"Səhiyyə Nazirliyi əmr imzalayıb, ancaq əməl etmirlər" – Ekspert lazımsız analizlərlə bağlı DANIŞDI


“Bizdə belə protokolların tətbiqi ilə bağlı Səhiyyə Nazirliyi artıq əmr imzalayıb. Amma hələ ki, məsələ tam şəkildə öz həllini tapmayıb”.
Bu sözləri tibb elmləri doktoru, həkim Adil Qeybulla, Azərbaycanda klinikalarda boşuna verilən, təyin olunan, vaxt və pul itkisi hesab edilən analizlər haqqında Yeniavaz.com-a açıqlama verərkən deyib.
O bildirib ki, dünya təcrübəsində hər xəstəliyə uyğun təyin edilmiş analizlər mövcuddur: “Bütün dünyada “check-up” müayinələri var. Məsələn, əgər insanın qaraciyəri və ya ürəyi yoxlanılırsa, onlarla bağlı müvafiq testlər, müayinələr və protokol var. Ona görə də özfəaliyyət olmasın deyə, bu protokollara riayət etmək lazımdır. Əlbəttə bəzən müşahidə olunur ki, həkimlər xəstəlikləri özləri başa düşdükləri tərzdə müayinə etməyə başlayırlar. Bu müayinələrin içində ola bilər ki, həmin xəstəliyə o qədər də aidiyyatı olmayan, əlavə müayinələr də olsun. Belə halların qarşısını almaq üçün bütün dünyada bu cür protokollara riayət olunur”.
Adil Qeybulla bildirdi ki, Səhiyyə Nazirliyi belə halların qarşısının alınması üçün müvafiq əmr imzalasa da buna əməl edilmir: “Bizdə belə protokolların tətbiqi ilə bağlı Səhiyyə Nazirliyi artıq əmr imzalayıb. Amma hələ ki, məsələ tam şəkildə öz həllini tapmayıb. Təəssüflər olsun ki, bu cür faktlar var”.
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top