Gecə reysləri fəaliyyətə başlayır


Sabah - oktyabrın 1-də 9 illik fasilədən sonra şəhərlərarası istiqamətdə ilk gecə reysi üzrə avtobuslar yola düşəcək.

Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində test rejimində iri tutumlu, müasir, komfortlu, Almaniyanın “MAN” şirkətinə məxsus Neoplan avtobusları xidmətə başlayacaq.

Gecə reysləri zamanı təhlükəsizlik qaydalarına tam əməl edilməsi məqsədilə hər iki istiqaməti dar hərəkət zolaqlarından ibarət olan, xüsusilə dağ relyefli avtomobil yollarında daşımaların həyata keçirilməsinə yol verilməyəcək. Uzaq məsafələrə nəzərdə tutulan marşrutlar üzrə avtobuslara iki sürücünün təhkim olunmasına dair tapşırığın icrası zəruri olacaq.

Qeyd edək ki, test rejimi payız və qış ayları boyunca davam edəcək. Növbəti ildən ehtiyac yaranarsa, prosesə yeni daşıyıcılar cəlb olunacaq.

Xatırladaq ki, Nazirlər Kabineti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) gecə reyslərinin bərpasına dair təklifinə razılıq verib.
Bildirək ki, 2010-cu il may ayının 6-dan Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzaldan (hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksi) şəhərlərarası istiqamətdə uzaq məsafələrə yola düşən avtobusların qrafikində dəyişiklik edilib. Tapşırığa əsasən gecə saatlarında avtobusların Bakıya doğru və əks istiqamətdə hərəkətinə qadağa qoyulub, saat 01:00-dan 06:00-dək isə sürücülərin istirahət vaxtı kimi müəyyən edilib və Bakıdan müxtəlif istiqamətlərə gedən avtobusların yola düşmə vaxtı saat 20:00-dan sonra məhdudlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top