AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə XƏBƏRDARLIQ

Rayonlara gedənlərin çoxu yol kənarlarında fəaliyyət göstərən restoran və çayxanalardan istifadə edir. Amma həmin obyektlərdəki vəziyyət sanitar normalara uyğun deyil. Müştərilərə verilən yeməklər antisanitar şəraitdə hazırlanır. Bəzi obyektlərin mətbəxi belə yoxdur.

Problemlə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurmu?  

Yeniavaz.com-un oxu.az-a istinadla verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, ilk növbədə restoranın girişində tibbi və ya sağlamlığa nəzarət orqanının obyektə təqdim etdiyi sertifikat yerləşdirilməlidir:

“Əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində qida zəncirinin bütün mərhələlərinə dövlət nəzarəti həyata keçirilir. İctimai-iaşə obyektləri, kafe və restoranlar da qida zəncirinin mühüm tərkib hissəsi olduğundan bu kimi yerlərdə də agentliyin əməkdaşları tərəfindən mütəmadi olaraq monitorinqlər həyata keçirilir.

Həmçinin, konkret faktlara əsaslanan hər hansı müraciətlər olduqda agentlik əməkdaşları tərəfindən növbədənkənar yoxlamalar həyata keçirilir.

İctimai iaşə obyektlərinin sanitar-gigiyenik normalara uyğun şəkildə təşkili əhalinin sağlamlığı üçün olduqca vacibdir. Kütləvi istehlak üçün nəzərdə tutulan obyektlərin gigiyenik baxımdan təmiz və səliqəli olduğunu göstərən bir sıra qabaqlayıcı tədbirlərin həyata keçirilməsi baş verə biləcək müxtəlif miqyaslı qida zəhərlənmələrinin qarşısını almağa və müştəri məmnuniyyətini qazanmağa kömək edir.

Müəssisənin qida təhlükəsizliyi normalarına cavab verməsi işçi heyətin, mətbəxin və xidmət sahəsində istifadə olunacaq xidməti avadanlıqların (boşqab, çəngəl, qaşıq, bıçaq və s.), müştərilərin istirahəti üçün ayrılan sahənin və obyektin müəyyən olunan standartlara uyğunluğundan asılıdır.

İlk növbədə restoranın girişində tibbi və ya sağlamlığa nəzarət orqanının obyektə təqdim etdiyi sertifikat yerləşdirilməlidir”.

Agentlikdən qeyd edilib ki, qida hazırlanması prosesi qidanın təhlükəsizliyi tələblərinə uyğun olaraq həyata keçirilməsə, xüsusi tələblərə əməl edilmədiyi təqdirdə qanunvericilik çərçivəsində müəssisənin fəaliyyəti müvəqqəti məhdudlaşdırıla bilər:

“Agentlik bir daha bu sahədə fəaliyyət göstərən sahibkarları öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmağa çağırır. Vətəndaşlar isə xahiş edir ki, ictimai-iaşə obyektlərində qida təhlükəsizliyi ilə bağlı hər hansı nöqsanla rastlaşsalar, agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər”.

DİGƏR XƏBƏRLƏR

Top