Ayağımızı uzatsaq...


Qvami Məhəbbətoğlunun “Bibimin madonna servizi”nə sözardı.
Bu günlərdə həm uşaqlıq, həm də qələm dostumuz Qvami Məhəbbətoğlunun yeni kitabını oxudum. Bu kitab haqqında fikirlərimi isə müəllifin köhnə, uzun illərin oxucusu kimi qeyd edirəm. Qvami Məhəbbətoğlunun bir yazar kimi və onun işıq üzü görən bu kitabı haqqında gözəl ziyalımız Zakir Məmməd “Ön sözdə” kifayət qədər bəhs edib. Mən də deyilənlərlə razılaşaraq bir neçə fikir əlavə etmək istədim oxucu borcum sayaraq.
 
Qvami müəllim yazarların kifayət qədər bol olduğu bir zamanda yazıları maraqla oxunan, Mirzə Cəlil ənənələrini özünəməxsus tərzdə yaşada bilən taleli müəlliflərdəndir. “Yazılar” deyəndə onun xətrinə dəyməsin. Ötən muğam müsabiqələrindən birində müsabiqə iştirakçılarından birinin ifasına münsiflər qiymət verərkən hörmətli Arif Babayev sö
zarası bildirdi ki, Əlibaba müəllimin quraşdırdığı təsnifi də çox gözəl ifa etdin. Bu arada Əlibaba müəllim öz dostu və həmkarının “quraşdırmaq” sözünə çox səmimi formada irad edərək, o təsnifi bəstələdiyini nəzərə çatdırdı. Bu etiraz Arif müəllim tərəfindən də eyni cür şirinliklə qəbul edildi, ümumi bir təbəssümlə hər kəs tərəfindən alqışlandı. “Bibimin madonna servizi”indəki hər bir publisistik hekayə əslində çox ciddi əsərdir. Qvami müəllimin adətən formaca yığcam, məzmunca yeni və ideya baxımından ağır yüklü, düşündürücü əsərləri situasiyaları gündəlik məlum həyat hadisələri ilə həmahəng şəkildə, oxucuya doğma, şirin, yaddaqalan uyğun ifadə və deyimlərlə təqdim edir, onu bu yolda özünə yoldaş olmağa, bu istiqamətdə düşünməyə haqqında danışılan məqama münasibətdə öz alternativini tapmağa həvəsləndirir. Kitabdakı felyetonlar o qədər real və canlı təsvir olunub ki, onları bilavasitə adam özünün yaşadığına inanır. Üstəlik, hər əsər oxucunun “ürəyindən tikan çıxarır”: ən azından, sənin demək istədiyini, lakin deyə bilmədiyin mətləbləri deyən kimsə var, nə yaxşı ki.
 
 “Bibimin madonna servizi” birnəfəsə oxunan,lakin tez-tez həmsöhbət olunmalı kitabdır. Streslə dolu gündəlik həyatımızda ruhən rahatlıq tapmaq, zehni gərginlikdən yaxa qurtarmaq üçün belə əsərlərə böyük ehtiyac var.  Bu kitab qalın olmasa da, rəhmətlik böyük şairimiz Z. Yaqubun təbirincə desək “qalan” kitablardandır. Demək olar ki, kitab başdan-başa yeni ifadə və deyimlərlə zəngindir. Digər tərəfdən də ənənəvi deyimlər yeni məzmunla işlənərək oxucunu yormur, əksinə o, “birini də oxuyum, birini də oxuyum” deyir.
Dilimizdə çox işlənən və aşıq mahnılarında təkrarlanan “boylana-boylana” rədifi Qvami müəllimin “Boylana-boylana” hekayəsində çox məharətlə manevr edib. Hekayənin sonunda işlənən “ayağını Avropaya görə uzat” eyhamı günümüz üçün çox aktualdır. Öz milli-mənəvi dəyərlərini tapdayıb tozunu çıxardaraq, bir zamanlar bizə qibtə edən Avropaya “gözüyumulu inteqrasiya” etmək, xeyirdən çox ziyan gətirir bizə. Heç uzağa getməyək, bəzi gənclərimizin “gözümüzə batan” imicləri, adət-ənənəlrimiz və dilimizə qarşı ögey münasibəti bu mənfi təsirin bariz nümunəsidir.
 
Gələk Qvami müəllimim “ayağını Avropaya görə uzat” eyhamına. Biz Avropanı tanımırıq, yəni? Onun öndəgedən İngiltərə, Fransa, Almaniya və s. ölkələri tarix boyunca dünyaya qan uddurub. Di dəl ki, bundan heç danışan yoxdur. Ötən əsrin əvvəllərində bu və ya digər səbəbdən Türkiyədə bir-iki erməni ölüb, dünyanın əksər ölkələri bu gün də onlara yas tutur, soyqırım kimi tanımaq uğrunda bir-biriləri ilə sırtıqcasına yarışırlar. Biz Avropa ilə ayaq uzada bilmərik, çünki bir ovuc işğalçı ermənini tarixi torpaqlarımızdan çıxarmaq istəməsə də, dünya məmnuniyyətlə bizim gözümüzü çıxardar. İkincisi də ki biz yalnız əl uzada bilirik. Biz son nəfəsində əlinə keçən suyu yanındakı yaralı düşmən əsgərinə verib əbədiyyətə qovuşan türk nəslindənik. Ermənistanın Spitakı xarabalığa çevriləndə məhz bu nümunəni bir daha təkrar etdik, düşmən isə bizə avropasayağı məlum acı faciəni yaşatdı. Qvami müəllimin sözləri ilə desək, bizim “ölçü vahidimiz” bambaşqadır.
 
Qvami Məhəbbətoğlunun əsərlərində tənqid hədəfləri rəngarəng olduğu kimi, ritorikası da kifayət qədər güclüdür. Hansı əsərini oxusan hadisələr sanki gözünün qarşısında cərəyan edir.
Onun “Niyə dərsdən qaçmadım?” felyetonu uzaq olmayan keçmişdə uşaq şəxsiyyətinin formalaşmasında ailə tərbiyəsi və məktəbin rolunu yada salır. O zaman ailənin əsas məqsədi uşaqlara yüksək səviyyədə tərbiyə vermək, məktəbin qayəsi də onları biliklərin əsaslarına mükəmməl şəkildə yiyələndirmək idi. Sonrasını və əsas vəzifəni isə standart olaraq sovet ideologiyası təmin edirdi. Bizlər bu dövranla tanış olmadan üzləşdik. Biz hər şeyin mahiyyətini dərk edərək, ağlın hökmü ilə hərəkət etməyə alışmışıq. Günümüzdə azadlıq kimi gözəl anlayış və reallığı özbaşnalıq kimi, özbaşnalığı da demokratiya kimi anlayıb “yaşayanlar” saymaqla bitməz. Qonum-qonşudan utanan nəsil hara, atası ilə oturub siqaret çəkən, spirtli içki qəbul edənlər hara, qardaş?!
 
Qvami müəllim həm də əsl ziyalı olaraq dilimizin təəssübkeşidir. “Dillərin dili” olan yaltaqlığı kəskin tənqid etdiyi kimi, o, öz ana dilində danışmağa utanan, intellektual səviyyəsini əcnəbi dilləri bilməklə nümayiş etdirmək istəyən bəzi “inteligentləri” tənqid edərək, öz ölkəsində, öz dilini mükəmməl bilən səriştəli işçiləri qapı arxasında qoyan məmurların da yaxasını buraxmır. Bəzi ixtiyar sahiblərinin “rahat nəfəs almaq üçün” özlərinə “qolay” kadrlar seçib, inteqrasiya etmək istədiyimiz Avropanın axtardığı təşəbbüskar, yaradıcı, məsuliyyətli insanlara üz göstərməyənləri, “Hər komanda kollektiv deyil” amalı ilə idarə etmək sevdasına düşənləri Qvami müəllim Babəkin məlum sözləri ilə qamçılayır.
 
Qvami Məhəbbətoğlu bibisinin dili ilə desək, indi “kiçilən kəndimizin” gözünün içində böyüyən, boya-başa çatan, ən qabiliyyətli, dəyərli və dəyər verməyi bacaran övladlarımızdandır. Onun atası, rəhmətlik Məhəbbət müəllim də sadə, səmimi, xeyirxah, insanpərvər idi. Avtoritar rejim dövründə özünü dərs dediyi şagirdlərin ən yaxın adamı kimi göstərə bilmək müşkül məsələ idi. Məhəbbət müəllim şagirdləri və kənd ictimaiyyəti tərəfindən bu gün də böyük ehtiram və hörmətlə yad olunur.
 
O ki qaldı kitabda yer alan “Kəndimizin Molla Nəsrəddini – Ömər kişi”yə, Qvami müəllimin yazdıqlarına bir əhvalatı da mən əlavə etmək istərdim.
Ömər kişi manqa başçısı işləyəndə kolxozçuların əmək günləri haqqında qeydlərini gah əski (ərəb), gah da kiril əlifbası ilə yazırmış. Maraqlanıb soruşanlara deyirmiş ki, kefim kök olanda əski əlifba ilə yazıram, kefim aşağı olanda isə rusca.
 
Qvami müəllim hələ çox yazıb yaradacaq, oxucularının kitab rəflərini yeni-yeni kitabları ilə zənginləşdirəcək, yetişməkdə olan nəsillər onun əsərlərini sevə-sevə, daha böyük diqqət və maraqla oxuyacaq, yaşamaqda olduğumuz zaman diliminə bu pəncərədən də baxıb qiymət verəcəklər.

Rahib Alpanlı

DİGƏR XƏBƏRLƏR

Top