Məhərrəm ayının mahiyyəti ilə bağlı MÜSAHİBƏ


Hər il olduğu kimi bu il də Məhərrəm ayı ölkəmizdə əlamətdar bir ay və günlər olaraq qeyd edildi. Bu ayla bağlı bir sıra tədbirlər, seminar və konfranslar verildi, televiziyada verilişlər hazırlandı. Biz də yeniavaz.com saytı olaraq bu ayın mahiyyəti, Məhərrəm ayında baş verən hadisələr, buradan günümüz adına ala biləcəyimiz dərs və ibrətlərlə bağlı Azərbaycan İlahiyyat İnstitutunun müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədova bəzi suallar soruşduq. Həmin müsahibəni sizə təqdim edirik:
- Məhərrəm ayının İslam aləmində əlamətdar olmasının hansı səbəbləri var?
- Məhərrəm ayının haram ayları arasında yer alması, məhz bu ayda hicrət hadisəsinin baş verməsi və hicri təqvimin başlanğıcı olması səbəbindən müsəlmanlar üçün xüsusi əhəmiyyətə malikdir. İslam aləmində hər il hüzn və kədərlə qeyd edilən Aşura günü Həzrət Peyğəmbərin “dünyadakı reyhanım” adlandırdığı Həzrət Hüseynin (ə) şəhid edilməsi də bu aya təsadüf edib.
- Məhərrəm ayını, sadəcə, hicri təqvim ilinin başlanğıcı olmasına görə əlamətdar hesab etmək mümkündürmü? Ümumiyyətlə, zaman və məkanı öz-özlüyündə dəyərli hesab edə bilərik, yoxsa sadəcə, içində yaşanan hadisələrə görə o an və məkan bir dəyər ifadə edir?
- Təbii ki, Məhərrəm ayı hicri təqvimin başlanğıcı olması səbəbindən əlamətdardır. İslam tarixini, hadisələri, ehkamları doğru anlamaq, bilmək üçün hicri təqvimini bilməyə ehtiyac var. İslam dininin mənbələri əsasən buna dayanaraq yazılmışdır. Məhərrəm ayında, həmçinin Aşura günündə Həzrət Hüseynin zülmə baş qaldıraraq şəhid olması kimi İslam aləminə təsir etmiş faciə də var.
Qeyd edək ki, dinin özündə də bəzi günlərin bəzi günlərdən, bəzi ayların bəzi aylardan üstün olduğu qeyd edilir; məsələn: Qədr gecəsinin min aydan xeyirli olduğunu “Qurani-Kərim” vurğulamışdır. Eləcədə bəzi vaxtlarda, yerlərdə olunan duaların qəbul ediləcəyi də dini mətnlərdə bildirilir. Mühüm hadisələrin baş verdiyi zaman və məkanları isə dəyərlərimiz nöqteyi-nəzərindən önəmli hesab edə bilərik.
- Məhərrəm ayının 10-cu günü olan Aşurada baş vermiş, xüsusilə əvvəlki peyğəmbərlə bağlı bir sıra tarixi hadisədən bəhs edilir. Həmçinin Aşura günü Kərbəla hadisəsinin yaşandığı bir gün kimi də tarixə düşüb. Aşura günündə baş verənlərin təsiri və izlərinin günümüzə qədər gəlib-çatanının Kərbəla hadisəsi olduğunu deyə bilərikmi?
- Aşura sami dinlərində müqəddəs gün hesab olunub. Belə ki, bəzi peyğəmbərlərin həyatında mühüm hadisələr baş verdiyi üçün sami dinlərin mənsubları Aşura gününü oruc tutaraq qeyd etmişlər. Qüreyşdə cahiliyyədə bu gündə oruc tutulur. Osmanlı türklərində də Aşura günü “Aşura”adlanan bir halva bişirib-paylamaq əsrlərdir, adət halına gəlmişdir.
Hicri 61-ci ildə Kərbəla hadisəsinin də Aşura günü baş verməsi xüsusi olaraq bu günün əhəmiyyətini artırmışdır. “Hər il Aşura Həzrət Hüseynin (ə) şəhid edilmə günü olaraq xatırlanmışdır”, – deyə bilərik. Bu hadisə İslam aləminə dərindən təsir etmişdir.
- Bədr savaşına qatılan səhabələr arasında Yezid ismində şəxslər olmuşlar. Kərbəla hadisəsinədək bir çox “Yezid” adına rast gəlirik; yəni bu ad normal bir şəkildə istifadə edilib. Sonrakı dövrlərdə, sanki bu ad silinib, insanlar bu addan imtina ediblər. Bütün İslam aləmində müsəlmanların bu addan imtina etmələrinin səbəbi kimi, Yezidin Kərbəla çölündə törətdiyi bu faciəyə görə olduğunu deyə bilərikmi?
- “Yezid” qədim ərəb adıdır, eləcə də çox yayılmış bir isim olduğu məlumdur. Kərbəla hadisəsində Həzrət Hüseynin (ə) qatili olduğu üçün bu hadisə ilə düşüncələrdə şərin əlaməti sayılmış və İslam aləmi bu addan imtina etmişdir. Xalq arasında da su verməyənə “Yezid olma, Yezidlik eləmə” kimi zərb-məsəllər mövcuddur.
- Söhbət Bədr savaşından düşmüşkən, tarixçilər Bədr savaşı ilə Kərbəla hadisəsi arasında əlaqə axtarırlar. Yezidin Kərbəla hadisəsindən sonra, “Bədrin intiqamını aldım”, – deyə bir söz söylədiyi rəvayət olunur. Bu barədə bir qədər məlumat verə bilərsinizmi? Yezidə görə söhbət hansı intiqamdan gedirdi? Məgər Bəni-Ümeyyə, Haşimi rəqabəti yenidən ortaya çıxmışdı? Yəni ərəblər arasında belə davrananlar varmı?
- Kəbənin idarəsinin hər zaman Qüreyşin oğulları olan – Əbdüddar və Əbdümanaf oğulları arasında rəqabətə səhnə olduğu mənbələrdə mövcuddur. Sonradan bunlar “mütayyəbun” və “əhlaf” qrupu dediyimiz qruplaşmalar şəklində təzahür etmişdir. Haşim oğulları hacılara xidmət yönündə fəaliyyət göstərərkən, Bəni-Üməyyə döyüş meydanında öz sözünü demişdir.
Həzrət Peyğəmbərlə bu vəziyyət dəyişmiş, bütün qəbilələr birləşdirilmiş, qəbilə üstünlüyü ortadan qaldırılmışdır. Hər kəs bir-birinin qardaşı elan olunmuş, Mədinə nümunəsi, yəni ənsar mühacir qardaşlığı ilə ortaya qoyulmuşdur. Fəqət, zaman-zaman qəbiləçilik meydana gəlməyə başlasa da, Həzrət Peyğəmbər “Siz hələ mən aranızda ikən cahiliyyə çağına dönmək istəyirsiniz”, – deyərək hadisələrə yerində etiraz bildirmişdir. Yezidin “Bədrin intiqamını aldım”, – dediyi barədə rəvayət bəzi mənbələrdə mövcuddur. Dövr ziddiyyətli hadisələrlə müşayiət olunduğu bir zamanda, Əməvilərin öz tərəfdarlarını iş başına gətirdikləri həqiqətdir. Yezidin Həzrət Hüseynin öldürülməsinə peşman olduğunu söylədiyi, hətta ibn Ziyada belə iş tutduğu üçün lənət etdiyi rəvayətlər də mövcuddur. Bunun isə doğru olmadığı tarixi faktlarla meydana çıxır. İbn Ziyad Yezidin valisi olmuşdur, bu səbəbdən, Yezidin onu cəzalandırması mütləq idi. Hadisədən sonra isə ibn Ziyadın səlahiyyətləri daha da artırılmışdır.
Tarix hadisələr meydanıdır. Oradakı söyləntilər, sözlər isə subyektiv xarakter daşıyır. Bu sözlər tarixçinin də fikri ola bilər, Əməvilərə nifrət edənlərin uydurmasıda. Elmi olan isə məsələyə obyektiv baxaraq ehtiyatlı yanaşmaqdır. Məsələyə ağılla baxmalıyıq, çünki Yezidin belə söyləməsi özünə qarşı üsyanı başlatması deməkdir. Nəticədə,Yezid xilafətin başındadır. Belə olduqda ona deməzlərmi: “Sən necə möminlərin əmirisən ki, Bədr döyüşündə müşrikləri dəstəkləyirsən?” Bu sözü deyib-deməməsindən asılı olmayaraq, onu Əhli-Beytə qarşı münasibətində intiqamçılıq hissinin və qəbiləçilik təəssübkeşliyinin olduğunu demək mümkündür.
- Bir deyimdə söylənilir: “Minarəni oğurlayan onu örtməyə, onu gizlətməyə də bir yer tapar”. Yəni nə qədər böyük bir şey oğurlasan da, deməli, onu gizlətməyə yerin var! Kərbəla faciəsi həm o gün, həm də bugün böyük təsirə malik olmuş, ümmətin bağrına saplanan bir qılınc mahiyyəti daşıyır. Sizcə, o böyük hadisəni ört-basdır etmək üçün həm Yezid, həm də Əməvi hakimiyyəti hansı yollara əl atdı? Bu hadisədən daha bir neçə əsr sonraya qədər Əməvi hakimiyyətinin davam etdiyini nəzərə alsaq, Kərbəla hadisəsinə görə özlərinə haqq qazandırmaq üçün dini arqumentlərdən istifadə edilibmi?
- Əslində, coğrafi yer adı olan Kərbəla bütün İslam tarixi alimlərinin və tədqiqatçılarının ümumi görüşünə əsasən, Bəni-Üməyyə və tərəfdarlarının bəsirətsizliyi, fərasətsizliyi və hissiyyatsızlığı nəticəsində meydana gələn bir faciə olaraq tarixin səhifələrinə həkk olunmuşdur.
Yezid məsələyə dövlət içində özünə üsyan kimi baxırdı və Həzrət Hüseyni baqi, yəni qiyamçı adlandırırdı.
Kufədə Həzrət Hüseynin adına beyətlər alınmışdır. Kufə valisi dəyişdirilib yerinə Übeydullah ibn Ziyad gəldiyi zaman, onun birinci işi məsciddə minbərə çıxıb xütbə söyləyərək, Həzrət Hüseynin xəlifəyə qarşı üsyan etdiyini Qurana və hədislərə əsaslanaraq isbatlamaq olmuşdur. Yezidlə Həzrət Zeynəb arasında tarixin qeyd etdiyi dialoqa baxdıqda, görərsiniz ki, hər iki tərəf Qurandan ayələr oxuyaraq fikirlərini əsaslandırır. Ona görə də söylənən hər fikir buna əsasən deyilirdi. Hər iki tərəf dini dəlillər gətirmişdir. Biz bu məsələdə Həzrət Hüseynin haqlı olduğunu söyləyir, Həzrət Zeynəbin əsaslandırmasının dini baxımdan doğru, Yezidinkinin isə yalan olduğunu vurğulayırıq.
Həzrət Hüseynin şəhid olması ört-basdır edilməyə çalışılsa da, alınmadı. Məkkədə, Mədinədə yaslar başlandı. Yezidin xilafəti uzun sürmədi bir neçə il sonra dünyasını dəyişdi. Xilafət Əməvilərin Mərvani qoluna keçdi. Xilafətin hər tərəfində hərəkatlar başlandı. Təvvabun hərəkatı ortaya çıxdı, Abdullah bin Zübeyr Məkkədə xilafətini elan etdi. Muxtar əs-Səqəfi ortaya çıxdı, Həzrət Hüseynin (ə) qatilləri öldürüldü. Əməvi xanədanı yıxılmaqda idi, lakin son anda xilas oldu. Mərvan hakimiyyəti təslim etmək istəsə də, ibn Ziyadın təkidi ilə mübarizəyə davam etdi. Beləliklə, xilafət Yezid qolundan Mərvani qoluna keçdi. Həzrət Hüseynin şəhid edilməsi bu xanədanın hakimiyyətinin sonunu başlatdı.
- Bakıda Bibiheybətdə və Gəncədə İmamzadədə Əhli-Beyt nəslindən gələnlərin qəbirləri var. O gözəl insanları bu tərəflərə hansı səbəblər gətirmişdir? Hansı təzyiq və basqılar Əhli-Beyt mənsublarının xilafət mərkəzindən kənar yerlərə köç etmələrinə səbəb olmuşdur?
- Həzrət Peyğəmbər öz Əhli-Beytini İslam ümmətinə əmanət kimi qoyub getmişdir. Əhli-Beytin fəziləti İslamda böyükdür. Həzrət Peyğəmbərdən sonra onun bu vəsiyyətinə ümmətinin əməl etdiyini görürük, Əhli-Beyt baş üzərində tutulmuşdur. Yezid zamanında Əhli-Beytlə yaxşı davranılmamışdır. Bunun səbəbini tam olaraq söyləmək çətindir, çünki Yezidin xilafətinin ilk dövründə Əhli-Beytə təzyiq güclü olmuşdur. Həzrət Hüseynin şəhadətindən sonra xalqdan, üsyandan qorxaraq təzyiqin azaldığı məlum olur. O ki qaldı Əhli-Beytin ölkəmizə gəlməsinə, Əhli-Beyt mənsubları və səhabə dünyanın hər tərəfinə getmişdir. Bunu Həzrət Peyğəmbərin həyatından dərs olaraq almışlar. Onları buraya gətirən də məhz bu amal olmuşdur.
- Bir tərəfdən görürük ki, elə Kərbəla hadisəsi başda olmaqla, Həzrət Hüseynin, Əhli-Beytin əl-ətəyi siyasətdən, siyasi hakimiyyətdən çəkilir;sanki onlar dünyadan küsdürülür. Digər tərəfdən, elə günümüzədək, sözün əsl mənasında, İslam alimlərinin əksəriyyətinin kökü gedib Əhli-Beytə çıxır. Buradan belə bir qənaətə gəlmək olarmı: “Cənab Allah (c.c.) Əhli-Beyt soyuna Yezidin sahib olduğu 5-6 illik siyasi səltənətdənsə, qiyamətə qədər davam edəcək mənəvi bir səltənət bəxş etmişdir”.
– Həzrət Peyğəmbərin ən böyük mirası, şübhəsiz ki, elmdir. Həmçinin Allah Rəsulu “Sizə Əhli-Beytimi qoyub gedirəm”, – buyurmuşdur. Həqiqətən, Əhli-Beyt Həzrət Peyğəmbərə yaxın olması səbəbindən, onun sünnəsini ən doğru anlayan, bilənlər olmuş və aralarından böyük alimlər yetişmişdir.
Qeyd edim ki, Əməvilər dönəmində xilafət təkrar Abbasilərin əlinə keçmişdir. Allahın Əhli-Beytin nəslinə bərəkət verdiyini söyləyə bilərik. Dünyanın hər tərəfində Əhli-Beyt mənsublarını görmək, dəyərli alimləri ilə rastlaşmaq mümkündür.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top