Doxsanbeşinci ilin qara payızı - FOTOLAR


Elə bil bizi qarğımışdılar. Dərdin birini çəkib qurtarmamış, başqası yaxalayırdı, yaranın biri soyumamış yenisi vurulurdu. 20 Yanvarın, Xocalının, oda qalanmış yurd yerlərimizin ağrısı sanki içimizdə bir dərd ağacı göyərdirdi. 1995-ci ilin qara payızı dərd ağacımızın boyunu bir qol da uzatdı.
Artıq çoxları unudub, bəziləri dumanlı şəkildə xatırlayırlar, elə soydaşlarımız var ki, bu barədə heç məlumatlı deyillər: 1995-ci ilin 28 oktyabrında, saat 17.50-də Bakıda dünyada ən böyük metro qəzası baş verib. "Ulduz"dan  "Nərimanov" stansiyasına doğru hərəkət edən  metro qatarinda qəfil yanğın başlayıb. Bu faciə, rəsmi məlumata görə, 289 nəfər həlak olub həlak olub, 270 nəfər isə yaralanıb. Faciənin böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı olub. Qəzanın əsas səbəbi kimi köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı və maşinistin səhv qərar verməsi göstərilib. Bu qəza "Ginnesin rekordlar kitabı"nın ən dəhşətli metro faciələri siyahısına düşüb.
 
Məktəb həyətində görüş

 
Oktyabrın on səkkizidi. Günəşli, sakit payız günüdü. Belə günlər Bakıda az-az olur. Paytaxtın 20 saylı məktəb-liseyin girəcəyində dayanıb ətrafı seyr edirəm. Bu təhsil ocağı paytaxtın ən böyük orta ümüntəhsil məktəblərindəndir. Bir neçə ildi ki, məktəb üçün müasir bina inşa olunub. Qapalı həyətində geniş meydança var. Xüsusi məktəbli forması geyinən məktəblilər dərsə tələsirlər.
Bir azdan - məktəb zəngindən əvvəl Dövlət Himnimiz səsləndiriləcək və uşaqlar o möhtəşəm musiqinin sədaları altında sayqı duruşu üçün sıralanacaqlar. Bu anlarda məktəbin giriş qapısına yaxın vurulmuş mərmər lövhəyə baxıram. O lövhədən hərbi geyimli cavan bir oğlan sanki mənə baxır və elə bil indicə nəsə deyəcək. Baş leytenant da sanki bu xoş payız səhərinə görə sevinir və məktəbliləri salamlayır. Mərmər lövhədə bu sözlər yazılıb: "Azərbaycanın Milli Qəhrəmanı Çingiz Adil oğlu Babayev bu məktəbdə təhsil almışdır."
Məktəbin həyətində təlim-tərbiyə işləri üzrə direktor müavini Rövşən Şirinov şagirdləri salamlayır və onları sayqı duruşuna dəvət edir. Rövşən müəllim görüşümüzün məramını bilidikdən sonra dedi:
-  Doğrusu, əvvəllər, demək olar ki, hər il 1995-ci ildə baş verən metro qəzası ilə bağlı tədbirlər keçirmiş, məktəbimizin məzunu olmuş baş leytenant, Milli Qəhrəman Çingiz Babayevi, kursantlar- Samir Məmmədov, Ruslan İsayev, Nicat Səfərovu, eləcə də  faciə zamanı həlak olmuş soydaşlarımızı ehtiramla yad etmişik. Həmin xatirə tədbirlərində qəhrəmanların valideynləri və digər əzizləri də iştirak ediblər. Yəqin bilirsiniz ki, daha bir məzunumuz - Arif Hüseynzadə də Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb və hazırda təhsil ocağı onun adını daşıyır.
 
O gün şənbə idi
 
"Bakı Soveti" (indiki "İçərişəhər") stansiyasına doğru istiqamət götürən qatarın sərnişinləri özləri də bilmədən "ölüm reysi"nə bilet almışdılar. İş günü yenicə başa çatdığından vaqonlar dolu idi. Vaqonların birində yaşlıların çoxu oturduqları yerdə mürgü vururdular. Vaqonun qapısı ağzında bir neçə gənc deyib-gülür, qarşıdakı semestr imtahanından danışırdılar. Qapı ağzında dayanmış bir oğlan sevdiyi qızla nəsə danışırdı. Gənc ananın qucağındakı balaca qız şıltaq hərəkətləri ilə ətrafdakıları özünə cəlb edirdi.
Sərnişinlər arasında Cəmşid Naxçıvanski adına Bakı Hərbi Məktəbinin (indiki hərbi liseyin) kursantları da vardı- Samir Məmmədov, Ruslan İsayev, Nicat Səfərov. Onlar hərbi məktəbin bölük komandirinin siyasi-tərbiyə işləri üzrə müavini, baş leytenant Çingiz Babayevlə eyni vaqonda gedirdilər. Gənclər bir neçə gün aralı düşdükləri əzizləri, məhəllə dostları və sabahkı istirahət günü barədə düşünürdülər. Baş leytenant arabir onlara göz yetirir, öz kursantları ilə fəxr edirdi. Çünki onların hər üçü yaxşı oxuyur, komandirlərin verdiyi tapşırıqları layiqincə yerinə yetirirdilər.

Qatar növbəti tunelə yenicə girmişdi. Qəfil gurultu qopdu. Hamı bir anlığa vahimə içində donub qaldı. Sonra qadınların və uşaqların qışqırığı başladı. Kimsə bərkdən deyirdı: "Qatar yanır, qatar yanır!..." Az keçmədi ki, qatı qara tüstü vaqonu bürüməyə başladı. Baş leytenant Çingiz Babayev kursantları səslədi:" Kömək edin qapıları açaq ..." Sonra var gücü ilə yanındakı qapını açmağa çalışdı. Bacarmadı. Kimsə ona kömək etdi və bundan sonra qapının bir layını azca araladı və ayağını oraya saldı. Kürəyin qapıya dayayıb hər iki layı açdı. Vaqona tunelin rütubətli havası axdı. O vaxt itirmədən : "Tunelə tökülün!"- deyə qışqırdı. Samir, Nicat, Ruslan da ona köməyə gəldilər. Onlar qapını bərk-bərk tutub sərnişinlərin tunelə düşməsinə kömək etdilər. Baş leytenant boşalmaqda olan vaqonda ora-bura vurnuxur, tüstüdən boğulanları çəkib tunelə salırdı. Boğucu tüstü artıq onu da əldən salmışdı. Lakin o vaqonda kimsənin qalmaması üçün var gücü ilə çalışırdı. Saniyələr keçdikcə tüstünü alovun qırmızı dilləri əvəz edirdi. Komandir axırıncı dəfə kursantlara tuneldə hərəkət edə bilməyənləri tez aradan çıxarmaq tapşırığı verdi. Özi isə digər vaqonlarda qışqıranları xilas etmək üçün geri döndü.  Bu an kursantlardan biri qışqırdı:" Komandir, qayıdın, daha nəfəs almaq olmur!" Onlar baş leytenanatın bu sözləri eşidib eşitmədiyini yəqin edə bilmədilər. Ruslan güclülərin çətinliklə yerimələri çəkib apardığı ipin ucunu gənc anaya uzatdı və onun qucağındakı körpəni alıb irəli getdi. Bir azdan özünün yıxıldığını hiss edib körpəni yanındakı dolu bədənli kişiyə verdi və tunelin dəmir örtüyünə söykənərək huşunu itirdi...  Ölüm kabusu bu yeraltı dünyanın sərnişinlərini addım-addım izləyirdi. İşıqlı dünyaya isə hələ uzun və üzücü yol qalırdı...
 Azərbaycan Prezidentinin 3 noyabr 1995-cı il tarixli, 506 saylı fərmanı ilə 1995-ci ilin 28 oktyabrında baş vermiş faciə zamanı xüsusi cəsarət və qəhrəmanlıq göstərərək həlak olmuş baş leytenant Çingiz Adil oğlu Babayevə ( 2 oktyabr 1964-ci ildə Bakı şəhərində dünyaya gəlib) Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

Kursantlar 15 yaşlı Nicat Mürvət oğlu Səfərov, 17 yaşlı Ruslan Məmməd oğlu İsayev və Samir Nadir oğlu Məmmədov «İgidliyə görə» medalı ilə təltif olundular.
 
Bağlı qalmış qapı
 
Bir müddət əvvəl dostlarımdan birinin atasının dəfnində iştirak edirdim. Həmin qəbiristanlıqda iri mərmər baş daşı dəfndə iştirak edənlərin  çoxunun diqqətini çəlb elədi. Qara mərmər üzərində  bir ailənin şəkli öz əksini tapmışdı- 5 nəfər idilər. dəfn başa çatdıqdan sonra həmin ailənin ruhuna da dualar oxundu. Kimsə danışdı ki, bu ailə Rusiyada yaşayırmış. Oradakı mənzili satıb Bakıda ev alıblar. Evə köçdükləri günün səhəri Bakını gəzmək üçün metroya minib "Bakı Soveti"nə (indiki "İçərişəhər"ə) gedirlərmi. Qara payızın ölüm küləyi onları da metroda yaxalayıb və ailənin bütün üzvləri həlak olub. Bircə gecə rahat yatdıqları mənzilin qapısı illərlə başlı qalıb...
 
 
  O dəhşəti xatırlayanda ...
 
"Ulduz" stansiyasının ovaxtkı və hazırda Cəfər Cabbarlı stansiyasının rəisi Şaiq Heydərov deyir ki, o dəhşətli faciəni yenidən xatırlamaq mənim üçün çox ağırdır. Çünki həmin dəqiqələri göz önünə gətirəndə sarsılıram. Təxminən saat 5-6 olardı. 27-ci marşrut gəlib stansiyanın ikinci yolunda dayandı. Sərnişinləri götürüb tunelə təxminən 100 metr girəndən sonra partlayış səsi eşidildi. Sonra alışma və yanğın oldu. Partlayışdan sonra artıq stansiyada aləm bir-birinə qarışmışdı.

Həmin vaxt əvvəlcə tez gərginliyi ayırdıq. Dəhşətli hadisə idi, ancaq özümüzü itirməyib həmin yerə qaçıb sərnişinləri xilas etməyə başladıq. Hadisə baş verəndən sonra stansiyada heç kəs qalmamışdı. Partlayışın səsindən, yanğından hamı qaçmışdı bayıra.
Baş leytenant Çingiz Babayev baş verən yanğına və partlayışa baxmayaraq, yaralılara kömək etmək üçün mənə yaxınlaşdı. Onun yanında bir kursant da vardı. Onlarla birgə cəld tunelə düşdük və bir istiqamətdə onlar, digər istiqamətdə mən getdim. Yanğın baş verən hissədə əlimiz çatan, çıxara biləcəyimiz bütün sərnişinləri çıxardıq...
Qeyd edək ki, Ş.Heydərov hadisədən sonra psixoloji travma alıb və uzun müddət müalicə olunub: “Ölən və yaralı o qədər idi ki… Vaqonlarda qalan digər sərnişinləri Nərimanov rayon Polis İdarəsinin işçiləri gəlib çıxardılar. Hadisədə “Koroğlu” stansiyasının növbətçisi və “Xətai” stansiyasından iki işçi, həmçinin depoda olan bir neçə metro işçisi də həlak olmuşdu. Yanğın baş verdiyindən qatı tüstü var idi. Hadisə zamanı  mən də zəhərlənmişdim. Sonra psixoloji sarsıntı yaşadım və 6 ay müalicə aldım. İndi də tunelə düşəndə hər küncdə yatan meyitlər gəlir gözümün önünə”.
Ş.Heydərov onu da əlavə etdi ki, hadisədən sonra metrodakı işindən ayrılanlar da oldu.  Hadisənin şahidi olan Akif adlı bir polis işçisi var idi. O hadisədən sonra metrodakı işindən ayrıldı. Həmişə deyirdi ki, gördüklərimdən sonra burada işləyə bilmərəm.

O sanki baxışları ilə bacısını ovutmağa çalışırdı
 
Çingiz Babayevin atası Adil müəllimlə illər əvvəl eyni nazirlikdə işləmişik. Ucaboy, təmkinli insan idi. Mən gənc olsam da arabir nahar fasiləsində Cıdır meydanının qarşısındakı meydançada gəzişərdik. 95-ci ilin qara payızından sonra bir dəfə zəngsiz-filansız Adil müəllimin evinin qapısını döydüm. Yeganə oğlunun həlak olması onu yaman üzmüşdü...

Srağagün yenə Adil müəllimgilə getmişdim. İlk baxışda mənzildə məni cəlb eləyən Milli Qəhrəman Çingizin və onun yanında qara haşiyəli çərçivədə Adil müəllimlə ömür-gün yoldaşının birgə şəkilləri oldu.
Adil müəllimin qızı Aida xanım kövrəlmişdi. Mən isə Çingiz haqda sual verməyə tələsmirdim. Daha doğrusu, söhbətə necə başlayacağımı düşünürdüm. Yaxşı ki, söhbətə Aidə xanım özü başladı:
- Bir qardaş, bir bacı idik. Məndən yeddi yaş böyük idi. Bacı qardaşlıqdan əlavə, həm də dost kimi idik. Nə sirri olsaydı əvvəlcə mənə deyərdi. Nəcib, xeyirxah, vətənsevər insan idi. Dostları, zabit yoldaşları, kursantları və digər tanışları da həmişə onun haqqında xoş sözlər deyirdilər.
Çingiz cəbhəyə könüllü getmişdi. Nümunəvi xidmətinə görə neçə il sonra onu "N" saylı hərbi hissəyə qərargah rəisi göndərmişdilər. Sonra da hərbi məktəbə təyinat verdilər. Atam kimi ucaboylu, yaraşıqlı zabit idi. O, sanki məktəbi, kursantları ilə nəfəs alırdı. Arabir məni də hərbi məktəbə aparırdı. Orada zabit yoldaşları, kursantlar qardaşıma hörmətlə yanaşırdılar. Mən qardaşımla fəxr edirdim.
Bir qış günü Bakıya bərk qar yağmışdı. Onda Çingiz Politexnik İnstutunda tələbə idi. Biz axşam məhəlləmizdəki balaca bağa qartopu oynamağa çıxmışdıq.  Gördük ki, yaşlı bir kişi qarın içində uzanıb qalıb. Çingiz dedi ki, mən bu kişini tanıyıram, riyaziyyatçı-alimdi, yaxşı da şahmat oynayır. Tək yaşayır, son vaxtlar da içkiyə qurşanıb. Dostu ilə kişini qaldırıb üst-başını təmizlədilər və evinə apardılar.
Qardaşım haqqında o qədər şirin xatirələrim var ki. Hər biri yadıma düşəndə xəyallar məni xoşbəxt günlərimizə aparır. Atam, anam, qardaşım və mən süfrə başında oturub nahar edə-edə gördüklərimizdən, oxuduqlarımızdan danışardıq...
Mən inanıram ki, Çingiz o qəzadan sağ çıxsaydı belə, yenə hansı məqamdasa həyatını insanlar üçün, Vətən üçün qurban verərdi. Çünki o, sanki xeyirxahlıq və qəhrəmanlıq üçün doğulmuşdu...
Aida xanım danışdıqca mən yenə Çingizin işıqlı və məğrur çöhrəsinə baxırdım.  Həmin anda mənə elə gəldi ki, o baxışları ilə bacısını ovutmağa çalışır.
 
Nadir kişinin ailəsində indi nəvə Samir var
 
Qəhrəman kursant Samir Məmmədovun atası Nadir kişi uzun illər A. Allahverdiyev adına Gəmi Təmiri Zavodunda işləyib. Hazırada mənim qardaşımla 20 saylı məktəbdən yuxarı bir məhəllədə yaşayır. Bu günlərdə həyətdə Nadir kişi ilə rastlaşdıq. Yanında yeniyetmə bir oğlan vardı. Dedi ki, Kamilin oğlu Samirdi, səkkizinci sinifdə oxuyur. Samir bizdən ayrılıb evə qalxdı. Nadirlə xeyli söhbətləşdik. O, bildirdi ki, oğlumun qırxında bir balacaboy kursant mənə yaxınlaşıb dedi ki, əmi, Samir olmasaydı yəqin ki, indi mən yaşamırdım. Onun dediyinə görə, yanğın başlayan kimi Samir vaqonun pəncərəsini təpiklə vurub sındırıb və onu qucağına götürüb tunelə atıb. Arxasınca da qışqırıb ki, aşağıda orada qocalara, qadınlara kömək ol.
Mən o kursantdan soruşdum ki, bəs Samir niyə səninlə gəlmədi. O dedi ki, sən oğlunu tanımırdın, o heç vaxt başqalarını o dəhşətin içində qoyub gəlməzdi. O belə oğlan idi...
Aldığım məlumata görə o qatarda 24 kursant olub. 21 nəfəri güclü zəhərləndiklərindən xəstəxanada müalicə alıblar, 6 ay öskürəkləri kəsməyib.
Nadir kişi onu da dedi ki, bu il də hərbi məktəbdə  və metronun “Ulduz” stansiyasında, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Babayevin büstü qarşısında keçiriləcək anım mərasiminə dəvət edilib.
 
Onları da xatırlayaq!
 
Metro faciəsindən bir həftə sonra Naxçıvandan Bakıya uçan TU-134V təyyarəsinin qəzaya uğraması nəticəsində 51 soydaşımız həyatını itirdi...
95-ci il qara payızından 24 il ötür. O illərdə itirdiyimiz onlarla soydaşlarımız haqda düşünəndə, metro faciəsində və təyyarə qəzasında həlak olmuş çoxsaylı soydaşlarımızı da xatırlamaq, onların ruhuna dualar oxumaq xoş olar. Allah onlara rəhmət eləsin, ruhları şad olsun! Qoy Uca yaradan xalqımızı belə qara payızlardan hifz eləsin!

 Səməd Məlikzadə
 "Kaspi" qəzeti, 26 oktyabr 2019-cu il.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top