Ötən gün Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın avtobus parkının yenilənməsi məqsədi ilə 300 ədəd avtobusun gətirildiyini bildirmişdi. Lakin bir neçə vaxtdır avtobuslar gətirilsə də hələ heç biri xəttə buraxılmayıb. Bəzi KİV-lər isə bunun səbəbini sürücü çatşmazlığı ilə əlaqələndirərək müxtəlif məlumatlar yayır. Məsələ ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayevlə əlaqə saxladıq.
O, Yeniavaz.com-a açıqlamasında avtobusların xəttə buraxılmasında heç bir gecikdirilmə olmadığını bildirdi:
“Məsələ ilə bağlı hər hansı gecikdirilmə yoxdur. Avtobusların böyük əksəriyyəti artıq Bakı şəhərindədir və onlar texniki baxışdan keçir. Eyni zamanda sözügedən avtobuslarda gediş haqqının ödənişi də BakıKartla həyata keçiriləcək. Avtobusların texniki aparatlar, kart oxuyucularla təchiz olunması və ya digər işlər zaman aparan işlərdir. Avtobuslar gətiriləndə də Cənab Prezident İlham Əliyevə də bildirilmişdi ki, il sonuna qədər avtobusların xəttə buraxılması təmin olunacaq. Yəni, bunlar hamısı qrafikə uyğun olaraq aparılır”.
Mais Ağayev eyni zamanda peşəkar sürücülərə də ehtiyac olduğunu vurğulayıb: “İşlər bir neçə istiqamətdə aparılır. Misal üçün bu gün avtobus hansı istiqamətdə xəttə buraxılacaq onunla bağlı təhlil aparılır. Belə hallarda biz mütləq şəkildə vətəndaş müraciətlərini nəzərə alırıq. Vətəndaşlar həm sosial şəbəkələrdən, həm də qaynar xəttə zəng edərək müraciət edirlər. Bunların hamısına baxılır və nəzərə alınır. Bundan başqa sürücülərin kompleksləşdirilməsi istiqamətində də təhlillər aparılır. Bununla bağlı kütləvi informasiya vasitələrindən istifadə edərək sürücü elanları da vermişik. Həmçinin avtobusların xəttə buraxılması üçün kifayət qədər disbetçer də lazımdır. Disbetçerlə bağlı da biz artıq vakansiya elan etmişik. Bəli, peşəkar sürücülərə hər zaman ehtiyacımız var. Çünki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə avtobuslar alınıb, paytaxta gətirilir. Bu sahə dövlətin daim diqqətindədir. Amma dövlətin gördüyü bu işləri əhaliyə çatdıran sürücüdür. Sərnişinlər işçilərlə deyil də sürücü ilə daim təmasda olur. Sürücünün peşəkarlığı, sərnişinlərlə davranışı çox vacibdir. Yəni, bu istiqamətdə gecikdirilmə yoxdur”.
BNA rəsmisi eyni zamanda 39 nömrəli marşrutların yeniləndikdən sonra hələ də kartlaşdırımamasının səbəbini açıqlayıb: “O avtobuslar daşıyıcının özü tərəfindən gətirilən avtobuslardır. Biz daşıyıcılara avtobus parkının yenilənməsi ilə bağlı tələblər qoymuşuq və gətirilən avtobuslar da Nazirlər Kabinetinin 73 saylı qərarına əsasən verilmiş tələblərə uyğun olmalıdır. Daşıyıcılar tərəfindən müəyyən avtobuslar gətirilsə də onlar heç bir tələblərə uyğun gəlmir. 39 nömrəli avtobusa qaldıqda isə əvvəlkinə nisbətən indi daha müasir olduğuna görə, xəttə buraxılmağına icazə verilib. İlin sonuna qədər isə bütün avtobuslar kartlaşdırılmış sistemdə olacaq. Biz bunu sürətli şəkildə etməyə çalışırıq. Gün ərzində avtobusların hamısı xəttə olur, ona görə də bu prosesi hissə-hissə edə bilirik. Çünki, müəyyən texniki işlər var ki, bu vaxt aparır, bizim də cəmi gün ərzində 12 avtobus üzərində iş icra etmək şansımız olur”.
İlahə Hüseynova