Mingəçevirin qızıl bazarında durğunluq hökm sürür


Qızıl-zinət əşyalarına hər zaman tələbat olub. Lakin bütün dünyada olduğu kimi, Azərbaycanda da ilin müxtəlif vaxtlarında qızıl bazarında durğunluq yaşanır. Bu məsələ ilə bağlı Mingəçevirdə bir neçə qızıl-zinət əşyalarının qiyməti ilə maraqlandıq. Əvvəlcə onu qeyd edək ki, bir neçə mağazada olarkən heç gözümüzə alıcı dəymədi. Tək-tük adam gəlib qızılın qiyməti ilə maraqlanıb gedirdi. Bunu biz Məhərrəmlik ayı ilə əlaqələndirsək də qızıl satanlar tam əksini dedilər. Onlardan bəziləri bildirdi ki, bu günlərdə qızılın qiymətində artım müşahidə olunub. Bu onunla əlaqəlidir. Satıcılar bildirir ki, indi elə bil ki, heç kim qızıl almaq istəmir. İnsanlar daha çox gümüş və ya bujiteriyalara üstünlük verirlər.
Alıcı Məhluqə Əliyeva deyir ki, qızıla həvəsim olsa da imkan daxilində onu ala bilmirik: "Daha çox keyfiyyətli bujiteriyalardan istifadə edirəm. Çünki qızıl əşyalarının demək olar ki, hər ay qiyməti qalxır. Buna da bizim kimi kasıb insanların imkanı çatmır".
Müsahibimiz 10 ilə yaxın qızıl satışı ilə məşğul olan Xəyal Məmmədli bildirdi ki, iki aya yaxındır ki, alıcı zəifliyi daha çox müşahidə olunur: "10 ilə yaxındır ki, bu işlə məşğulam. Əvvəlki illərə nisbətən daha çox toylar olanda qızıl alınırdı. İndi də toylar yoxdur hələ ki durğunluq yaşanır. Biz öz daimi müştərilərimizə o qədər də baha qiymətə qızılı satmırıq. İnsanların da vəziyyətini başa düşürük. Bu da bizim satışımıza təsir göstərir. Təlabat çox aşağı səviyyədədir. Elə vaxt olur ki, heç bir dənə də olsun qızıl sata bilmirik".
Ümumiyyətlə, satıcılar bildirdilər ki, əgər alıcılar əvvəllər daha çox sarı İtaliya qızılına üstünlük verirdilərsə, indi  yeni ailə həyatı quran gənclər ağ və türk qızılına daha çox  maraq göstərir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top