Vakansiya olduğu halda birinci qrup əlil işə götürülmür - ŞİKAYƏT - VİDEO


Birinci qrup əlil, görmə məhdudiyyətli olan Məmmədli Əşrəf Haşımoğlu işləmə durumunun olmasına baxmayaraq iş tapmaqda çətinlik çəkir.

Yeniavaz.com-a müraciət edən Əşrəf bildirir ki, dəfələrlə adiyyatı qurumlara müraciət etsə də ya uyğun vakansiya yoxdur ya da gözdən əlilsiz deyərək işlə təmin etməyiblər. 

1994-cü ildə Bakı şəhərində anadan Məmmədli Əşrəf Haşımoğlu anadangəlmə nistaqm (günəşli və açıq mühitdə görmə qabiliyyəti zəif olur) xəstəliyindən əziyyət çəkir. Universiteti bitirdikdən sonra bir müddət özəl qurumlarda çalışsa da hazırda hara müraciət edirsə yox cavabı alır:  “Bu xəstəliklə bağlı 2012-ci ildə 1-ci qrup əlillik dərəcəsi almışam. Ali təhsilliyəm, Mədəniyyət və İncəsət Universitetinin rejissor sənəti ixtisasını bitirmişəm. Universiteti bitirdikdən sonra bir müddət özəl qurumlarda çalışmışam.  25 may 2018-ci ildən artıq iş tapmaqda çətinlik çəkirəm.  Bunula bağlı Mədəniyyət Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişəm. Müraciət zamanı Mədəniyyət Nazirliyi məni Bakı şəhəri, Mədəniyyət İdarəsinə yönləndirdi.  İdarədən də mənə “1 həftə gözləyin sizi işlə təmin edəcəyik”, dedilər. Amma 1 həftə sonra vakansiya olmadığını bildirdilər. 

Daha sonra 2018- ci ilin iyun ayında nazirlik tərəfindən Bakı şəhəri, Mədəniyyət İdarəsinə məktubum göndərildi və mən yenidən idarəyə dəvət olundum. Orada məni rəis müavini Gülnarə Seyidova və kadrlar üzrə baş məsləhətçi Təranə Seyidova qəbul etdi. Mənə dedilər ki, sizi işlə təmin edəcik, amma 1 həftə sonra bildirdilər ki, vakansiya yoxdur.  

Daha sonra qurumun rəhbərliyi dəyişdi və bu ərəfələrdə Təranə Seyidova məni yenidən quruma dəvət etdi. Orada mənə dedilər ki, siz əlilsiz və biz sizi işlə təmin edə bilmərik. Halbuki, əlillərin işləməməsi heç bir qanunda göstərilməyib və mən onlara adlar çəkərək dedim ki, bu şəxslər işlə təmin olunub. Amma mənə yenə də eyni cavabı verdilər”. 

Həmsöhbətimizin sözlərinə görə, Mədəniyyət Nazirliyində regional siyasət şöbəsinin müdiri Pərviz Əliyev ona Xızıda iş təklifi edib: “Mən də Xızıda doğulduğum üçün təkliflə razılaşdım. Xızı rayonu Sumqayıt Mədəniyyət İdarəsinin tərkibinə daxildir. Pərviz Əliyevdən rəsmi müraciət olunmasına baxmayaraq, Sumqayıt Mədəniyyət İdarəsindən də müraciətimə cavab gəlmədi. Həm Sumqayıt, həm də Bakı Mədəniyyət İdarələrinə müraciət etsəm də heç biri işlə təmin etmədi məni. Yəni, mən onlara qərəzli şəkildə bu işi etmərəm də deməmişəm”. 

Məsələ ilə bağlı ilk öncə Nazirliyin regional şöbəsinin müdiri Pərviz Əliyevlə əlaqə saxlamaq istəsək də zənglərimizə cavab verən olmadı. Daha sonra Bakı şəhəri Mədəniyyət İdarəsində Təranə Seyidova ilə əlaqə saxlasaq da bizə mətbuat katibi ilə əlaqə saxlamağımızı dedi. Mətbuat katibi isə  bizi İdarənin ümumi şöbəsinə yönəltdi. Oradan da bizə İdarənin rəis müavini Nazim Əliyevlə əlaqə saxlamağımızı dedilər. 

Nazim Əliyev isə Yeniavaz.com-a açıqlamasında bildirdi ki, vakansiya yoxdur və həmin şəxs gözdən əlildir və buna görə işlə təmin edilə bilməz: “Əhalinin Sosial Müdafiə Nazirliyində 1-ci qrup gözdən əlil və kənar şəxsin köməyi ilə gəzən şəxsi işə götürməyə icazəmiz yoxdur”.  Biz şikayətçinin kənar şəxsin köməyi olmadan gəzə bildiyini, müəyyən işləri yerinə yetirə biləcək dərəcədə görmə qabiliyyətinin olduğunu dedik. 

“Bu qanunda var və bu qanunu biz yazmamışıq. 1-ci qrup əlil işə yararsız sayılır. 2-ci və 3-cü qruplar qismən yararlıdır” , - deyə Nazim Əliyev bildirdi. 

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı ilə əlaqə saxladıq. F.Talıblı Yeniavaz.com-a açıqlamasında bildirdi ki, qanunda 1-ci qrup əlilliyi olan şəxslərin işləməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur: “1-ci qrup əlilliyi olan şəxslərin işləməməsi ilə bağlı  heç bir qanun yoxdur. İşləmə vəziyyətindən asılı olaraq həmin şəxslər normal iş rejimində çalışa bilərlər”.

Onu qeyd edək ki, əlillərin Sosial Müdafiəsi haqqında qanunda 23-30 arası maddələr əlillərin işə düzəlməsi haqqındadır. Hətta Əmək Məcəlləsində göstərilən normaya əsasən 1-ci və 2-ci qrup əlillər üçün həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. 

DİGƏR XƏBƏRLƏR

Top