Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin vəzifələri artırılıb.
Yeniavaz.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamədə edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Agentliyin vəzifələri artırılıb. Agentliyin vəzifələri sırasına uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirmək və aviasiya hadisələrinin monitorinqinin, onlara nəzarətin həyata keçirilməsi və onların qarşısının alınması məqsədilə uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi üzrə məlumatların avtomatlaşdırılmış qaydada toplanması və təhlili sistemini təsdiq, eləcə də tətbiq etmək həvalə olunub.
Qeyd edək ki, indiyə qədər Dövlət Mülki Aviasiya Agentliyin hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə müəyyən edilmiş qaydada razılıq vermək səlahiyyəti olub. Dəyişikliyə əsasən, Dövlət Mülki Aviasiya Agentliyin hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada razılıq verəcək.