Bu ilin ilk 6 ayı ərzində Azərbaycanda 800,8 milyon kub metr əmtəəlik təbii qaz itkiyə gedib.
Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisdə itkiyə gedən təbii qazın həcmi 63% və ya 309,4 milyon kub metr artıb. Belə ki, ötən ilin ilk yarısında 491,4 milyon kub metr təbii qaz itkiyə gedib.
İtkiyə gedən əmtəəlik təbii qazın dəyərini daxili bazardakı qiymət ilə (limitdən - 2100 kub metrdən artıq olduqda 20 qəpik) hesablasaq, o zaman itkiyə gedən qazın dəyəri 160,2 milyon manata bərabər olacaq.
Məlumat üçün bildirək ki, bu son illər ərzində qeydə alınan ən yüksək göstəricidir. Müqayisə üçün qeyd edək ki, əmtəəlik təbii qaz itkisi 2017-ci ilin ilk 6 ayında 531 milyon kub metr, 2016-cı ilin ilk 6 ayında isə 476,6 milyon kub metr olub.
İllər | Ümumi ehtiyatlar |
İtki |
2016 ilk yarı | 11,3 milyard kub metr | 476,6 milyon kub metr |
2017 ilk yarı | 11,8 milyard kub metr | 531 milyon kub metr |
2018 ilk yarı | 12,6 milyard kub metr | 491,4 milyon kub metr |
2019 ilk yarı | 14,3 milyard kub metr | 800,8 milyon kub metr |
Onu da qeyd edək ki, ötən il məsələ ilə bağlı yeniavaz.com-a açıqlama verən SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin rəsmiləri qaz itkisinin qarşısının alınması məqsədi ilə gündəlik olaraq iş aparıldığını bildiriblər. Bildiriblər ki, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən mütəmadi olaraq qaz şəbəkəsinin yenilənməsi, korroziya olan hissələrin dəyişdirilməsi ilə bağlı işlər görülür.
Lakin, maraqlıdır ki, açıqlanan rəsmi statistika "Azəriqaz" İstehsalat Birliyi rəsmilərinin dediyinin əksini göstərir.