Erməni şahmatçı Şəhriyar Məmmədyarova niyə təşəkkür etdi? - SƏBƏB - VİDEO


ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Grand Chess Tour 2019" şahmat turnirinin 4-cü mərhələsi başa çatdıqdan sonra Ermənistan şahmatçısı  Levon Aronyan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarova təşəkkür edib.
Yeniavaz.com xəbər verir ki, Levon Aronyan bu turnirin qalibi olub və buna görə Şəhriyar Məmmədyarova təşəkkür edib.  Sonuncu oyunda Şəhriyar Məmmədyarov Çin təmsilçisi Yu Yanqi ilə qarşılaşıb və oyun heç-heçə başa çatıb. Əgər bu oyunda Şəhriyar Məmmədyarov məğlub olsaydı o zaman Levon Aronyanla  Yu Yanqinin xalları bərabərləşəcəkdi və onlar öz aralarında təkrar oyun keçirməli olacaqdılar. Şəhriyar Məmmədyarovun məğlub olmaması Levon Aronyanın bu turnirin qalibi olmasına səbəb olub.
Məlumat üçün bildirək ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu mərhələni sonuncu - 10-cu sırada tamamlayıb.
Aralarında Şəhriyar Məmmədyarovun da olduğu dünyanın ən güclü 10 şahmatçısının - Norveçdən Maqnus Karlsen, Fransadan Maksim Vaşe-Laqrav, ABŞ-dan Fabiano Karuana və Lenyer Dominqes, Çin təmsilçiləri Dinq Liren və Yu Yanqi, Ermənistandan Levon Aronyan, Rusiyadan Sergey Karyakin və Macarıstandan olan Riçard Rapportun mübarizə apardığı turniri hazırkı dünya çempionu Maqnus Karlsen turniri 6-cı sırda tamamlayıb.
Turnirin qalibi olan Levon Aronyan 37 min 500 dollar qazanıb. Ən az xal toplayan Şəhriyar Məmmədyarovun qazancı isə 7 min 500 dollar olub.
Onu da bildirək ki, bundan əvvəlki Paris (27 iyul - 2 avqust) turnirində Şəhriyar Məmmədyarov yenə də 7 min 500 dollar, Zaqreb (24 iyun-9 iyul) turnirində isə 10 min dollar qazanıb.
Qeyd edək ki, Parisdə keçirilən "Grand Chess Tour 2019" seriyasının üçüncü mərhələsini Şəhriyar Məmmədyarov 15 xalla 8-ci pillədə başa vurub. Turnirin qalibi 21 xalla Maksim Vaşe-Laqrav olub.
Turnirin beşinci mərhələsi də Sent-Luisdə (avqustun 16-dan 30-dək) keçiriləcək. Yarışın sonrakı mərhələləri - noyabrın 4-dən 11-dək Buxarestdə, 20-dən 27-dək isə Kəlkətə şəhərlərində baş tutacaq. Final mərhələsi isə noyabrın 30-dan dekabrın 10-dək Londonda təşkil ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top