Anar Heybətov: “Gözəl xanımdır, modeldir seriala çəkirlər, baxırsan ki, biabrçılıqdı” - VİDEO


Yeniavaz.com
-un budəfəki müsahibi Respublikanın Əməkdar artisti, Prezident təqaüdçüsü Anar Heybətovdur. Sözügedən müsahibəni təqdim edirik:
 
- Öncə sənətə gəlişinizdən danışaq. Bildiyim qədərilə xalq çalğı alətləri şöbəsinin tar sinfini bitirmisiniz. Necə oldu ki, aktyor oldunuz?
- Valideynlərim təkid etdi ki, konservatoriyaya sənədlərimi verim və musiqinin ardınca gedim. Əslində isə mən özüm istəmirdim. Amma konservatoriyaya imtahan verdim və kəsildim. İnana bilməzsiniz həmin an sevincimin həddi hüdudu yox idi ki, mən konservatoriyaya qəbul ola bilmədim. Amma növbəti il yəni, 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə hazırlaşdım, imtahandan da keçdim. Burada Azərpaşa Nemətovun kursuna, dram və kino aktyorluğuna qəbul oldum. 1999-cu ildə də oranı bitirdim və həmin il Azərpaşa Nemətov məni Akademik Milli Dram Teatrna gətirdi. O vaxt burada Elçin Əfəndiyevin “Mənim ərim dəlidir” tamaşasında mənə kiçik rol verildi və o vaxtdan bəri burada çalışıram.
- Hələ də tarda ifa etməyi bacarırsız?
- Bir ara tarım yox idi. Amma 35 yaşında mənə tar hədiyyə etdilər. İndiyə qədər də hələ qalıb o tar. Hərdən ürəyim istəyəndə səsini çıxardıram (gülür).
- 90-cı illərin “7...17” adlı telemüsabiqəsi var idi. Həmin illər yaddaşınızda necə qalıb?
- O illər xatirələrimdə yaxşı qalıb. Bizim ordan dostlarmız var idi, indi də var. Ordan bir çox gənclər üzə çıxdı, məşhurluq qazandılar, indi də sənətlə məşğul olurlar. Amma “7...17” verlişində sırf özüm olaraq bir şey etməmişəm. Musiqiçi kimi, dost kimi kömək olmuşam.

- Həmin illərdən söz düşmüşkən. Sizcə keçmiş və dünyasını dəyişən aktyorlardan kimlərin yoxluğu hiss olunur?

- Mən deyərdim hamısının. Bir balaca özümü o barədə şanslı sayıram. Mən onların əksəriyyəti ilə həm tamaşa da oynamışam, həm birlikdə də işləmişəm. Allah rəhmət eləsin Yaşar Nuri, Səyavuş Aslan, Fuad Poladov, Əliabbas Qədirov, Kamal Xudaverdiyev... Ola bilər kimlərinsə adlarını unudaram. Onların hamısının yoxluğu hiss olunur. İstəyərdik ki, həyatda olsunlar yenidən tərəf müqabili  olaq, yəni bizim onlardan öyrəndiyimiz çox şey olub.
- Səhnədə olub mu ki, ssenarini unudub özünüzdən sözlər əlavə etmisiniz?
- Olub, amma özümüzdən söz əlavə etməmişik, həmin dəqiqə yada düşüb. Biri bu yaxınlarda oldu. Düzdü sonra özünə də dedim, güldük. Allah can sağlığı versin Respublikanın xalq artisti Hacı İsmayılova. “Ölülər” tamaşasında Kefli İsgəndəri oynayıram, Hacı İsmayılov da “Mirzə” müəllimi oynayır. Tamaşada “Mirzə” müəllim mənim balaca qardaşıma dərs deyir. Orda tamaşanın əvvəlində söz var, “Mirzə hər kəsin ki, elmi var, onun hörməti yoxdur. Hər kəsin ki, hörməti var, onun elmi yoxdur”. Bilmirəm yəqin bu bir çox aktyorlarda olub amma məndə bir-iki dəfə olub belə bilr şey. Elə bil həmin vaxt “hörmət” sözü yaddaşımdan silindi. Bilirəm həmin vaxt nə deməliyəm, amma “hörmət” sözü ağlıma gəlmir. Bir saniyə ərzində tapdım ki, vəziyyətdən necə çıxa bilərəm (gülür). Üzümü Hacı müəllimə tutub dedim ki,  “Hə Mirzə hər kəsin ki, elmi var, onun nəyi yoxdur?” istədim o desin “hörməti” məndə davamını gətirim. Hacı İsmayılov da qayıdıb mənə dedi ki, “Nə bilim” (gülür) . O, nə bilimi deyəndə o söz qeyri-ixtiyari yadıma düşdü və davam elədik. Tamaşadan sonra vəziyyəti Hacı müəllimə deyirəm. Deyir ki, “Doğrudan elə oldu?” (gülür) Özünün də çox yadında deyil səhnədə belə bir şey baş verib. Yəni, belə şeylər olur, amma yaddan çıxmasa daha yaxşıdı.
- Çəkildiyiniz seriallardan danışaq. İlk dəfə hansı seriala çəkilmisiniz?
- İlk dəfə “Bəyaz Həyat” serialına çəkilmişəm. Daha sonra  “Dronqa” serialına çəkilmişəm. Səhv xatırlamıramsa 10 bölümdən ibarət idi. Rejissor Zinovi Royzman idi. Moskvadan gəlmişdilər. Ondan sonra Bakı Film Studiyasının çəkdiyi “Qaydasız döyüş” teleserialında çəkildim. Orda mənfi obrazda idim. Baş leytenant obrazı. Ondan sonra olub “Pərvanələrin rəqsi”, “Tufanlı səma”, “Sən olmasaydın”.

- Ən yadda qalanı hansı olub?

- Mənim üçün hamısı. Amma eşitdiyimə görə daha çox “Qaydasız döyüş”, “Pərvanələrin rəqsi” və ötən il “Sevgi naminə” adlı serial var idi, bunlar sevilib. Digər seriallarımız olanda da eşitmişəm ki, baxılır və sevilir. “Qaydasız döyüş” serialının 4 yada 5-ci bölümü idi səhv etmirəmsə. Üç-dört cavan polis idi. Biri yaxınlaşdı, başa düşmədim zarafat etmək istəyirdi ya necə amma sonradan ciddiyə çevirdi söhbəti. “Polislərin adını batırırsan”deyərək mənə yaxınlaşmağa başladı. Dedim ki, “Niyə ki, nə edirəm ki?” Ola bilər sən elə deyilsən, o  biri elə deyil. Amma o dövrdə də polislərin içərisində mənfi xarakterli olan olub.  Belə bir mübahisəmiz düşmüşdü, yanındakılar da çalışırdı ki, vəziyyəti yumşaltsınlar, zarafat edirdilər amma biri çox ciddi idi. Hətta məni də özümdən çıxartmışdı. Kənardan 2-3 nəfər də bizə qoşuldu sonra sakitləşdirdilər.
- Bəzi aktyorlar onlara verilən rolu seçim etmədən birmənalı şəkildə oynamağa məcbur olurlar. Siz də beləsiniz ya imtina etdiyiniz rollar olub?
- O əslində rola baxır. Rol gərək aktyoru maraqlandırsın, onu sevə bilsin, nəsə görə bilsin o rolda. Baxırsan görürsən yüngül bir roldu, sənə uyğun deyil, maraq yaratmır.  O anda nəsə deyə bilərsən. Təbii bunu teatrda etmək mümkün deyil, sənə rol verilibsə onu ifa etməlisən. Yəni, burda imtina etmək hüququn yoxdur. Amma seriallardan bir neçə dəfə olub ki, mən də imtina etmişəm.
- Mənfi obrazları canlandırarkən heç içinizdə qorxu yaranıb mı ki, tamaşaçının ağlında elə qalarsız?
- Yox, qətiyyən o barədə düşünməmişəm. “Qaydasız döyüş” serialı ərəfəsində yolda gedərkən tamaşaçıdan o nifrəti hiss eləmişəm. Belə hal mənim daha çox xoşuma gəlirdi. Yəni nifrəti yarada bilmişəm onlarda. 
- Məlumdur ki, hazırda seriallara daha çox “viner”lər, “youtuber”lər çəkilir. Aktyorluğu bitirənlər isə arxa planda qalır. Bunun səbəbi nədir?
- Məncə serial çəkənlər “viner”lər və “youtuber”ləri ona görə çəkirlər ki, onların baxış sayı çoxdur. Yəni, filmi, serialı paylaşanda efirlərdə reytinqləri yüksək olsun. Elə reytinq vermək, öz-özünü aldatmaq kimi bir şeydir. Düşünürəm ki, peşəkər aktyorları çəksələr daha yaxşı keyfiyyətli film çəkərlər.
- Hətta aktyorluğu bitirməyən sıravi insanların da filmlərə çəkildiyini görürük.  Sizcə aktyor olmaq üçün bu sənəti bitirmək şərtdir?
- O nadir hallarda ola bilər ki, aktyorluğu bitirməsin amma istedadı olsun. Hətta yaxşı rejissorun əlinə düşməlidir ki, ondan istifadə edə bilsin, işlədə bilsin. Bir az xarici görkəmi var, yaraşıqlı oğlandır, gözəl xanımdır, modeldir və ya hardasa kamera qarşısına çıxıb çalışıblar. Bunlar elə düşünürlər ki, biz seriala çəkilib tamaşaçının istədiyini ona göstərə bilərik və onlar da artıq “bizdə serial var” sözünü deyə bilər. Səhəri gün çəkilirlər seriala və baxırsan ki, çox biabrçılıq.
- Həyatda aktyorluq etdiyiniz olub mu?
- Belə yadıma gəlmir amma bəzi hallarda ola bilsin olub. Ola bilər ki, kimləsə danışırsan hiss edirsən ki, artistlik edir. Onda çalışırsan ki, ona deyəsən biz imtahan verib universitetə girmişik (gülür).

- Bəs xoşlamadığınız bir aktyorla eyni səhnəni oynayardınız?
- Ola bilər. Onun səhnəyə heç bir aidiyyatı yoxdur. Danışmadığımız adam da ola bilər ki, biz səhnədə tam normal qucaqlaşa, görüşə, öpüşə bilərik.
- Sənət camiyəsindəki dostluqlara inanırsınız?
- Aktyorun aktyor dostu müəmmalı gəlir mənə. Mənim yaxın dostlarım var amma onlar bu sahədən olsa da aktyor deyillər. Yəni belə bir şey də eşitməmişəm ki, bu aktyorla o biri aktyor ayrılmaz dostdurlar. Bu onun üçün belə fədakarlıq edər, o bunun üçün belə fədakarlıq edər. Düşünürəm ki, olmaz.
 - “Sinema gözəli Azərbaycan”da münsif olmusunuz. Bəs Anar Heybətov üçün gözəllik anlayışı nədir?
- “Sinema gözəli Azərbaycan”da  əsasən gənclərin aktyorluq bacarıqlarına baxılırdı. Gözəllik baxımından isə surətpərəst birisiyəm. İstər qız istərsə də oğlan olsun gözəl olduğu zaman boynuma alıram ki, gözəldir. Gözəllik anlayışını müxtəlif cür anlamaq olar. Bəzən elə bir əməl edərsən ki, onun gözəlliyi insanı valeh edər. Yəni, gözəlliyi çox şeyə şamil etmək olar.

- Aktrisa və aktyor olmaq üçün gözəllik önəmlidir ya istedad?

- Əsas insanlıqdır. İnsanın qəlbi gözəl olanda o üzünə də yansıyır. Ola bilər  biri gözəl və baxımlı olmasın, amma sənəti ilə elə ciddi məşğul olar ki, bu zaman həmin aktyor insanlara gözəl kimi görünə bilər.
- Son olaraq yeni işləriniz barədə danışaq...
- Hazırda Əli Əmirin  “Şah Qacar” tamaşası repertuarda var. Burada Qacarın qardaşı Cəfərqulu xanı oynayıram.  Daha sonra Cəlil Məmmədquluzadənin “Ölülər” tamaşasında  Kefli İsgəndər rolunu oynayıram.  Son tamaşamız  Mikayıl Müşfiq və Dilbər xanımın  həyatından bəhs edən  Əli Əmirin  “Ah bu uzun sevda yolu” tamaşasıdır.
- Bəs serial yoxdur?
- Xeyr. Düzdür, təkliflər oldu amma müəyyən mövzularda razılaşmadıq deyə  qəbul etmədim. Sonra da düşündüm ki, bu mövsüm dincəlsəm yaxşıdır. Qismət olarsa gələn mövsüm ya digər mövsümlər də bu barədə düşünmək olar.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top