Fazil Mustafa: Əgər Azərbaycanda AES tikiləcəksə, bu Qarabağda olmalıdır


Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin görüşündən sonra gündəmə gələn əsas mövzulardan biri də Azərbaycanda Atom Elektrik Stansiyasının (AES)  tikilib tikilməyəcəyidir. Putin Azərbaycan tərəfinə təklif edərək bildirdi ki, əgər istəsəniz ölkənizdə AES qura bilərik. Mütəxəssislər Atom Elektrik Stansiyasının Azərbaycana hər il milyardlarla manat qazandıra biləcəyini həm də ölkəmiz üçün güclü enerji mənbəyi olacağını bildirirlər. Bəzi eksperlər isə deyir ki, əgər AES Azərbaycan üçü bu qədər önəmlidirsə niyə belə bir təklif məhz Rusiya tərəfindən edilib? Digər tərəfdən AES-lərin olduqca təhlükəli olduğunu, bunun Azərbaycana zərər verəcəyini deyənlər də az deyil. Bütün bu məsələləri Millət Vəkili Fazil Mustafa və Azərbaycan Milli Elmlər Akademiyasının Milli Nüvə Tədqiqatlari Mərkəzinin sədri Adil Qəribovla danışdıq.
Fazil Mustafa Yeniavaz.com-a açıqlamasında bildirdi ki, əgər Azərbaycanda Atom Elektrik Stansiyası tikiləcəksə bu Qarabağ torpaqları işğaldan azad edildikdən sonra orada inşa edilməlidir:
"Rusiyanın təklifi ancaq bu kontekstdə bizim maraqlarımıza uyğundur. Bəhs edilən stansiya üçün ən uyğun məkan Dağlıq Qarabağ ərazisidir. Bunun üçün erməni işğalçıları torpaqlarımızı tərk etməlidir. Rusiya ilə dost ölkə kimi ancaq həmin ərazidə Atom Elektrik Stansiyası tikə bilərik. Başqa bir bölgədə bu mümkün deyil. Əgər Azərbaycanın başqa bir bölgəsində tikilməsi məsləhət olsa idi, biz özümüz onlara təklif edərdik. Bəhs edilən stansiya üçün ən uyğun ərazi ancaq Dağlıq Qarabağdır. Əgər torpaqlarımızdan çıxsalar ermənilər də orada tikiləcək Atom Elektrik Stansiyasından istifadə yararlana bilər. Bu Ermənistanın özü üçün də xeyirlidir".
Bəs Azərbaycanda Atom Elektrik Stansiyası tikilərsə bunun ölkəyə hansı müsbət və mənfi cəhətləri var?
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Nüvə Tədqiqatlari Mərkəzinin sədri Adil Qəribov saytımıza bu barədə açıqlamasında bildirdi ki, AES tikilsə, Azərbaycanın enerji təhlükəsizliyi təmin olunacaq və hazırda enerji istehsal etmək üçün istifadə edilən qazın satışından ölkəyə təxminən 1 milyard  manata yaxın xeyir gələcək:
"Mənfi cəhətlərinə gəldikdə isə yəqin ki, hamınız gözləyirsiniz ki, partlayacaq və sair deyəcəyəm, bəli köhnə nəsil reaktorlarda bu təhlükə var idi. Ancaq, Azərbaycanda belə bir stansiya tikilərsə yəqin ki, ən müasir reaktorlar olacaq. Bu səbəbdən köhnə reaktorlar qədər təhlükəli olmayacaq. Müasir reaktorlarda bütün mənfi hallara qarşı tədbirlər görülüb. Onlarda passiv müdafiə sistemi var. Belə sistemə sahib olan reaktorların partlamaq riski çox azdır. Cənab prezident bugün qərar versə belə AES 10 ildən çox müddətə tikilib təhvil verilə bilər. Ancaq qeyd etmək lazımdır ki, böyük kapital tutumlu tikintidir. Bu siyasi qərarı yalnız ölkə başçısı verə bilər. Ancaq, bu məsələ hələlik kəskin şəkildə gündəmdə deyil. Əgər belə bir addım olsa birinci bizim qurum bilməlidir. Hələlik ortada sadəcə təklif var. Rusiyanın burada strateji maraqları var. Onlar istəyirlər ki, stansiyanı özləri tiksin və Azərbaycanda nüvə layihəsini özləri icra etsinlər. İnsan sağlamlığına isə heç bir mənfi təsiri yoxdur. Misal üçün Cənubi Koreyada belə bir stansiyanın yaxınlığında hətta balıq bəsləyirlər".
Dünya təcrübəsinə nəzər salsaq, Atom Elektrik Stansiyası olduqca təhlükəlidir. Bunun ən bariz nümunələri Ukraynadakı Çerobl və Yaponiyanın Fukuşima şəhərində baş verən hadisələrdir. 1986-cı il 26 aprelində baş vermiş Çernobl fəlakətininin təsirləri hələ də davam etməkdədir. Hadisə səbəbilə 100 mindən çox adam dünyasını dəyişib. Yaponiyadakı Atom Elektrik Stansiyası isə 2011-ci ildə zəlzələ səbəbilə zədələnərək partlamışdı. Orada 20 mindən çox insan həlak olmuşdu. 350 mindən çox insan başqa şəhərlərə təxliyə edilmişdi. Hər iki hadisənin baş verdiyi yerdən təxminən 30 kilometrlik məsafə hələ də xüsusi nəzarətdə saxlanılır. Dünyada isə Atom Elektrik Stansiyası əvəzinə günəş enerjisindən istifadə yolunda addımlar atılmağa başlanılıb. Hazırda günəş enerjisi Atom Elektrik Stansiyası ilə eyni səviyyədə olmasa da bu istiqamətdə əsaslı işlər görülür. Günəş enerjisi həm insan həyatı üçün təhlükəsiz həm də gələcək üçün daha faydalıdır.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top