"GMO artıq süfrələrimizdə özünə yer edib" - ALİMDƏN HƏYƏCAN TƏBİLİ

 
Yeniavaz.com saytının budəfəki müsahibi onlarla kitabın, üç qarğıdalı, bir tritikali və bir buğda sortunun müəllifi, əməkdar kənd təsərrüfatı işçisi, bioloq, alim Firudin Qurbanovdur.
- Firudin müəllim bu gün yediyimiz kənd təsərrüfatı məhsulları sizi qane edirmi? Xüsusilə xaricdən gətirilən meyvə-tərəvəzdə, ya da bunların xaricdən gətirilən toxumlarında genlərinin dəyişdirilmə hallarına rast gəlirikmi?
- Qanunla geni dəyişdirilmiş orqanizmlərin, GMO-ların ölkəmizə gətirilməsi, onun sortunun, toxumunun gətirilməsi, əkilməsi, becərilməsi, məhsul istehsal edib xalqa satılması qəti qadağandır. Ancaq əfsuslar olsun ki, ölkəmizə də GMO ayaq açmışdır. Bizdə də bir çox bitkilərin geni dəyişdirilmiş sortları, hibridləri, toxumları əkilməyə başlanmışdır. Bir çox sahələrdə geni dəyişdirilmiş bitkilərin sortları, hibridləri, toxumları, onlardan istehsal olunan məhsullara marketlərimizdə rast gəlirik. Hətta geniş çeşidlərlə də satılır. Bunun qarşısının alınması qeyd etdiyim kimi çox vacibdir. Həmçinin, əgər bunlar zərərli olmasaydı əksər ölkələr, o cümlədən bizim ölkədə də buna qadağa qoyulmazdı. Böyük miqdarda cərimələr, hətta həbs cəzasına qədər nəzərdə tutulmazdı. Çünki müşahidələrdən görürük ki, geni dəyişdirilmiş belə bitkilərin gətirilməsi və insanların ondan istifadəsi bir çox fəsadlara gətirib çıxarır. Ən böyük fəsadlardan başlıcaları sonsuzluğun olması, bir çox allergik xəstəliklərin geniş yayılması, ürək və beyin xəstəliklərinin artması məhz bunun nəticəsidir. Belə orqanizmlərlə qidalananda elə mənfi hallar olur ki, onları aradan qaldırmaq ya mümkün olmur, ya da olsa da mənfi fəsadları qalır.
- Firudin müəllim GMO-ların ölkəmizə ayaq açmasının əsas səbəbi nədir?
- Bunun əsas səbəblərindən biri, həmin sortları, həmin sortların toxumlarını ölkəyə gətirən şəxslərin bu sahədə məlumatsızlığı, təcrübəsizliyi və bunun fəsadlarını bilməmələridir. Burada tarixi bir məqam da var ki, 90-cı illərdə uzun bir müddət keçid dövründə qaldıq. Bu zaman insanlarımız övladlarını aqronomluq kimi ixtisaslarda oxutmadı və burada bir boşluq yarandı. Bu gün ölkəmizdə böyük şirkətlərdə, müəssisələrdə çalışan aqronomların, mütəxəssislərin böyük bir qismi əcnəbidir. Xaricdən gələnlər çox yüksək əmək haqqı ilə çalışırlar. Bizdə yerli mütəxəssislərin olmaması bu 20-30 illik arada belə bir boşluq yaratdı. Təbii ki iqtisadi amillər, qazanc əldə etmək kimi amillər bu cür GMO-ların gətirilməsinə, belə bitki sortlarının, hibridlərinin ölkəmizə ayaq açmasına da səbəb olur. Əgər hər hansı yerli sortu əkiriksə, onun bir hissəsini xəstəlik, zərərvericilər, ziyanvericilər və s. məhsul itkisinə gətirir. Ancaq GMO-ları demək olar ki, insandan başqa heç bir canlı yemir, ona yaxın düşmür. Belə olan halda onların məhsuldarlığı yüksək olur. Fermerler də daha çox buna meyil edirlər. Ancaq bunu onlara təlimlərlə izah etmək, televiziya vasitəsi ilə, siz sağolun ki bax belə saytlarla hərəsi müəyyən miqdarda belə məsələləri işıqlandırarlarsa, xalqımızı maarifləndirərlərsə, təbii ki, hər kəs yerli sortlarımıza üstünlük verərlər. Bu sahəyə bir az qayğı göstərmək, bu sahəni inkişaf etdirmək lazımdır ki, insanlar xaricdən gətirilən hibrid sortdansa yerli şəraitdə alınan bizim öz sortlarımızın üstünlüyünü görsünlər.
- Firudin müəllim, xaricdə GMO-lu və təbii bitki toxumlarına qarşı münasibət necədir? Bir də həm xaricdə, həm də ölkəmizdə bu hər iki növ toxumların qiymət fərqləri varmı?
- Xaricdən toxum gətirən bir iş adamı belə deyirdi: “Bu toxum çox yaxşı, sağlam və gözəl görünsə də, bu toxumu aldığım yerdə görünüş olaraq bir az zəif və eybəcər toxumlar var idi, ancaq beş qat daha baha idi. Belə deyək, o zəif və pis görünən toxum 5 manat, mənim aldığım bu çox gözəl görünən toxum isə 1 manat idi”. Həmin bu iş adamları da xaricdən məhz 1 manata başa gələn gözəl görünüşlü toxumları alıb gətirirlər. O ölkələrdə artıq insanlar düzgün maarifləndiyi üçün görünüşə aldanıb bu 1 manatlıq GMO-lu toxumlara meyl etmir, onu alıb əkmirlər. Çünki onlar bilirlər ki, bu geni dəyişdirilmişdir və ekoloji təmiz deyil. Bizim bu “işbaz”lar da 1 manata aldığı həmin toxumları gətirərək 6 manata satır. Soruşanda da deyir ki, “orada toxum 5 manatdı, mən də 1 manat qoyuram”. Halbuki aldığı toxumun 5 manatlıq deyil, 1  manatlıq olduğunu demir. GMO-lu məhsullar gömrük sənədlərində həmişə orqanik kimi qeyd edilir. “GMO deyil” yazılır. Bu da bizim işbazlarımızın toxum aldığı yerlərdə saxta sənədlər düzəltməsi ilə mümkün olur. Bu işbazlar belə məsələlərdə mahirdirlər. Hökümətin çox ciddi cərimə qanunları var, həbs cəzası və digər cərimələri olsa da, buna baxmayaraq bizim işbazlarımız müəyyən yollarla ölkəmizə bu GMO-lu məhsulları gətirə bilirlər.
- Burada milli sortların sıradan çıxmasından söhbət gedir, yoxsa yerli növlərin bazarın tələblərinə, rəqabətə cavab verə bilməməsi kimi bir məsələ var?
- Belə bir misal verim ki, bizim yaratdığımız bir qarğıdalı sortu bir hektardan 15 ton məhsul verir. Deyək ki, bir fermer 1 hektar sahədə yerli sortumuz olan qardağıdalı əkir. Bir hektara da xaricdən gətirilmiş, mənşəyi bilinməyən, yəni geni dəyişilmiş bir qarğıdalı sortunu və ya bir hibridini əkir. Yekunda hesablayanda görürük ki, bu iki sahənin hər birindən 15 ton məhsul alınıb. Sadəcə olaraq qeyd etdiyimiz kimi bu GMO-nu heç bir xəstəlik vurmur, mikrob, virus, zərərverici, ziyanverici bu məhsulu tələf etmir. Yerli sortumuzda isə bu kimi hallarla mübarizə aparmalı oluruq. Bu da məhsulun nisbətən aşağı olmasına gətirib çıxarır. Burada ortaya çıxan balaca bir fərqi görən kimi fermerlər o bir az yüksək məhsuldarlığı olanın dalınca qaçırlar. Ancaq unudurlar ki, o GMO idi, o ziyanlı idi. Mən elə bu günün fermerləri olan keçmiş tələbələrimə də, ümumiyyətlə aqronomluqla məşğul olan şəxslərlə hər görüşümüzdə də bu söhbətləri aparırıq. Az miqdarda məhsuldarlıq fərqinə görə bu kimi GMO-lu sortların dalınca qaçmamağı fermerlərlə görüşlərimizdə həmişə qeyd edirəm.
- Firudin müəllim, sizcə genlərlərlə oynamaq dünyadakı biomüxtəlifliyə zərər vururmu? Genlərlə oynamaq yerli sortları sıradan çıxara bilərmi?
- Hər hansı bir bağda, hər hansı bir ərazidə GMO-lar əkilirsə, o ərazidə olan yabani və mədəni bitkilər tədricən məhv olur. GMO onları sıxışdırır, sıradan çıxarır. Bu həm bizim genofondumuzun məhv olmasına gətirib çıxarır, həm də insanlar belə bitkilərlə qidalananda mənfi hallarla qarşılaşırlar.Rəhmətlik anam həyətimizdə çoxlu qızılgül əkərdi... Bizim həyətimizdə olan qızılgüllər açan vaxtı doğrudan da çöx gözəl qoxu və gözəllik saçırdı. Nə qədər gözəl ətri, nə qədər gözəl iyi olurdu. Ancaq böyük bacım bir dəfə həyətimizə başqa bir yerdən gətirərək gül əkdi. Hansı ki, bu gül gen dəyişiminə məruz qalmış və GMO-lu idi. Həyətimizdə hardasa 40-a yaxın olan o yerli gızılgülün elə birinci il yarısı, ikinci ildən sonra isə hamısı məhv oldu. Bu geni dəyişilmiş qızılgül qar yağana qədər açır, həmişə görkəmi gözəl olur, ancaq heç bir ətri olmurdu. Beləcə geni dəyişilmiş formalar yerli sortları, yerli genefondu məhv edir.
- Firudin müəllim, Azərbaycandan alıcılar geni dəyişdirilmiş məhsul ilə orqanik məhsulu necə ayırd edə bilər?
- Geni dəyişdirilmiş məhsul ilə orqanik məhsulu adi vətəndaş belə baxıb görməsi, seçməsi xeyli çətindir. Bunun üçün təbii son illərdə bir neçə laboratoriyalar qurulub, indi də yəqin ki, eşitdiyimə görə qurulur. Yəni bunu ancaq laboratoriyada analiz edərək dəqiqləşdirmək mümkündür. Bununla yanaşı bir məhsulun GMO-lu olub-olmadığını müəyyən etmənin bir neçə üsulları da var. Ən bəsit yolu elə qurdlardır. Biz öz yerli sortdan olan almanın üzərindəki qurdu götürüb GMO hesab etdiyimiz meyvənin üzərinə qoyuruq və görürük ki, qurd onun üzərində məhv olur. O almanı heç yemir. Ancaq bu tam analiz üsulu deyil, əsas olaraq laboratoriyalarda analiz edib öyrənə bilərik. Bazarda gözəl görünüşlü və GMO-lu meyvə tərəvəzi deyil, elə bizim dağlardan, kənddən-kəsəkdən gətirilmiş o qurd düşən, zədəli meyvələri almalıyıq. Belələrini istifadə etmək daha yaxşıdır.
- Firudin müəllim, yeri gəlmişkən Azərbaycanda milli sortların yetişdirilməsi ilə bağlı sizin də böyük əməyiniz var. Bu barədə məlumat verə bilərsinizmi?

- Azərbaycanda son 30 ildə alınmış qarğıdalı sortlarının demək olar ki böyük əksəriyyəti məhz Aqrar Universitetinin payına düşür. Həmin qarğıdalı sortları “ADAU-80”, “Məhsuldar” və “Gəncə”sortları bu gün geniş ərazilərdə əkilir. Bu sortlar həm yaxşı kütlə tutumuna, həm də məhsuldarlığına görə seçilirlər. Azərbaycanda cəmi bir neçə tritikali sortu alınmışdır ki onlardan biri olan “Qismət” sortu keçən il alınmış və rayonlaşdırılaraq dövlət reystrinə salınmışdır. Həmçinin bu təcrübə sahəsində alınmış “Nurcahan” yumşaq buğda sortu da bu ilin fevral ayında Dövlət Sosial Komissiyasının qərarı ilə rayonlaşdırılaraq rəsmi dövlət reystrinə salınmışdır.Hal-hazırda Aqrar Universitetinin önümüzdəki il 100 illiyi qeyd olunacaqdır. Bu səbəblə də aldığımız yeni bir buğda sortunu “ADAU-100” adlandırmışıq. Bu buğda sortumuz Dövlət Sosial Komissiyasının sınağından müvəffəqiyyətlə keçmiş və ümid edirik ki yüksək nəticələri olduğu üçün də bu il bu buğda sortumuz da rayonlaşdırılaraq dövlət reyestrinə salınacaqdır.
- “Nurcahan” buğda sortuna səhv etmirəmsə sizin ananızın adı verilib.

- Biz bu buğda sortunu ərsəyə yetirib ona ad qoyma məqamında nəvəm, oğlumun qızı dünyaya gəldi. Oğlum və gəlinim mənim anamın adını yəni, nənəsinin adını qoymaq istəyirdilər. Beləcə Nurcahan adını nəvəmə qoydular. Mən də dedim bir halda ki, oğlun sən qızına mənim anamın adını qoyursansa, məndə indi yeni yaratdığımız buğda sortuna sənin qızının adını qoyuram və beləcə də biz bu buğda sortuna müəlliflər qərarlaşıb “Nurcahan” adını verdik. Bəli elə həm anamın adı, həm də nəvəmin adını çox şadam ki, yeni ərsəyə gətirdiyimiz buğda sortuna verdik. Allah bütün valideynləri övladları ilə sevindirsin, bütün övladlara da valideynlərə belə vəfasını nəsib etsin.
- Firudin müəllim, sonda bildiyimiz qədər milli yığmanın baş məşqçisi Qurban Qurbanov sizin yaxın qohumunuzdur, eyni kənddənsiniz.

- Bəli, Qurban Qurbanovla biz əmioğluyuq, bir nəsildənik. Bizim dədə-baba yurdumuz da, evlərimiz də həyətlərimiz də birdir. Qurban bizim gözümüz önündə böyüyüb. Mən onlardan bir neçə yaş böyük idim. Qurban və onun qardaşı Musa uşaqlıqdan futbola meyilli idilər. Bizim valideyinlərimiz isə bizi daha çox oxumağa cəlb edirdilər. Hətta uşaq vaxtı onlara mane də olmuşdum. Çünki kolxozdan tütün əkmək üçün verilən sapla, top düzəldib oynayırdılar. O da oynamaq üçün çox ağır idi. Dediyim kimi lap uşaqlıqdan onlarda bu sahəyə çox böyük maraq və həvəs var idi. Bu gün biz onların bu sahədəki uğurlarına baxıb sevinirik. Sevinirəm ki, uşaqlığımız bir keçib. Onlar həmişə həyətdəki findıq ağacının altında top oynayardılar. Mənim atamsa həmişə stul arxasında oturub kitab oxumağı tələb edərdi. Bu gün isə mənim nəvəm dünyadakı bütün futbol komandalarını tanıyır. Qarabağın bütün oyunlarına atası ilə gedib baxır. Düzdü mənim marağım olmayıb futbola amma nəvəm məni əvəzləyir. Onda da çox böyük maraq var. Yəqin bu kökdən gəlir. Qurbanovlar nəslindən olan Qurban nəinki futbolu, Azərbaycanımızı, Qarabağımızı dünyada tanıdır. Allah Qurbana can sağlığı versin. Dünyada millərlə insanın Qarabağ klubunu tanıması, futbol yarışlarında minlərlə insanın Qarabağ Qarabağ deməsi böyük bir işdir. Qurban bu gün də sevilir, gələcəkdə də seviləcək. Uğurlar arzulayıram.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top