Gürcüstanda minlərlə insan seçki qanunundakı dəyişiklikliyi qəbul etməyən iqtidara qarşı mitinq keçirib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə minlərlə insan Parlament binasının qarşısında iqtidar əleyhinə nümayiş keçiriblər. Mitinq iştirakçıları hökuməti verdiyi vədləri tutmamaqda günahlandırıb. Müxalifət liderlərinin də qatıldığı mitinqin Parlament qarşısında günlərlə davam edəcəyi bildirilib. Etirazlar səbəbilə koalisiya hökumətindən 12 millət vəkili istefa etdiklərini açıqlayıb.
Qeyd edək ki, Gürcüstanda hökumət bir neçə ay əvvəl etirazlar səbəbilə seçki qanununda dəyişikliklər etməyi qəbul etmişdi. Ancaq, Parlamentdə səsvermə vaxtı iqtidar tərəfi yeni qanunu dəstəkləməyib. Yeni qanunda mütləq səs çoxluğu majoritar sistemdən nisbi səsçoxluğu majoritar sistemə keçid nəzərdə tutulur. Mütləq səs çoxluqlu majoritar seçki sistemi seçki dairəsi üzrə seçicilərin səslərinin yarıdan çoxunun, yəni 50%+1 səsin toplanmasını tələb edir. Bu sistemə əsasən deputat Parlamentdə seçicilərin yarıdan çoxunun iradəsini təmsil etmək imkanına malik olacaqdır. Namizədlərdən heç biri tələb olunan səs çoxluğunu (50%+1) toplamadıqda, bir qayda olaraq, daha çox səs toplamış iki namizədin iştirakı ilə səsvermənin ikinci dövrəsi keçirilir. Səsvermənin ikinci dövrəsində daha çox səs toplayan namizəd parlamentə deputat seçilir. Nisbi səs çoxluqlu isə majoritar seçki sisteminə uyğun olaraq ölkə ərazisi parlamentə seçilən deputatların sayına bərabər birmandatlı seçki dairələrinə bölünür. Hər bir seçki dairəsindən yalnız bir deputat seçilə bilər. Səsvermə yalnız bir dövrədə keçirilir. Namizədlər sırasından daha çox səs toplayanı parlamentə deputat seçilir.
Ruslan Yusibov