Mingəçevir su anbarında qanunsuz ov alətləri müəyyən olunaraq sahilə çıxarılıb


8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin Su Nəqliyyatında Polis İdarəsi Mingəçevir polis xətt məntəqəsi ilə birgə təşkil etdiyi reyd Mingəçevir su anbarında keçirilib. Zəngin və çeşidli balıq ehtiyatları ilə tanınan su hövzəsində balıqçılığın inkişafına ciddi problem yaradan sintetik torların və digər ov alətlərinin müəyyən edilməsi məqsədilə reyd iştirkçıları xüsusi qayıqlarda əraziyə baxış keçirib.
Reyd ərzində hövzənin bir sıra istiqamətlərində, həmçinin sahil zolağına yaxın ərazilərdə xeyli miqdarda sintetik torlar aşkar edilib. Torlar və qanunsuz ov alətləri suda istifadə olunan halda və sahildə qurulmağa hazır vəziyyətdə müəyyən olunub. Torlar balıqlarla və balıqsız şəkildə sudan çıxarılaraq sahilə toplanıb. 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Samir Abdullayev bildirib ki, reyd ərzində 5 min metrdən artıq sintetik tor və digər qanunsuz ov alətləri yığışdırılaraq aidiyyati məntəqəyə daşınıb. Onun sözlərinə görə, qanunsuz ov alətlərindən istifadə halları ilə bağlı müvafiq inzibati tədbirlər görüləcək. İdarə nümayəndəsi onu da bildirib ki, başlanılan birgə reydlər növbəti günlərdə də davam etdiriləcək.
Qeyd edək ki, reyddə FHN nümayəndələri də iştirak edib.

Esmira Hidayəova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top