Ağdaş rayon Polis şöbəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhərdəki Maqsud Şeyxzadə adına TTHT Gimnaziya və 7 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
Yeniavaz.com xəbər verir ki, “Diqqət uşaqlar” adlı tədbirin keçirilməsində məqsəd, uşaqların yol hərəkəti təhlükəsizliyi ilə bağlı bilik və bacarıqlarını üzə çıxarmaq, onları yol hərəkəti qaydalarına riayət etməyə təşviq etmək və zəruri vərdişlər aşılamaq olub.
Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi rəisi Qəmərov Natiq və baş inispektor Natiq Həsənov yollarda piyadaların vurulmasının ciddi narahatlıq doğurduğunu və DİN rəhbərliyi tərəfindən respublika üzrə belə görüşlərin keçirilməsi barədə göstəriş verildiyini bildiriblər.
Məktəblilərə piyadanın vəzifələri, küçə hərəkəti qaydaları, təhlükəsiz davranış vərdişləri barədə geniş məlumat verilib. Tədbir təhsil müəssisəsinin qarşısında yerləşən yolda sona çatıb. Şagirdlərə piyada keçidindən istifadə qaydaları əyani şəkildə göstərilərək, onlara hərəkətin təhlükəsizliyi barədə tövsiyyələr verilib.
Pərviz Əliyev, Ağdaş