"İslam dinini İndoneziyada yayan şəxs azərbaycanlı olub" - İndoneziyanın Bakıdakı səfiri


"Azərbaycanda İslam dini 7-ci əsrdən etibarən yayılmağa başlayıb. İndoneziyada isə İslam 15-ci əsrdən etibarən yayılıb. Həmin dini İndoneziyada yayan məhz azərbaycanlı - Şeyx Mövlanə Malik İbrahim olub. Onun atası ərəb mənşəli, anası isə azərbaycanlı olub, özü Səmərqənddə təhsil alıb. Səmərqənddən Şərqə doğru səfərə çıxmış və İndoneziyaya çatmışdır. O İndoneziyada Allahın dostu kimi qiymətləndirilib. Onun övladları da İslamı İndoneziyada təbliğ edən böyük din nümayəndələri olublar. Ərazi baxımından İndoneziyadan kiçik olsa da, məhz bu səbəbə görə mən Azərbaycanı İndoneziyanın böyük qardaşı hesab edirəm".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri modern.az-a müsahibəsində İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bey Fanani deyib.
O bildirib ki, Azərbaycanın məşhur din adamlarından Yəhya əl-Bakuvi İndoneziyada çox tanınır: "O, 14-15-ci əsrlərdə Şirvaşahlar sarayında yaşayıb və şirvanşahın məsləhətçisi olub. Yəhya əl-Bakuvi yaşadığı dövr ərzində 330 kitab yazıb və o kitablardan biri “Əsrarül-əxyar” İndoneziyada kifayət qədər çox oxunan kitablardan biridir. Bu kitab seçimlərin və qərarların sirləri haqqındadır. İndoneziyada bu kitab xüsusilə məktəblərdə və mədrəsələrdə istifadə olunur. Azərbaycana çox vurğunam. Təbiəti ecazkar, kişiləri çox yaraşıqlı, xanımları isə çox gözəldirlər. Azərbaycan mənim həyat tarixçəmin bir hissəsinə çevrilib və onu heç vaxt unutmayacam".

DİGƏR XƏBƏRLƏR

Top