Təhsil Nazirliyinin məktəblərdə pul yığımının qarşısını almağa gücü çatmır - Ekspert


"Orta məktəblərdə şagirdlərdən müxtəlif bəhanələrlə pul yığılır".
Bununla bağlı Yeniavaz.com-a müraciət edən övladı orta məktbədə oxuyan valideynlər bildirir ki, müxtəlif adlarla məktəblərdə pul yığılır. "Fond pulu", xadimə, təmir və s. adlarla pul yığıldığını deyən valideynlər bildirir ki, yığılan bu pulları verməyə məcbur olurlar: "Heç kəs övladının başqa uşaqlardan seçilməsini istəmir. Bunu həm də ona görə edirik ki, sinifdə uşaqlarımıza qarşı ayrıseçkilik olmasın. Ona görə də, yığılan pulları verməyə məcbur oluruq. Hər sinifdə valideynlər arasından bir nəfər seçilir, həmin valideyn pul yığmaq və digər işlərdə təşkilatçılıq edir".
Təhsil eksperti Nabatəli Qulamoğlu isə Yeniavaz.com-a açıqlamasında bildirdi ki, bunun başlıca səbəbi məktəb müəllimlərinin məvaciblərinin az olmasıdır:
"Bu məsələnin bir əsas səbəbi var, bir də törəmə səbəbləri. Baş səbəbi ondan ibarətdir ki, müəllimin məktəbdə məvacibi azdır, onu qane etmir. O verilən məvaciblə ailəsini dolandıra bilmir. Əgər o aldığı maaşla ailəsini dolandırsa mən inanmıram ki, müəllim gedib uşağa əl açsın. Uşağa əl açmaq çox rəzil, utancverici bir haldır. Mən elə müəllimlər tanıyıram ki, bunu lap fəxrlə edirlər. Necə deyərlər, özü üçün böyük hünər hesab edir. Yəni iş o dərəcəyə çatıb ki, artıq sırtıqlaşma həddinə gəlib çıxıb".
N. Qulamoğlu bu işdə Təhsil Nazirliyinin heç bir rolunun olmadığını iddia etdi: "İkinci səbəbini isə vaxtilə Misir Mərdanov deyib. O vaxtlar Ramiz Mehdiyev Misir Mərdanovu tənqid etmişdi ki, bəs məktəblərdə rüşvət alınır. M. Mərdanov çox konkret cavab verdi. Dedi ki, məktəblərdə rüşvəti təşkil eləyən icra hakimiyyətidir. Həqiqətən də belədir. Mən sizi tam əmin edirəm ki, Təhsil Nazirliyinin həmin pulların yığımından xəbəri yoxdur. Yəni o mənada xəbəri yoxdur ki, bu qurum həmin işin nə təşkilatçısıdır, nə də bunu dayandırmağa gücü çatır. Bu işi görən rayon təhsil şöbəsinin müdürləri ilə həmin rayonun icra başçılarıdır. Məktəbin direktorunu da onlar təyin edirlər. Əgər direktor rayon icra başçısının təqdimatı əsasında gedirsə demək ki, ona tabedir. O həmçinin təhsil şöbə müdirinə tabedir. Baxbu üçbucaq karrupsiyanı yaradır. Təhsil Nazirliyinin bu işə heç bir aidiyyatı yoxdur".
Ekspert bu məsələyə nazirliyin müdaxilə etməməsinin səbəbi kimi isə yerli icra hakimiyyətlərindən ehtiyatlanmalarını göstərdi: "Ancaq nadir hallarda bu kimi faktlar ictimailəşən zaman Təhsil Nazirliyi izahat verir ki, məsələ belə olubdur. Ona qədər qorxusundan heç nə demir. Ona görə ki, Təhsil Nazirliyi belə məsələlərdə icra başçılarından ehtiyatlanırlar. İcra başçıları prezident adminstrasiyasının göstərişini yerinə yetirir, nazirlik isə öz kreslosunu qorumağa çalışır".
N. Qulamoğlu bu məsələdə valideyinlərin də təqsirkar olduğunu bildirib.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top