"Prezident nəzarətə götürməsə, məhkəmə Elinanın özü haqqında hökm çıxarardı" – Aslan İsmayılov


“Belə çıxır prezident nəzarətə götürməsə, bu məhkəmə sistemi Elinanın özü haqqında hökm çıxardardı”.
Bu sözləri tanınmış hüquqşünas və vəkil Aslan İsmayılov Yeniavaz.com-a Elina Hacıyevanın direktoru Sevinc Abbasova haqqında Səbail rayon Məhkəməsində çıxarılan hökmə münasibət bildirərkən deyib:
“Elinanın intiharı ilə bağlı baş verənlər heç bir əndazəyə sığmayan qanunsuzluqdur. Nəzərə almaq lazımdır ki, prezident bu işi nəzarətə götürmüşdü. Onda belə çıxır prezident nəzarətə götürməsə, bu məhkəmə sistemi Elinanın özü haqqında hökm çıxarardı. Yəni bu vulqarlıqdır, başqa adı yoxdur”.
Hüquqşünas həmçinin məhkəmənin Sevinc Abbasova haqqında çıxardığı hökmün, məhdudlaşdırmanın tələblərinə uyğun tənzimləndiyini deyib: “Sevinc Abbasovanın 23:00-dan 07:00-a kimi evdən çölə çıxmasına qoyulan qadağa, məhdudlaşdırmanın tələblərinə uyğun tənzimlənib. Bu təzə qəbul olunmuş formadır və heç ona nəzarət edən də yoxdur. Necə tənzimlənməsini də çoxları bilmir. Burada qanunsuz heç nə yoxdur. Sadəcə hökmün özü qanunsuzdur”.

Milli Məclisin deputatı Fazil Mustafa isə Yeniavaz.com-a açıqlaması zamanı bildirdi ki, Sevinc Abbasovaya verilən cəza ciddi məhdudlaşdırmadır:
“Onun 2 il müddətinə azadlıqdan məhrum edilməsi normal cəzadır. Azadlığın məhdudlaşdırılması həm də o deməkdir ki, xarici ölkələrə gedə bilməyəcək. Rayonlara gedə bilməyəcək, getsə belə axşam evində olmalıdır. Bu da onun istirahət hüququna təsir edən bir amildir. Ona görə də bu özü elə ciddi məhdudlaşdırmadır. Həm də o Elinanın ailəsinə maddi təzminat ödəməli olacaq”.
Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. S.Abbasovaya yaşadığı evdən 23:00-dan 07:00-a qədər çıxmaq qadağan olunub və o elektron qolbaq taxacaq.
Mülki iddiadan 18 min 500 manat (maddi ziyana görə 8 min 500 manat, mənəvi zərərə görə 10 min manat) direktordan tutularaq Elinanın anasına ödəniləcək.
 
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top