Gömrük Komitəsinin əməkdaşları məşhur şirniyyat markasını tanımır - Əcaib AÇIQLAMA


Xəbər verdiyimiz kimi, dünən jurnalist Xalid Kazımlı sosial şəbəkə hesabında "Bazarstor" supermarketindən aldığı və üzərində erməni dilində yazılar olan məhsulun -  "Choco Pie" adlı şirniyyatın fotosunu paylaşıb.
Yeniavaz.com xəbər verir jurnalistin paylaşdığı bu foto bir-çox xəbər saytında "Bakıda Ermənistan məhsulu satılır" başlığı ilə yayılıb.
Daha sonra, məsələ ilə bağlı "Bazarstor"un PR və Mareketinq şöbəsinin müdiri Günay Novruzqızı "musavat.com" saytına bildirib ki, bu məhsulu onlara "Nant" firması gətirir. Günay Novruzqızı deyib ki, onlar məhsulun üzərinə baxmayıblar və  3 gün ərzində mağazalardan yığışdırılacaq.
Bundan sonra "Nant" firmasının əməkdaşı  saytlardan birinə zəng edərək  deyib ki, məhsulun üzərində ermənicə yazının olmasının "çox təbii bir haldır".
Ən sonda isə Dövlət Gömrük Komitəsi məsələyə aydınlıq gətirib. Komitənin mətbuatda yer alan açıqlamasında belə deyilir:
"Bu gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakının bəzi mağazalarında "Choco Pie" adlı, guya Ermənistan istehsalı olan qənnadı məmulatının satılması ilə bağlı məlumatlar yayılıb. Azərbaycanın Ermənistanla heç bir ticarət əlaqəsi yoxdur və ola da bilməz. Adıçəkilən məhsula gəlincə isə, "Orion" ticari nişanlı "Choco Pie" adlı qənnadı məmulatları ölkə ərazisində fəaliyyət göstərən müxtəlif idxalçıların ünvanına Rusiya Federasiyasının "Orion İnternational Evro" şirkəti tərəfindən idxal olunub. Belə ki, xarici tərəfdaş 100 brend portfelinə sahib olaraq biskvit, karamel, saqqız və s. kateqoriyalı malların istehsalını həyata keçirən dünyanın ən böyük qənnadı şirkətlərindən biridir və əsas istehsal bazarları Rusiya, Çin, Koreya və Vyetnamda yerləşir. Eyni zamanda, qeyd etmək istərdik ki, Rusiya Federasiyasının Tver və Novosibrisk şəhərlərində şirkətin iki istehsal zavodu fəaliyyət göstərir. Şirkət tərəfindən istehsal olunan müxtəlif növ qənnnadı məmulatları və qəlyanaltıları dünyanın 60-da çox ölkəsində realizə olunur".
Məlumat üçün qeyd edək ki, jurnalist Xalid Kazımlının paylaşdığı fotodakı "Choco Pie" şirniyyatının Dövlət Gömrük Komitəsinin açıqlamasında qeyd olunan "Choco Pie" adlı şirniyyatla heç bir əlaqəsi yoxdur.
Jurnalistin paylaşdığı fotoda açıq şəkildə görünür ki, şirniyyatın üzərində "Lotte Choco Pie" yazılıb. Belə görünür ki, mətbuat üçün açıqlama hazırlayan Gömrük Komitəsi əməkdaşları "Lotte Choco Pie" şirniyyatının nə "Orion" ticarət nişanı, nə də "Orion İnternational Evro" şirkətilə heç bir əlaqəsinin olmadığını bilmir. Tam əksinə  "Lotte" və "Orion" markaları dünya bazarlarında bir-birilə rəqabət aparırlar.
Məlumat üçün bildirək ki, "Lotte" şirniyyat marakasının sahibi olan "Lotte Co.LTD" şirkəti 1948-ci ildə yaradılıb. Cənubi Koreyanın ən böyük şirkətlərindən biri olan "Lotte" eyni zamanda Rusiyada bazarındakı  ən böyük xarici investorlardan biridir. 2010-cu ildə Obninski şəhərində şirniyyat məhsulları istehsal edən böyük zavod inşa ediblər. 2015-ci ildə Rusiya prezidenti Putin "Lotte"nin sahibi Şin Don Binə "Dostluq" ordeni verib.
"Lotte"nin rəqibi olan "Orion" markası da Cənubi Koreyaya məxsusdur. 1974-cü ildən etibarən istehsal olunan "Orion Choco.Pie" markası da Rusiya bazarında geniş yayılıb. Amma qeyd etdiyimiz kimi mətbuatda müzakirə olunan və üzərində erməni dilində yazıların olduğu şirniyyatla bu markanın arasında ad bənzərliyindən və Cənubi Koreyaya məxsus olmasından başqa  heç bir əlaqə yoxdur.
Dövlət Gömrük Komitəsi hansı səbəbdən mətbuatda gedən məlumatla heç bir əlaqəsi olmayan belə bir açıqlama verib? Üzərində erməni dilində yazıların olduğu "Lotte" markası müzakirə olunduğu halda niyə "Orion" markası barədə məlumat verilir?
Komitənin mətbuat xidmətinin əməkdaşları telefon zənglərimizə cavab vermədiyinə görə, bunun naşılıqdan, məlumatsızlıqda, yoxsa bilərəkdən edildiyini də öyrənə bilmirik.
 
 

DİGƏR XƏBƏRLƏR

Top