Vəzifəli şəxs: "Aldığımın cəmi 10 faizini özüm yemişəm"


Xəstəliyi olan gəncləri hərbi xidmətdən saxlatdırmaq üçün pul alan vəzifəli şəxs hakim qarşısına çıxarılıb. Ona 5 il azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Yeniavaz.com Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsinin sabiq əməkdaşı Hafiz Ağamalıyev barəsində cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Şahid M.Məlikov ifadəsində bildirib ki, Maştağa qəsəbəsində yaşayır. O, oğlunun ürəyində problem olduğunu deyərək, hərbi xidmətdən möhlət hüququ aldığını bildirib: "Hər üç ildən bir hərbi biletə möhür vurulmalıdır. Sonuncu dəfə hərbi komissarlığa çağırılanda Hafiz Ağamalıyevə 400 manat verdim".

Şahid suallara cavab olaraq bildirib ki, oğlunun möhlət hüququ alması ürəyinin xəstə olması ilə bağlıdır.

Təqsirləndirilən şəxs də bildirib ki, Məlikovun oğlunun ürəyində həqiqətən də qüsur olub.

Hakim onun bu izahına cavab olaraq deyib: "Bəs sənin insaniyyətin harda idi ki, xəstə uşağa görə pul alırdın? Heç olmasa pulu qaytarmısan?"

Şahid isə pulu istəmədiyini deyib.

Şahid Ələsgər Yusifov da bildirib ki, oğlunun komissiyadan keçməsi və hərbi biletinə möhlət hüququ ilə bağlı möhür vurulması üçün H.Ağamalıyevə 400 manat verib. O qeyd edib ki, Hafiz ondan rüşvət almayıb, sadəcə aldadaraq pul alıb. Onun sözlərinə görə, oğlunun mədəsində qastrit olduğu üçün hərbi xidmətdən azaddır.

Təqsirləndirilən Ağamalıyev deyib ki, həmin məbləği qaytarıb. 

Şahid Cavid Dadaşov da bildirib ki, xəstəliklə bağlı möhlət alıb və üç ildən bir hərbi biletə möhür vurdurub.

O, təqsirləndirilən şəxsə pul vermədiyini deyib. Amma məlum olub ki, istintaqda Hafiz Ağamalıyevin beş yüz manat istədiyini deyib.

Məhkəmədə dindirilən şahid Xatun Əzizbəyova bildirib ki, Hafizlə iş yoldaşı olub. O, 22 ildir Sabunçu SHXDX-də ehtiyatda olan zabitlər üzrə müfəttiş işləyir. O bildirib ki, uzaq qohumu təkrar komissiyadan keçməli imiş: "Onu Hafizin yanına göndərdim, sonrakı prosesi bilmirəm. İstintaqa ifadəmi təsdiqləyirəm".

H.Ağamalıyevə dələduzluq, rüşvət verməyə təhrik etmə və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə bağlı ittiham verilib.

İddia olunur ki, o, təxminən on nəfərə övladlarının hərbi xidmətlə bağlı problemlərini həll edəcəyinə söz verib, onlardan pul alıb. Deyib ki, bu pullar daha yuxarı vəzifədə işləyən adamlara çatacaq.

Ona görə H.Ağamalıyev CM-in 178-ci (dələduzluq) maddəsilə yanaşı, həm də 34.312 (rüşvət verməyə təhrik) maddəsilə cinayət məsuliyyətinə cəlb olunub.

H.Ağamalıyev özünü qismən təqsirli sayır.

Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror Ağanalıyevin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Ağamalıyev deyir ki, günahı var, amma prokurorun istədiyi 5 illik cəzaya layiq deyil.

O, sifarişlə həbs olunduğunu vurğulayır: "Mən sifarişlə həbs olunmuşam. Əvvəl-axır bunların rüşvətxorluğu üzə çıxacaq. Mən demirəm ki, heç nə almamışam. Almışam, amma aldığımın cəmi 10 faizini yemişəm. Buna baxmayaraq, mən yenə kişilik elədim, heç kimin adını demədim. Günahım var, amma 5 ilə layiq deyiləm. Atam-anam fəhlə olub, biz ailədə 12 uşaq idik. Su satmışıq, amma həmişə haqq-ədalət axtarışında olmuşuq. Yuxarıda oturanların əməllərini ifşa edirdim, onların fəaliyyəti barədə yuxarılara yazırdım. Buna görə də məni tutdurdular. Mən heç bir vətəndaşı məcbur edib pulunu almamışam".

Vəkili hakimlərdən onun üçün şərti cəza istəyib. Deyir, müvəkkilinin əməlində dələduzluğun tərkibi var, amma rüşvətə təhrikin yox: "Kimə veriləcəkdi rüşvət, bəlli deyil. Kimin rüşvət təklif etdiyi də bəlli deyil. Ümumilikdə zərərçəkmişlərdən alınan məbləğ də çox azdır (təxminən 2 min manat-red.), buna görə adama 5 il həbs cəzası vermək ədalətli olmaz. Üstəlik, şikayətçi də yoxdur. Həyat yoldaşı onkoloji xəstədir, özünün də səhhətində ciddi problemlər var, ahıl yaşdadır. Əməlibdən də peşmandır".

Məhkəmə müşavirədən sonra hökmü elan edib.

Hökmə əsasən 61 yaşlı H.Ağamalıyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, H.Ağanalıyev Sabunçudan öncə Xidmətin Cəlilabad rayon şöbəsində işləyib. 2017-ci ildə Bakıya gəlib.
Onun sözlərinə görə, Xidmətin Sabunçu rayon şöbəsinin rəis müavini İslam Məmmədovla aralarında gərginlik olub.
İ.Məmmədov da bir müddət öncə vəzifəsindən azad edilərək, sərəncama göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top