Bu gün Müslüm Maqomayevin doğum günüdür


Bu gün görkəmli Azərbaycan-sovet opera və estrada müğənnisi, bəstəkarı, SSRİ xalq artisti Müslüm Maqomayevin doğum günüdür.
Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. O ailəsinin çətin günlərində doğulub. Ən dəhşətlisi isə 42-ci illər Böyük Vətən Müharibəsinin olduğu çətin dönəmlərin olması idi. Düzdür o, Bakıda, müharibə alovundan uzaqda olub. Amma bu illər Müslümü atasız qoyur. Oğlu anadan olduqdan sonra Məhəmməd Maqomayev  orduya çağrılır və Berlin üzərində qələbə çalınmasına 15 gün qalmış cəbhədə vəfat edir. Müharibədən əvvəl atası teatr rəssamı kimi fəaliyyət göstərirdi.
Müslümün anası - Kinjalova təxəllüsü ilə çıxış edən Ayşət xanım dramatik aktrisa idi. Onun damarlarında türk, adigey və rus qanı axırdı. O, həyat yoldaşının ölüm xəbərini aldıqdan sonra Müslümlə Rusiyaya yollanır. Balaca Müslüm orada musiqi məktəbində oxuyur. Ancaq sonra anası onu musiqi təhsilini davam etdirmək üçün Bakıya göndərir. Müslüm Bakıda dayısı Camal Müslümoviçin ailəsində böyüyür. Camal musiqi təhsili olmasa da, fortepiano və röyalda yaxşı çalmağı bacarıb. O, Müslümün qeyri-adi istedadını kəşf edib. Lakin bu istedadı inkişaf etdirmək lazım idi. Gözəl musiqi duyumuna və təmiz ilahi səsə malik Müslüm Bakı Konservatoriyası nəzdində bəstəkarlıq və fortepiano sinfi üzrə musiqi məktəbinə daxil olur.
İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.
1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.
1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verir. Burada Müslümün konsertləri anşlaqla qarşılanır. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirir. 1969-cu ildə isə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.
1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qrammofon valları böyük tirajla buraxılıb.
1975-ci ildə "Azərbaycan Dövlət Estrada Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. Repertuarı hərtərəfli və olduqca genişdir. Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib. Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla təltif edilib.
O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır. Populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc edir.
Rejissor Tofiq İsmayılov 1971-ci ildə onun haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkmişdir. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ "Qırmızı Əmək Bayrağı" və "Xalqlar Dostluğu" ordenləri ilə təltif edilmiş, SSRİ-nin xalq artisti adını almışdır.
Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.
Xatırladaq ki, mərhum Xalq artistinin adı Ukraynanın Dnepr şəhərindəki küçələrdən birinə verilib.

DİGƏR XƏBƏRLƏR

Top