya Bakuvi olaraq iki hissəyə ayırmaq olar. Hər halda bu bölgüdə mübaliğəyə yer vermiş olmarıq.

Bir deyimdə: “Ay ən incə halında belə barmaqla göstərilərək, baxın ay oradadır” deyildiyi kimi Mehmet Rıhtımdan əvvəl də Azərbaycanda Seyid Yəhya haqqında alimlər tərəfindən müəyyən işlərin görüldüyünü söyləmək olar. Ancaq bunlar demək olar ki, kiçik miqyaslı tədqiqatlardır. Belə tədqiqatların müəllifləri kimi Abbasqulu Ağa Bakıxanovun, Firidun Bəy Köçərlinin, Əliəjdər Seyidzadənin, Məşədixanım Nemətin və Azadə Musayevanın adlarını çəkmək olar. Seyyid Yəhya Bakuvi mirası səmadakı ayın forması kimi idi. Mehmet Rıhtımın araştırmalarından sonra bu ay bədirlənmiş hala büründü, insanlar onu daha parlaq, daha işıqlı görməyə başladı.
Seyyid Yəhya Bakuvi kimi insanların dövründə yaşamağın da özünə məxsus imtahanları var. Hələ bu imtahanlar dövrün siyasi xadimləri üçün daha ağır keçə bilər. Peyğəmbər varisi bu kimi alimlərin ətrafında on minlərcə mürid toplamasını hər siyasi xadim həzm edə bilməzdi. Belə bir alimin mənəvi məqamını anlayıb dərk etmək, ən azından ona dəstək olmaq və ya müridliyinə girmək bir yana dursun, belə alimlərə heç olmasa köstək olmamaq dövrün siyasi xadimlərinin verdiyi ya da verə bilmədiyi bir imtahandır.
Tarixən bu kimi alimlərin nüfuzundan öz siyasi amalları, öz siyasi arzuları üçün istifadə etmək istəyən bir sıra siyasi xadimlər olmuşdur. Misal üçün Əhməd ibn Hənbəl və bir sıra alimlər məhz belə bir siyasi təzyiqə baş əyməmənin, hansısa siyasi xadimin istəklərini yerinə yetirməmənin bədəlini ömrünün bir hissəsini həbsxanalarda, qırbac altında keçirməli olmuşdu. Ancaq Seyyid Yəhya Bakuvinin müasiri Xəlilullah xanın bu mənada bir imtahandan üzü ağ çıxdığını görürük.
Xəlilullah xan Seyyid Yəhya Bakuvini sarayının həmən yanında tikdirdiyi xanəgahda fəaliyyətinə şərait yaradıb onu himayə etsə də, digər yandan xanın özünün də mənən Seyyid Yəhyanın himayəsinə girdiyini deyə bilərik. Xəlilullah xanın Seyyid Yəhya Bakuvinin müridlərindən saymaq doğru olsa da tarixən belə bir təcrübə ilə qarşılaşırıq ki, hər hansı xan, vəzir ya da xəlifə bir mürşidin müridliyinə girəndə buradakı mürid-mürşid münasibəti digər müridlərə görə biraz fərqli cərəyan edirdi.

Onu deyə bilərik ki, Şirvanda məhəlli bir təriqət olan Xəlvətilik Seyyid Yəhya Bakuvinin Bakıya gəlişi və digər ölkələrdən onun yanına gələn tələbələri vasitəsilə bir sıra ölkələrə yayılmış, dünya miqyaslı bir təriqət halına gəlmişdir. Bu minvalla Xəlvətilik Azərbaycanda qurulmuş, inkişaf etmiş və buradan Anadoluya, Anadoludan Balkanlar, Suriya, Misir, Şimali Afrika, Sudan, Həbəşistan və Cənubi Asiyaya yayılmışdır. Həmçinin bu təriqətin bir çox qolu günümüzdə də Türkiyə, Suriya, Misir, Balkanlar və Şimali Afrika ölkələrində fəaliyyatlərini davam etdirirlər.
Əfsuslar olsun ki, onun hər kəsə örnək ola biləcək həyatı və elmi-nəzəri irsi son vaxtlaradək ciddi elmi araşdırma obyekti olmamışdır. Bu sahədə hökm sürməkdə olan sükunəti yuxarıda qeyd edildiyi kimi hamıdan əvvəl çox görkəmli alim, Mehmet Rıhtım pozdu. Məlum olduğu kimi Mehmet Rıhtımın bu elmi çalışmalarından sonra UNESCO Seyyid Yəhya Bakuvinin vəfatının 550-ci ildönümü münasibətilə 2013-cu ili Seyid Yəhya Bakuvi (Şirvani) ili elan edib. Beləliklə, gec də olsa Seyyid Yəhya Bakuvi irsi beynəlxalq səviyyədə ona layiq olan maraq və diqqət obyektinə çevrildi.
Seyyid Yəhya Bakuvinin elmi və mənəvi şəxsiyyəti, Bakıdakı xanəgahı bir cazibə mərkəzi halına gətirmişdi. Minlərcə insan çox uzaqlardan Bakıya gəlib ondan irfan təlimini, mənəvi elmlərin sirlərini öyrənirdi. Seyid Yəhya Bakuvi öz dünyasında adi bir sufi deyildi. O öz sistemini qurmuş məktəb sahibi bir sufi mürşidi, mütəfəkkir bir müəllif və şairdir. Xəlvətilik onun adı ilə bağlı olmasa da bu məktəbin həqiqi qurucusu o idi.
Xəlvətilikdəki ərbəin və çilə də adlandırılan “Xəlvət” prinsipi sufinin yetişdirilməsində tətbiq edilən psixoloji və pedaqoji bir metod idi. Qırx günlük yalnızlıq daha çox xanəgahda, xüsusi dar bir hücrədə və sufi mürşidin nəzarəti altında gerçəkləşdirilirdi. Burada yemə, içmə, yatma, söhbət kimi nəfsin istəklərinə qoyulan məhdudiyyətlər ilə sufinin öz iradəsini nəzarət altına alması, zikr, təfəkkür və ibadətlə qəlb gözünün açılması, qəlbin mənəvi ilhamları qəbul etməyə uyğun hala gəlməsi məqsədi güdülürdü. Xəlvətilər bu prinsipin yerinə yetirilməsində böyük diqqət göstərər və bunu ildə bir dəfə tətbiq edərdilər. Seyid Yəhya qırx dəfə çilə çıxarmışdı.
Seyid Yəhya yaşadığı çağın gərəklərindən uzaq, xürafələrə boğulmuş, işsizliyi özünə peşə etmiş, boynuna kəşkül asıb dilənçilik edən, cadugərliklə məşğul olan, batini inanclarla ağıl və məntiqdən çıxan, elmi və ağlı təhqir edən mistik anlayışı qəbul etmir. O coşğun və dinamik bir ruh halına, eşq və cəzbəyə sahib olub, quru, ruhsuz bir zahid deyildir. İslam tövhid anlayışının ən inkişaf etmiş şəkli olan və Allahdan başqa bütün varlıqları həqiqətdə var olmayan kölgələr qəbul edən vəhdəti-vücud anlayışına sahib olsa da insanı tanrılaşdırmaq kimi ifratkarlıqlar onda görülməz. “Şəfaül-Əsrar” adlı əsərində müridlərini bunlardan çəkindirmiş, elmi əsaslara bağlı, qəlbi həyatı ilə yanaşı islam inancına görə düzgün yaşayan, ibadətlərini səmimiyyətlə yerinə yetirən və davamlı özünü inkişaf etdirən intellektual bir təsəvvüf anlayışı gətirmişdir. Şirvanşah ilə yaxın münasibətini dəyərləndirərək ona daima ədalət və doğru yol göstərmişdir.
XVI əsrdən etibarən təriqət nümayəndələrinə qarşı edilən təzyiqlərdən Xəlvətiyyə də nəsibini alaraq doğulduğu torpaqlardan uzaqlaşaraq, ona qucaq açan diyarlara getdi. XVI əsrdən sonra Azərbaycan Xəlvətiyyənin mərkəzi olma mövqeyini davam etdirə bilmədi. Zaman keçdikcə əhəmiyyətini itirərək, -Natali Klayerin dediyi kimi- Ömər Xəlvətinin və Yəhya Şirvaninin qəbirlərinin olduğu xanəgahlar, təəssüf ki, Mövlanənin, Hacı Bəktaş Vəlinin, Şeyx Səfinin, Əbdülqadir Gilaninin xanəgahlarında olduğu kimi davamçılarının ziyarət yerinə çevrilmədi.
Seyid Yəhyanın Bakıdakı xanəgah və məscidi Şirvanşahlar sarayı ilə birlikdə bir çox dəfə təxribata uğradı. XIX əsrin əvvəllərində rus işğalı zamanı şəhər ilə birlikdə yağmalanaraq rus ordusunun qarnizonuna çevrildi. Bu müqəddəs məkanda, əsrlər boyu əks-səda vərən Allah, Hay, Hu səsləri yerinə, bu tarixdən sonra rus əsgərlərinin sərxoş nərələri yüksəlməyə başladı. 1918-ci ildə erməni təcavüzkarları tərəfindən təxribata uğrayıb yandırıldı. Sovet dövründə məscid əsas divarlarına qədər tamamilə söküldü. Buradakı şeyx qəbirləri də sökülüb yox edildi. Yalnız Seyid Yəhyanın türbəsi salamat qaldı. Aşağıda verilən qəbr-sənduqə Seyyid Yahya Bakuviyə aiddir.

“Şəfaul Əsrar” kitabını uzun illərin əməyinin bəhrəsi kimi nəşrə hazırlayan tədqiqatçı alim Mehmet Rıhtım əsərin çevirisi ilə yanaşı, onun yorumunu da oxuculara təqdim etmişdir. Seyyid Yəhyanın üslubu saxlanılmaqla əsərin çevirisi və izahlarda son dərəcə dəqiqlik və səliqəliliyə əməl edilib. Mehmet Rıhtım Azərbaycan təsəvvüf tarixinin, özəlliklə Xəlvətilik sufi məktəbinin əsas tədqiqatcılarından olub, Seyyid Yəhya irsinin nəinki Azərbaycanda, həm də dünyada tanıdılması üçün böyük əmək sərf edib, etməkdədir. Belə ki, Seyyid Yəhyanın “Şəfaul Əsrar” əsərinin Türkiyə türkcəsində artıq iki nəşri işıq uzu görmüş, habelə alban və ingilis dillərinə çevirilməsinə başlanmışdır.
“Şəfaul Əsrar” əsəri İslam fəlsəfəsinin nadir əsərlərindəndir. Seyyid Yəhya Bakuvi sanki bu əsərində kamil insanı inşa etmək üçün yol, nizamnamə qoyub getmişdir. Bu yolda, el ağzı ilə desək, şəyirdə (vaxtilə sənətkarların, ustaların yanında işləyib, ona kömək edən və işi öyrənən şəxs) ustad lazım olduğu kimi mərifət axtarışında olana da, mütləq kamil insan, mürşid lazımdır deyən Seyyid Yəhya Bakuvi murada çatmaq üçün elm, ibrət almaq üçün göz, yola girib məqsədə çatmaq üçün isə vasitənin önəmini vurğulayır.
“Şəfaul-Əsrar” əsərində Qurаn аyələri, hədislər və bir sırа sufilərin sözlərinə dönə-dönə mürаciət edilmişdir. Əsərdə diqqət çəkən xüsusiyyətlərdən biri də kitabda yer alan miniatürlərdir. Zikr mövzusu qəlbin rəsmi ilə tamamlanır – beş miniatürdə tutuquşular təsvir olunur; hər ağacda yeddi quş oturur. Aşağıdakı şəkildə “Şəfaul-Əsrar” əsərinin Türkiyənin Süleymaniyyə kitabxanasında saxlanılan nüsxələrindən birinin miniatürlü səhifəsinə baxa bilərsiniz. Burada qeyd edilən yeddi ədəd tutuquşunun müxtəlif cümlələrlə zikr etdiyi göstərilir:

Seyyid Yəhya Bakuvinin təsəvvüfi şəxsiyyəti haqqında söylənəcək çox söz var. O Xəlvətiliyin qurucusu Pir Ömərin önünə keçmiş, təriqətin həqiqi qurucusu qəbul edilmiş, kamil bir murşiddir. Öz хələflərində və dаhа sоnrаkı Xəlvəti şeyхlərində müşаhidə оlunаn bir хüsusiyyət оnlаrın hаmısının intellektuаl təbəqədən аlim şəхsiyyətlər olmalarıdır. Ümumiyyətlə, elmi təbəqəyə mənsub оlаnlаr təsəvvüfə аz meyl göstərirdilər. Аncаq Xəlvətilik təriqəti nümаyəndələri içərisində elm əhli çохdur. Bu, Seyyid Yəhyа Bakuvinin elm sаhibləri üzərində хüsusi təsirini göstərir. Əsərlərində görüldüyü kimi, о, “elmsiz bu yоlа girilməz” - deyərək müridlərini elmi bахımdаn dа yetişdirmiş, təkkəsini mədrəsə hаlınа gətirmiş, əsərlər yazmışdır.
Seyyid Yəhyanın tez-tez vurğuladığı xüsuslardan biri də halal loğmadır. İnsanın mənəvi və ictimai mühitinin düzgün olması üçün halallığın böyük əhəmiyyəti olduğunu deyir. Bir möminin ibadət və dualarının qəbul olmasının, ancaq qazancının halal olmasına bağlı olduğunu qeyd edir və bunu da tez-tez təkrarlayır.
Seyid Yəhya haram yeyəni, tənbəllik edəni, iki günü bir olub, inkişaf etməyəni, olduğu kimi görünməyəni, ibadətini şüursuzca edən qafil abidi, həddini bilməyən cahili, təkəbbürlənib özünü bəyənəni, elmindən sui-istifadə edən alimi, zalım idarəçini, aldadan taciri, dinini satan zahidi, inancı çürük bidətçini, həvavü həvəsini ilah kimi qəbul edəni, dində zəifliyi qınayır və pisləyir.
O cəmiyyətin ancaq cəmiyyəti yönləndirən alimlərin, əmirlərin, din xadimlərinin, qazilərin və tacirlərin düzgün, doğru olacağı təqdirdə düzələcəyini demiş, haqsızlığın, yəni qanuni yoldan qazanılmayan sərvətin və ədalətsizliyin fəlakətlərə səbəb olacağını bildirmişdir.
Seyyid Yəhya Bakuviyə görə sufinin könlü aydın və təmiz ayna kimi olmalıdır ki, mənəvi təcəllilərə məzhər ola bilsin. Könlün bulanıq olma səbəbləri: dünya sevgisi, məqam və hörmət istəmək, əməlinə riya və göstəriş qatmaq, özünü bəyənmək, nəfsinin istədiyi tərəfə meyl etməkdir. Fikirində bunlardan biri olan sufinin könül gözü tutular, görməz olar.
“Şəfaul-Əsrar” Azərbaycan təsəvvüf ədəbiyyatının ən gözəl nümunələrindən biridir. Təsəvvüf sahəsində Azərbaycan dilində yazılmış ilk nəsr edilmiş əsər olmaqla yanaşı həm məzmun, həm də dil baxımından böyük əhəmiyyətə malikdir. Əsər Azərbaycan mədəniyyəti incilərindən biri kimi qəbul ediləcək keyfiyyətdədir. Bu baxımdan sufilik tədqiqatçıları üçün bu əsər mütləq müraciət edilməli olan əsas mənbə mövqeyindədir.

“Şəfaul-Əsrar” dərin bir təsəvvüfi təfəkkür vardır. Əsərdə mürşid‐mürid əlaqələrinə dair şəfqətli bir həkimin xəstəsinin şəfa tapması üçün çırpınışları müşahidə edilir. Xəstə mənəvi dərdlərə mübtəladır. Mürşid həkim onu şəfqətlə qucaqlayır və xəstə ruhunu mərhələ-mərhələ şəfa sirləri ilə müalicə edərək səhhətin zirvəsinə çatdırır. Seyid Yəhya bu əsərində Azərbaycan mədəniyyətinin keçmiş görkəmindən, insani dünyagörüşündən, sülh və rifah dolu keçmişindən xəbər verir.
XIV əsrin sonlarında Şamaxıda doğulan, ömrünün böyük bir hissəsini Bakıda yaşayan, 1463-cü ildə dünyasını dəyişən Seyyid Yəhya Bakuvi özündən sonra çox zəngin, həm də olduqca dəyərli bir elmi-ədəbi və mənəvi irs qoyub getmişdir.
Şair, ədib, dövlət adamı, hətta hökmdarlar kimi müxtəlif mərifət və peşə ərbabını sinəsində toplayan 40-dan artıq şöbəsi, minlərlə xəlifə, on minlərə çatan davamçı və sevənlərilə geniş Osmanlı coğrafiyasına yayılan; Ticaniyyə qolu ilə Sudan Xartum, Tunis, Əlcəzair və Fasa; Gülşəniyyə və Dəmirtaşiyyə qolları ilə Misir, Həbəşistan və Yəmənə; Rövşəniyyə qolu ilə Azərbaycan, İran, Türkmənistan, Əfqanıstan və Hindistana digər sayısız qol və şöbələrilə bütün Anadolu və Balkanlara yayılan Xəlvətilik təriqətinin türk cəmiyyəti və türk insanı üzərində dərin izləri mövcuddur.
Qeyd: Yazıda əsasən Mehmet Rıhtımın bu sahədəki elmi arştırma və məqalələrindən istifdə edilmişdir.

Mövzu ilə bağlı digər bir yazını buradan oxuya bilərsiniz.
 
Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top