Nazir müavini: "Əlilliyi olan şəxslərin xilasetməsində böyük çətinliklərlə rastlaşırıq"


"Fövqəladə hallar zamanı əlilliyi olan şəxslərin təxliyə və xilasetməsində böyük çətinliklərlə rastlaşırıq. Bu çətinlikləri daha çox xilasedicilər hiss edir".

Yeniavaz.com "Report"-a istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev deyib.

Onun sözlərinə görə, bu cür şəxslərin səs çıxarma və hərəkət etməsi ilə bağlı bir sıra çətinliklər müşahidə olunur: "Adətən səs çıxarılanda xilasedicilər insanları daha tez təxliyə edə bilir. Amma bu olmayanda xilasedicilər otaqları bir-bir gəzməyə məcbur olur. Bəzən xilasedicilər hansısa hündürmərtəbəli binadan əlilliyi olan şəxsləri öz kürəyində aşağı düşürürlər".

Nazirliyin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Məhbubə Mustafayeva isə qeyd edib ki, son illər Azərbaycanda evlərdə elektrik cihazlarının sayı dəfələrlə artıb: "Bu da uşaqlı ailələrdə riskləri artırır. Bundan başqa, son zamanlar bağlı qapı arxasında qalan uşaqlarla bağlı Fövqəladə Hallar Nazirliyinə edilən müraciətlərin sayı artıb. Buna görə də valideynlərə uşaqlarını nəzarətsiz qoymamalarını tövsiyə edirik. Ən böyük çətinliklər hündürmərtəbəli binalarda qalanlarla bağlı olur. Misal olaraq, son 40 gün ərzində bağlı qapı arxasında qalmaya aid 45 müraciət daxil olub".

DİGƏR XƏBƏRLƏR

Top