"Tısbağa yerişli" mətbuat xidmətlərinə niyə çata bilmirik? - Zenon paradoksu...


Jurnalistlərin əsas məqsədlərindən biri və bəlkə də birincisi informasiyanın operativ şəkildə oxuculara çatdırmaqdan ibarətdir. Xüsusilə elektron informasiya vasitələrindən bu qədər geniş istifadə olunduğu bir dövürdə mətbuat orqanları arasında "xəbəri daha tez yaymaq" uğrunda ciddi rəqabət mövcuddur. Lakin, bir-çox hallarda mətbuat orqanlarının "xəbəri daha tez yaymaq" istəyinə mane olanlar da ortaya çıxır.
Yeniavaz.com xəbər verir ki, Azərbaycanda mətbuatın informasiyaları operativ şəkildə oxuculara çatdıra bilməməsində əsas maneə dövlət qurumlarının mətbuat xidmətlərində çalışan şəxslər tərəfindən törədilir.
Əsas vəzifələri mətbuata vaxtında və operativ şəkildə məlumat verməkdən ibarət olan bəzi mətbuat xidmətləri çox vaxt bunun əksini edirlər.
Jurnalistlərə vaxtında məlumat verməməklə, ya da ümumiyyətə məlumat verməməklə mətbuat xidmətləri nəinki öz vəzifə öhdəliklərini yerinə yetirmirlər, eyni zamanda Azərbaycan qanunlarının tələblərini pozurlar.
"Kütləvi informasiya vasitələri haqqında"Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsində açıq şəkildə yazılır ki, kütləvi informasiya vasitələri (KİV), yəni mətbuat orqanları cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz.
Qanunun 8-ci maddəsində daha sonra qeyd edilir:
- İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər.
- Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.
Onu da qeyd edək ki, qanunda göstərilən müddət "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsində belə təsbit olunub:
-  İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir.
-  Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.
-  İnsan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) təqdim edilir.
-  Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir.
"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunun 25-ci maddəsində isə belə qeyd olunub: 
-  İnformasiya sahibi həddən çox sorğu aldıqda və bu səbəbdən informasiyanı hazırlamaq üçün əlavə vaxt tələb olunduqda və ya sorğunun mahiyyətini dəqiqləşdirmək, yaxud informasiyanın aydınlaşdırılması üçün çoxsaylı sənədləri araşdırmaq lazım gəldikdə, o, bu Qanunla nəzərdə tutulmuş icra müddətini əlavə olaraq 7 iş günü də uzada bilər.
-  İnformasiya sahibi sorğuçuya müddətin uzadıldığı barədə səbəblərini göstərməklə 5 iş günü ərzində məlumat verir.
Qeyd olunanlardan da göründüyü kimi, hər kəsin, o cümlədən də jurnalistlərin məlumat alma hüququ və məlumat alma vaxtı Azərbaycan qanunlarında açıq və hər kəsin başa düşəcəyi şəkildə yazılıb.
Lakin, təəssüflə qeyd etmək lazımdır ki, bəzi mətbuat xidmətləri və onlara rəhbərlik edən şəxslər, o cümlədən də xidmətin əməkdaşları Azərbaycan qanunlarına açıq şəkidə hörmətsizlik etmək naminə olsa belə mətbuatın onlara ünvanladığı suallara cavab vermirlər. Onların bir-çoxu isə uzun zamandır "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin pozaraq şifahi sorğulara (telefon zənglərinə) cavab verməyərək, yazılı sorğulara cavab verəcəklərini bildiriblər. Ancaq nə qədər qəribə olsa da, bəzi mətbuat xidmətləri yazılı sorğulara belə cavab vermirlər.

Azərbaycan qanunlarına açıq şəkildə hörmətsizlik edən mətbuat xidmətlərinin sırasında kimlər var?
Yeniavaz.com olaraq 10 və 27 iyun 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Mətbuat xidmətinə ünvanladığımız yazılı sorğuya hələ də cavab verilməyib. "Azərbaycan qanunlarına niyə hörmətsizlik edirsiniz?" sualımıza cavab almaq üçün Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehova etdiyimiz zənglərə isə baxılmır.
Qanunda göstərilən müddətdə şifahi və yazılı sorğumuza cavab verməyən mətbuat xidmətləri arasında Müdafiə Nazirliyinin mətbuat xidməti (rəhbəri Vaqif Dərgahlı), Səhiyyə Nazirliyinin Mətbuat xidməti (rəhbəri Pərviz Abubəkirov), Gömrük Komitəsinin mətbuat xidməti (Natiq Axundov), Penitensiar xidmətin bu sahəyə məsul şəxsi (Mehman Sadıqov) xüsusi "fəallıqları" ilə seçiliblər. Özəl qurumlar arasında isə "Bakcell" şirkətinin mətbuat xidmətini də (Süheyla Cəfərova) xüsusi qeyd etmək lazımdır.
Jurnalistin sorğusuna cavab verməyənlər ola bilsin ki, bu hərəkətlərinə görə məsuliyyət daşıdıqlarından xəbərsizdilər. Amma qeyd etmək lazımdır ki, "İnzibati Xətalar Məsəlləsinin" 374-cü maddəsində nəzərdə tutulanlar məhz onlara şamil olunmalıdır:
- İnformasiya sahibi tərəfindən açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

P.S. Əminəm ki, yuxarıda yazdıqlarımız bir çox insana məşhur yunan filosofu Zenonun "Axilles və tısbağa" paradoksunu xatırlatdı. Bildiyimiz kimi Zenon paradoksunun mahiyyəti belədir ki, əfsanəvi qəhrəman Axilles nə qədər sürətlə qaçsa da tısbağaya çata bilməz. Məşhur filosofa görə tısbağa da hərəkətdə olduğu üçün Axilles onun olduğu yerə çatdığı zaman tısbağa da mütləq irəli getmiş olacaq və bu sonsuza kimi belə davam edəcək.
Belə görünür ki, İnformasiya Kommunikasiya Texnologiyaları nə qədər inkişaf edirsə-etsin, xəbər saytları dediyimiz elektron media nə qədər operativ olursa-olsun, sosial media bir saniyədə məlumatları dünyanın bir ucundan o biri ucuna çatdırır-çatdırsın yenə də adlarını qeyd etdiyimiz mətbuat xidmətlərinin "sürətinə" çata bilməyəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top