Minsk-2019: İslam Abbasov gümüş, Sabah Şəriəti bürünc medal qazanıb - YENİLƏNİB

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında 130 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçilərinin medal qarşılaşmaları başlayıb.

Azərbaycan təmsilçisi Sabah Şəriəti bürünc medal uğrunda görüşə çıxıb.

İdmançımız Norveç təmsilçisi Oskar Marviklə görüşüb. Gərgin keçən qarşılaşmada ilk xalı güləşçimiz qazanıb. İkinci hissədə hər iki idmançı daha fəal mübarizə aparıb. Yekunda 3:2 hesabı ilə qalib gələn təmsilçimiz bürünc medala yiyələnib. Bununla da Azərbaycanın yunan-Roma güləşi yığması Minsk-2019-u iki medalla başa vurub.

S.Şəriətiyə qədər komandamızın hesabında bir gümüş medal var idi. Bu uğura 87 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov imza atıb.

Ümumilikdə isə Azərbaycan yığması 26-cı medalını əldə edib. Bunlardan beşi qızıl, səkkizi gümüş, on üçü bürüncdür.


***15:05
Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarında yunan-Roma yarışlarının son gününün medal qarşılaşmaları başlayıb.

87 kq çəki dərəcəsində mükafatçılar müəyyənləşib.

Azərbaycan yığmasının üzvü İslam Abbasov qızıl medal uğrunda görüşünü keçirib. O, Ukrayna təmsilçisi Jan Belenyukla üz-üzə gəlib. İlk dəqiqələrdən təşəbbüsü ələ alan ukraynalı birinci hissədən 3:0 hesabı ilə qalib ayrılıb. Təmsilçimiz ikinci hissədə bir xal qazansa da, bundan artığını bacarmayıb. 1:3 hesabı ilə uduzan Azərbaycan güləşçisi isə Minsk-2019-u gümüş mükafatla başa vurub.

İ.Abbasovun medalı yunan-Roma güləşçilərimizin ilk mükafatı olub.

Ümumilikdə isə Azərbaycan yığması 25-ci medalını əldə edib. Bunlardan beşi qızıl, səkkizi gümüş, on ikisi bürünc əyarlıdır.

Qeyd edək ki, yunan-Roma millimizin daha bir üzvü medal qazanmaq şansına malikdir. 130 kq çəki dərəcəsində çıxış edən Sabah Şəriəti bürünc mükafat uğrunda mübarizə aparacaq.

***14:36

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında yunan-Roma güləşçiləri son yarış gününə start verib.

130 kq çəki dərəcəsində təsəlliverici qarşılaşmalar keçirilib.

Azərbaycan yığmasının ağırçəkili güləşçisi Sabah Şəriəti bürünc medal uğrunda qarşılaşmaya vəsiqə üçün xalça üzərinə çıxıb. O, litvalı Romas Fridrikasla üz-üzə gəlib. İlk hissədə hesabda geri düşən güləşçimiz ikinci yarıda tarazlıq yaratmağa müvəffəq olub. Ardınca qazanılan xallarla 3:1 hesabı ilə qalib gələn S.Şəriəti bürünc medal uğrunda görüşə vəsiqə əldə edib. O, norveçli Oskar Marviklə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 15:20-də başlayacaq.

Qeyd edək ki, yığmamızın digər üzvü İslam Abbasov (87 kq) bu gün qızıl medal uğrunda qarşılaşmaya çıxacaq. (APA)

DİGƏR XƏBƏRLƏR

Top