Arıçılardan "bal kimi" təklif: İl ərzində 1 milyard dollar xeyir... - VİDEO


Son vaxtlarda arıçılıq sahəsi Azərbaycanda ən çox inkişaf edən sahələrdəndir. Bu il ölkədə 6 min ton bal istehsal edilib. Ölkədə bala olan tələbat isə təxminən 5 min tondur. Mütəxəssislər bal istehsalının ildən-ilə artdığını söyləyirlər. Ancaq Azərbaycanda bu sahənin inkişaf etməsi üçün ciddi problemlər var. Onların içərisində ən vacibi, ölkədə ümumi tələbatdan əlavə ixrac üçün yüksək məbləğdə balın olmasına baxmayaraq hələ də müxtəlif ölkələrdən bal alınmasıdır. Misal üçün son 7 ayda 70 ton 900 kiloqram bal idxal edilib. Halbuki, 2019-cu ildə Azərbaycanda tələbatdan artıq min ton bal istehsal edilib. Əgər arıçılığa lazımi diqqət və qayğı göstərilsə ölkə büdcəsinə ən çox gəlir gətirən sahələrdən birinə çevrilər. Mövzu ilə bağlı Azərbaycan Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətovla danışdıq.
Azərbaycan Arıçılar Assosiasiyasının prezidenti Yeniavaz.com-a açıqlamasında bildirdi ki, son iki ildə Azərbaycanda arıçılıq gözə çarpacaq dərəcədə artıb: "Əvvəllər hər arı ailəsindən 8-10 kiloqram bal istehsal olunurdusa, indi 13-15 kiloqrama qədər artıb. Azərbaycanda bal sahəsində ən böyük problem idxal məsələsidir. Azərbaycana Ukraynadan, İrandan, Rusiyadan, Türkiyədən və bir çox digər ölkələrdən bal idxal olunur. Bu da arıçılarımıza ballarını satmaqda həddən artıq çətinliklər yaradır. Bu məsələ ilə bağlı cənab prezidentə Arıçılar Assosasiyası tərəfindən məktub ünvanlamışıq. Orada ölkəyə idxal olunan balların məhdudlaşdırılmasını istəmişik. Biz buna dünya təcrübəsində də rast gəlirik. Misal üçün Türkiyə, İsrail, Macarıstan, Serbiya və bir çox digər ölkələr idxal olunan balları artıq dayandırıb. Arıçılıq üçün olduqca əlverişsiz yerdə yerləşən İsrail belə bu gün dünyaya bal ixrac edir. Əgər biz idxalı dayandıra bilsək, ölkədə arıçılıq daha çox inkişaf edəcək".
Bədrəddin Həsrətov bildirdi ki, onların növbəti hədəfi Azərbaycanı bal ixrac edən ölkəyə çevirməkdir: "Ümid edirik ki, yaxın günlərdə buna da nail olacağıq. Ölkəyə həm leqal, həm də qeyri-leqal yollarla bal daxil olur. Bu səbəbdən statistika göstəriciləri tam doğru rəqəmləri əks etdirmir. Əgər ölkəyə bal daxil olmasa rəqabət adına balın qiyməti də aşağı düşəcək. Mən özüm Avropada, Asiyada və dünyanın bir çox ölkələrində yerləşən bal bazarlarında olmuşam. Orada iki kateqoriya bal var. Biri mədəni bitkilərdən (günəbaxan, yonca və s. )  toplanan, digəri isə vəhşi təbiətdən toplanan ballardır. Vəhşi təbiətdən toplanan ballar bitkilərin zənginliyinə görə, daha bahalı bal sayılır. Misal üçün Ərəbistanda sadə ballar 10-20 dollara, Azərbaycan balları kimi ballar isə 140-150 dollara satılır. Bizə öz balımızı dünya bazarında tanımaq lazımdır. Bu istiqamətdə böyük işlər görülməlidir".
Arıçılar Assosiasiyasının prezidenti söylədi ki, hazırda Avropa bazarlarına girməkdə olduqca ciddi problemlər var: "Avropa bazarı bizdən heyvan mənşəli qidalar qəbul etmir. Bu maneənin aradan qaldırılması üçün işlər görülməlidir. Ondan sonra biz rahat şəkildə Avropaya da bal göndərə bilərik. Biz hazırda az-az bal ixracına da başlamışıq. 8 ton Yaponiyaya, 4 ton Dubaya, 3,5 ton Ərəb Əmirliklərinə bal ixrac eləmişik. Hazırda İordaniya ilə danışıqlar gedir, onlara da bal göndərəcəyik. Bunlar hələ ilkin addımlardır. Bu ölkələrdə ballarımız bəyənilsə ixrac prosesi artacaq. Burada qeyd edək ki, Çin arıçılığı ölkələrinə ildə 40 milyard dollar xeyir verir. Biz heç olmasa ölkəmizə illik 1 milyard dollar xeyir verə bilərik. Buna potensialımız var. Əminlikə deyə bilərəm ki, vaxt gələcək arıçılıq aqrar sektorda ən çox xeyir verən sahəyə çevriləcək".

Ruslan Yusibov
 

DİGƏR XƏBƏRLƏR

Top