Paşinyanın Xankəndində səsləndirdiyi "Miatsum"un TARİXİ


Xəbər verdiyimiz kimi, dünən Ermənistanın baş naziri Nikol Paşinyan işğal altında olan Xankəndi şəhərində təşkil olunan mitinqdə çıxışı zamanı Qarabağın Ermənistan torpağı olduğunu bildirib və erməni dilində "Birləşmək" mənasına gələn "Miatsum" sözünü bir-neçə dəfə təkrarlayıb.
Yeniavaz.com xəbər verir ki, "miatsum" erməni dilindən hərfi tərcümədə "yenidən birləşmə" mənasını verir. Bu ifadənin siyasi mənası isə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini nəzərdə tutur.
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyası ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə ortaya atılıb. Dağlıq Qarabağ ərazisində yaşayan ermənilər qurultay keçirərək Ermənistana birləşmək tələbi irəli sürüblər. Lakin, yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti  Qarabağ ermənilərinin bu qərarını tanımaqdan imtina edib.
Azərbaycan və Ermənistanda sovet hakimiyyəti qurtulduqdan sonra Dağlıq Qarabağın statusu yenidən müzakirəyə çıxarılıb. 2 il davam edən müzakirələrdən sonra -  1923-cü ilin iyul ayının 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb.
Lakin bu qərardan sonra da, ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasından vaz keçməyiblər. 1960-cı illərdə Ermənistanda və Dağlıq Qarabağda mitinqlər və kütləvi iğtişaşlar törədib Moskvanın diqqətini yenidən bu məsələyə çəkməyə çalışdılar. Ermənilər iddia edirdilər ki, Azərbaycan Dağlıq qarabağda iqtisadi ayrıseçkilk yaradır, həmçinin muxtar vilyətin demoqrafik quruluşunu dəyişdirməyə çalışır.
Qorbaçovun hakimiyyətə gəlməsindən sonra başlatdığı "Yenidənqurma" siyasəti "miatsum" ifadəsini yenidən gündəmə gətirdi. 1987-ci il oktyabrın əvvəlində İrəvanda ekoloji problemlərə həsr olunan mitinq təşkil olundu və burada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi irəli sürüldü.
Həmin ilin dekabr ayında Qarabağ ermənilərindən ibarət nümayəndə heyəti Ermənistan və Dağlıq Qarabağ ərazisində toplanan imzaları Moskvaya apararaq Mərkəzi Komitəyə təqdim etdilər.
1988 -ci ilin fevral ayında Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Soveti Dağlıq Qrabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən Ermənistan SSR-ə verilməsi ilə bağlı Azərbaycan SSR Ali Sovetlərinə və Ermənistan SSR-ə müraciəti edib.
1989-cu ildə Dağlıq Qarabağın  Ermənistana birləşdirilməsi məqsədi ilə Ermənistanın eks prezidenti və hazırda həbsdə olan Robert Koçaryanın rəhbərliyi ilə "Miatsum" adlı ictimai-siyasi təşkilat yaradılıb.
1991-ci ilin noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi kimi ləğv olunub.

DİGƏR XƏBƏRLƏR

Top