"Qarabağ əlillərinə əl qaldırmaq olmaz!" - Şəhid zabit Raquf Orucovun xanımı


Azərbaycan dövlətinin Qarabağ əlilləri, müharibə iştirakçılarına olan qayğısı daim hiss edilib. Ölkə Prezidentinin qeyd edilən kateqoriyadan olan vətəndaşlarımızla bağlı verdiyi fərman və sərəncamlar da bunun əyani sübutudur. Təəssüf ki, bəzən hansısa qurumun Qarabağ qazilərinə, müharibə iştirakçılarına qarşı sərgilədiyi ögey münasibət cəmiyyətdə aqressiya doğurur.

Yeniavaz.com xəbər verir ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid zabit Raquf Orucovun xanımı Sevinc Alıyeva modern.az-a bildirib ki, Qarabağ əlilləri, şəhid ailələri cəmiyyətdə ən hörmətə layiq şəxslərdir:

 “Hər bir kəs onlara hörmət etməyə, sayğı duymağa borcludur. Amma bir şəhid ailəsi olaraq mən bu sayğının birinci özüm özümə göstərməliyəm. O adı bizə qoyub gedənlərin ruhu xatirinə özümüzə hörmət etməyi bacarmalıyıq”.

S.Alıyeva deyib ki, Qarabağ əlilinə qarşı hansısa aqressiv münasibət göstərmək doğru deyil. O, müharibə insanlarının problemlərini münaqişəsiz həll etməyin tərəfdarı olduğunu vurğulayıb:

“Hər şeyi hüquqi müstəvidə həll etmək lazımdır, zopa ilə deyil. Hanısa məsələ ilə bağlı yanlışlıq  varsa, belə hallar məhkəmə iclaslarında həll olunmalıdır. Lakin Qarabağ qazisi, şəhid ailəsi də bu adı hər yerdə istifadə edə bilməz, buna haqqımız yoxdur. Ümumiyyətlə, bu addan sui-istifadə edənlər də var ki, düzgün deyil. Mən çox dərin təəssüf hissi keçirirəm”.

DİGƏR XƏBƏRLƏR

Top