Hansı hallarda sürücü piyadanı vurarsa məsuliyyət daşımır? - Araşdırma


Son vaxtlar piyadaların vurulması ilə nəticələnən yol qəzalarının artdığı müşahidə edilir. Bəzən yüksək sürət, bəzən isə piyadaların diqqətsizliyi ağır nəticələrə gətirib çıxarır. Ümumiyyətlə piyadaların vurulduğu qəzalar həmişə mübahisə mövzusu olub. Çünki insan ölümü baş verdiyi üçün bəzən günahsız olduğu təqdirdə sürücü yenə də məsuliyyətə cəlb oluna bilir.
Bəs qanun bu barədə nə deyir?  Mövzu ilə bağlı “Avtostop” layihəsinin rəhbəri Tural Yusifovla danışdıq.

Tural Yusifov Yeniavaz.com-a açıqlamasında bildirdi ki, sürücü əgər piyadanı vurarkən avtomobilin istismar qaydalarını pozubsa məsuliyyətə cəlb olunur: "Burada əsas məsələ sənin avtomobili saxlamaq istəyərkən bütün vasitələrdən istifadə edib-etməməyindir? Tutaq ki, sənin avtomobilinin əyləci yaxşı tutmur, nə olsun ki, piyada səhv yerdən keçəndə vurmusan? Avtomobilin əyləci işləmir axı? Deməli avtomobilin saz vəziyyətdə olsa idi, sən dayana bilərdin. Bundan əlavə sürücü hava şəraitini də nəzərə almalıdır. Tutaq ki, yol 110-luq yoldur. Ancaq hava qaranlıqdır, yağışlı, sürüşkəndir. Sən orada 110-la yox 70-lə sürməməlisən. Ancaq, sən bütün qaydalara riayət edibsənsə və piyada hoppanıb özünü maşının altına atıbsa, o artıq başqa məsələdir. Ona görə sürücü məsuliyyətə cəlb edilməli deyil".
Qeyd edək ki, istənilən halda avtomobildə video registratorun olması vacibdir. Çünki, qəzanın görüntüləri olduqdan sonra həm istindaq prosesi, həm də bir çox mübahisəli məsələlər öz həllini tapmış olur. Məsələnin digər tərəfi isə həm sürücünün həm də piyadanın öz vəzifələrini dəqiq bilməsidir.
Yol hərəkəti haqqında qanunun 40-cı maddəsi piyadaların vəzifələri barədədir. Həmin maddələri təqdim edirik:
Maddə 40. Piyadanın vəzifələri
I. Piyada:
1) səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir (iri əşyalar daşıyan və ya aparan piyadaların, habelə mühərriksiz əlil arabalarında gedən şəxslərin səki və ya yol çiyini ilə hərəkəti başqa piyadalar üçün maneə yaratdıqda, onlar yolun hərəkət hissəsinin kənarı ilə gedə bilərlər);
2) dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidir;
3) yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə nəqliyyat vasitələrinin hərəkəti istiqamətinə qarşı getməlidir (mühərriksiz əlil arabalarında hərəkət edən, motosiklet, moped, velosiped sürən şəxslər belə hallarda nəqliyyat vasitələrinin hərəkəti istiqamətində getməlidirlər);
4) ümumi istifadədə olan nəqliyyat vasitəsini və taksini, yalnız yolun hərəkət hissəsindəki nisbətən azca hündürə qaldırılmış minik meydançalarında, onlar olmadıqda isə, səkidə və ya yol çiyinlərində gözləməlidir (azca hündürə qaldırılmış minik meydançalarının olmadığı dayanacaq məntəqələrində nəqliyyat vasitəsinə minmək üçün yolun hərəkət hissəsinə yalnız nəqliyyat vasitəsi dayandıqdan sonra çıxmağa icazə verilir. Nəqliyyat vasitəsindən düşdükdən sonra ləngimədən yolun hərəkət hissəsini tərk etmək lazımdır);
5) hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya piyada svetoforunun, o olmadıqda isə, nəqliyyat svetoforunun işarəsini əsas tutmalıdır;
6) yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalıdır;
7) qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşdıqda, yolun hərəkət hissəsini keçməməlidir (hərəkət hissəsində olanlar isə bu nəqliyyat vasitələrinə yol verməli və hərəkət hissəsini dərhal boşaltmalıdırlar);
8) dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdıran başqa maneənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin olmadığını yəqin etməlidir;
9) görünmə zonasında keçid və ya yolayrıcı olmadıqda, ayırıcı zolaq olmayan və sədd çəkilməyən, hər iki tərəfdən yaxşı görünən sahələrdə hərəkət hissəsinin kənarına nisbətən yolu düzbucaq altında keçməlidir;
10) sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissələrində yalnız görünüş dairəsində nəqliyyat vasitəsi olmadıqda keçməlidir.
II. Piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər.
III. Keçidi başa çatdıra bilməmiş piyadalar nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləməlidirlər. Piyadalar yalnız hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra və svetoforun (nizamlayıcının) siqnalını nəzərə almaqla yolu keçməyə davam edə bilərlər.
IV. Mütəşəkkil piyada dəstələrinə yalnız nəqliyyat vasitələrinin hərəkəti istiqamətində, yolun hərəkət hissəsinin sağ tərəfi ilə, bir sırada dörd nəfərdən çox olmayan dəstə ilə getməyə icazə verilir. Dəstənin qabağında və arxasında — sol tərəfdə müşayiətçilər olmalıdırlar, onlar əllərində qırmızı bayraqcıqlar, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində isə, yandırılmış fənərlər: qabaqda — ağ, arxada — qırmızı işıq fənəri tutmalıdırlar.
V. Uşaqları dəstə halında yalnız sutkanın işıqlı vaxtı və böyüklərin müşayiəti ilə ancaq səki ilə, piyada yolu ilə, bunlar olmadıqda isə yol çiyini ilə aparmağa icazə verilir.

DİGƏR XƏBƏRLƏR

Top