Xəbər verdiyimiz kimi, bu ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsinə ödənilən gömrük ödənişlərinin məbləği isə 1 milyard 457 milyon 973,7 min dollar (2 milyard 478 milyon 555,3 min manat) olub.
Yeniavaz.com Dövlət Gömrük Komitəsi tərəfindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu göstərici 2018-ci ilin analoji dövrü ilə müqayisədə 27,7% (537,4 milyon manat), 2017-ci ilin ilk 7 ayı ilə müqayisədə isə 73,6% (1,05 milyard manat) çoxdur.
Məlumat üçün qeyd edək ki, bu artım Gömrük Komitəsi rəhbərliyi tərəfindən də tez-tez səsləndirilir. Bu ilin gömrük əməkdaşlarının peşə bayramı münasibətilə bağlı keçirilən kollegiya iclasında Komitənin sədri Səfər Mehdiyev bildirib ki, keçən il gömrük sistemində aparılan islahatlar və bu sahədəki nailiyyətlər nəticəsində fiskal siyəstdə böyük uğurlar əldə edilib: "Ötən il büdcə ödənişlərin öhdəliyini 1 milyard manatdan artıq həyata keçirilməsi komitənin ən böyük uğurlarından biridir".
Dövlət büdcəsinə daxil olan gömrük ödənişlərinin xarici ticarət dövriyyəsindən, xüsusilə də idxaldan tutulduğunu nəzərə alsaq, o zaman açıqlanan rəqəmlər Komitə rəhbərliyinin dediyinin əksini göstərmiş olacaq.
Məsələn, bu ilin ilk 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 20 milyard 701 milyon 383,2 min dollar, idxalın həcmi isə 8 milyard 433 milyon 668,7 min dollar olub. Yanvar-iyul ayları ərzində dövlət büdcəsinə ödənilən gömrük ödənişlərinin məbləğinin 1 milyard 457 milyon 973,7 min dollar (2 milyard 478 milyon 555,3 min manat) olduğunu nəzərə alsaq, onda məlum olacaq ki, dövlət büdcəsinə ödənilən gömrük ödənişləri xarici ticarət dövriyyəsinin 7,04%-i, idxalın isə 17,3%-i həddində olub.
Halbuki, ötən ilin analoji dövründə dövlət büdcəsinə ödənilən gömrük ödənişləri xarici ticarət dövriyyəsinin 6,9%-i, idxalın isə 19,8%-i həddində olub. 2017-ci ilin ilk 7 ayında isə dövlət büdcəsinə ödənilən gömrük ödənişləri xarici ticarət dövriyyəsinin 7,98%-i, idxalın isə 19,2%-i həddində olub.
Onu da bildirək ki, hesabat dövrü ərzində xarici ticarət dövriyyəsinin və yaxud da idxalın neçə faizinin vergiyə cəlb olunduğu açıqlanmadığı üçün hansı dövürdə daha çox vergi və rüsumun toplandığı bilinmir.
Lakin onu da xatırladaq ki, Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında deyib ki, idxalın tərkibində vergitutma bazası olan 1 milyard 200 milyon dollar məbləğində artıma səbəb isə gömrük orqanları tərəfindən malların real qiymətləndirmə əsasında qanunvericiliyə uyğun qaydada düzgün dəyərləndirilməsi olub.
Əgər vergitutma bazasında azalma baş verməyibsə o zaman rəqəmlərdən belə görünür ki, son 3 ildə dövlət büdcəsinə ödənilən gömrük ödənişlərində nəinki artım, hətta cüzi azalma qeydə alınıb.
|
Ticarət dövriyyəsi |
İdxal |
Gömrük |
Nisbət |
|
Tic. dövriyyəsinə |
İdxala |
||||
2017 |
10 522 054 350 $
|
4 369 692 310 $
|
839 904 065 $
1 427 836 910 AZN |
7,98 %
|
19,2 %
|
2018 |
16 524 541 980 $ |
5 776 222 520 $ |
1 141 857 882 $
|
6,91 % |
19,8 % |
2019 |
20 701 383 200 $ |
8 433 668 730 $ |
1 457 973 706 $
|
7,04 % |
17,3 % |
Allahverdi Aydın