Bu dünyanın qara daşı göyərdi...

Onun qələmindən çıxan misralar arı pətəyindən süzülən bal kimi şirin, ürəyəyatımlıdı. Yəqin ki, bu, şairin təbiətə, ağaca, ota, quşa, çiçəyə və ən başlıcası insanlara sevgisindən doğur. Şeirləri pafosdan uzaqdı. Onun əsərlərində Haqqa sevgi, gələcəyə inam, ilkinliyə və saflaşmağa çağırış güclüdü. 
Musa Yaqub yaradıcılığı ilə şəxsiyyəti eyniyyət, bütövlük təşkil edən sənətkardı. Onu sevdirən amil çoxdu, amma ən mühümlərindin biri odur ki, yazdığı da özünə oxşayır, yazdıqları da özü kimi sadədi, səmimidi, olduğu kimidi. Musa Yaqub xoşbəxt şairdi. Hər şairin unudulmaq qorxusu var, amma mən bir oxucu kimi bu qənaətdəyəm ki, son illərdə yazdığı yetkin, son dərəcə səmimi və dürüst şeirləri ilə Musa Yaqub o qorxu səddini aşdığına özünü də, oxucusunu da inandıra bilib. Onun şeirləri xalqın könlündə əks-səda verir, yaddaşında yaşayır.

Musa müəllimlə sonuncu söhbətimiz payızda olmuşdu. O görüşdə ən çox payızdan danışmışdıq. İndi isə baharın çağlayan çağıdı. Dünya yenidən pərvəriş tapır. Amma mən hər dəfə Musa müəllimi görəndə elə bil payızı yenidən yaşayıram. Bilmirəm, bu, onun taleyilə bağlıdı, yoxsa, payız mövzusunda yazdığı şeirlərinin gücündən irəli gəlir. Musa müəllim deyir ki, payız çox gözəl fəsildi, insanı düşünməyə, dəyişməyə vadar edir. Dünyanın hər üzünü fikirləşirsən, dağı arana, aranı dağa daşıyırsan, bir daha bu dünyanın faniliyini yəqin edirsən. Ancaq payız payıza oxşamaz, "düzdü, min-min belə payız gələcək, amma heç bu payız qayıtmayacaq. Bir sözlə, hər il payız gəlir, amma heç biri əvvəlki payıza bənzəmir. Oxşasa belə, o payız deyil." 
Onun payız şeirlərində sanki qərib durnanın səsi, qürbətdə yaşayan, gözü yollarda olan insanın həsrəti, pıçıltısı var... Şeirlərinin birində belə bir qoşa misra var:

...Bu dünya ayrılıqdı, 
Ayrılıq başdan-başa. 
Çox güman ki, Musa müəllim bu şeiri də payızda yazıb.
"Bu payızın dərdi götürüb məni" şeiri daha kövrək hisslərin məhsuludu. Adam həmin şeiri oxuyanda bir yerdə rahatlıq tapa bilmir. Ümumiyyətlə, payız mövzusunda şeirlərinin hərəsi bir təbiət qalereyasıdı. Özü də ötən il payıza yazdığı şeirlə bu il yazdığı başqa-başqa çalardadı. Bu şeirləri oxuyanda adam dəyişir, təmizlənir, həlimləşir. Bu məqamla bağlı Musa müəllim deyir ki, əgər yaşadığımız payızlarda eyni duyğuları, eyni hissləri yaşasaydıq, onda şeirlər də bir-birinə bənzəyərdi. 
Bu payızın dərdi götürüb məni.
Nə qədər hicranlar var bu dünyada,
Payızın ən həzin çağı olanda,
Kimsə bu payızla tənha qalanda
O hicranlı təklər necə dözəcək?
O solan sevgilər, insan ağaclar,
O insan çiçəklər necə dözəcək -
Bu payızın dərdi götürüb məni.

"Mənim taleyimə nədənsə payız düşüb". Musa müəllüm söhbətlərində bu fikri dönə-dönə təkrar edib.
Bəlkə payızda atasını itirdiyinə görə payızla barışa bilmir: "Mən 9 yaşım olanda atam dünyasını dəyişib. Onda payızın da ilk qarı düşmüşdü, yaman soyuq idi. Çıxdım balkona, gördüm anam ağlaya-ağlaya deyir ki, ay Allah, mən bu körpələri necə saxlayacağam, necə eyləyəcəyəm?.. Bəlkə də məni ata həsrəti ayıltdı. Anama kömək eləməyə çalışdım, dərslərimi yaxşı oxuyub onu sevindirdim. O yaşda bəzən soyuqda kürəyimdə dən qonşu kəndə dəyirmana gedib qayıtdım. Həyat məni yetişdirdi...
Mənim şair olmağımda təbii ki, atasız böyüməyim böyük rol oynayıb. Bütün yük belimdə olanda ata həsrətini çox çəkmişəm. Bilirsiniz, şeirin yaranması üçün, belə demək olarsa, bir söykəndiyin yer olmalıdır. O həsrət olmasa, şeir yaranmaz."

Payızın hökmüylə əsdi bir külək, 
Bir yaşıl səltənət çovğuna düşdü. 
Ağaclar bir yaşda qocaldı demək, 
Bir yarpaq nəsli də qırğına düşdü.

Aldı verdiyini geriyə torpaq,
Qazancı nə oldu bağın, bağçanın. 
Bir yarpaq boy atdı körpə bir uşaq,
Ömründən bir yarpaq düşdü qocanın ...

Özü dediyi kimi, o, ata sevgisini doyunca dada bilməyib. Ancaq anası min zillətlə Musa müəllim üçün lazım olan hər şeyi edib. Sonra ömür-gün yoldaşı onun hər nazını çəkib, anasından yarımçıq qalmış qayğını ondan əsirgəməyib. Şair bu barədə danışanda kövrəlir: " Çox qəribədir, indi yuxularıma çox vaxt anamla ömür-gün yoldaşım qoşa gəlirlər. Ömür yoldaşımla qırx altı il birlikdə yaşamışıq. Nigarançılıq, qayğılar içində keçdi ömrümüz..."
Şair Musa Yaqub boy atıb böyüdüyü torpağa, o torpağın insanlarına, quşlarına, dağına, çayına, bulağına vəfa borcunu heç vaxt unutmayıb. Və bu borcu gözəl əsərləri ilə verməyə çalışıb. Bu şeirlərdə Musa Yaqub dağla da, quşla da, bulaqla da, böyürtkən kolu ilə də dost kimi danışır, hal-əhval tutur. O, təbiəti təkcə sevmir, həm də qoruyur, Tanrının torpağımıza bəxş etdiyi gözəlliklərə yara vuranlara qarşı mübarizə aparır.
Tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli onun təbiətlə bağlı poeziyasını belə mənalandırır: "Musa təbiətin saflığı, müqəddəsliyi ilə təmiz insanlar arasında bir doğmalıq görür. İnsandan söz açanda onu təbiət kimi saf olmağa çağırır. Bu tipli seirlər onun poeziyasında insan-təbiət paralelini yaradır, belə məqamlarda insanla təbiət sanki vəhdət təşkil edir. Əslində onun seirlərində təbiətlə cəmiyyət qovuşuqdur. Musa təbiətə baxıb cəmiyyət haqqında düşünür, yaxud cəmiyyət hadisələri haqqinda mülahizə yürüdəndə təbiət onun köməyinə gəlir."

"Eləmədiklərim yandırar məni" şeiri içimdə elə oturub ki, elə bil mənim yaşadıqlarımdı, mənim uduzduqlarım, mənim ağrılarımdı. Bir dəfə soruşdum ki, sizi belə narahat edən, göynədən nədi?

Əvvəl budaq-budaq suda uyuyan,
Sonra çarxı dönüb, arxı quruyan
Bir yağışa həsrət söyüdlər kimi,
Eləmədiklərim yandırar məni.
Özümə verdiyim öyüdlər kimi,
Eləmədiklərim yandırar məni...

Cavabı bu oldu ki, onu açıb demək çətindi. Bu şeirin içində sevgi də var, zamanla yaşanan gileylər də, müxalifətçilik də. 
Bu günlərdə qohumum Vidadi Mirkamal Musa müəllimlə görüşmək üçün Buynuza getmişdi. Gələndən sonra Musa müəllimdən xeyli danışdı. Vidadi müəllim dedi ki, həyətdə gəzəndə öz əli ilə əkdiyi güllərə, ağaclara diqqətlə baxır, yenə meşədən, bulaqdan danışırdı. Arada zarafatla dedi ki, daim meşələrdən, ağaclardan yazdım, onlardan mən qalan bu əl ağacı oldu.

Musa müəllim təbiətin qoynunda bu dünyanın pisliklərini unudur, daha da durulur, saflaşır. Mənə elə gəlir ki, bu dünyada Musa Yaqubu özünə düşmən bilən, onun kölgəsini qılınclayan, arxasınca xoşagəlməz söz danışan adam yoxdu. Bəlkə də var, amma olmamalıdı, o, bu ədavətdən, düşmənçilikdən çox uzaqdı. Söhbətləşəndə hiss edirsən ki, bu dünyanın pisliklərinə bulaşmayıb. Kiminləsə yersiz söz güləşdirən, ağa qara deyən adam deyil. Bəs niyə Musa Yaqub bir sıra şeirlərində "güvəndiyi dağ"ların etibarsızlığından dad eləyir, etibarını itirən dostlardan gileylənir? Deyir: "Mən müxalifətçi deyiləm. Ancaq hamı bilir ki, şairlər həmişə müxalif insanlardı. Bəlkə mənim yazdıqlarımı həzm edə bilməyənlər məni müxalifətçi adlandırırlar. Bu onların işidi. Elələri də olub ki, müəyyən vaxtlarda mənə salam verməkdən çəkiniblər, məndən gen durmağa çalışıblar. Doğrusu, mən onlardan inciməmişəm. Bir müddət sonra görmüşəm ki, həmin adamların ürəklərində mənə sevgi var, onları bağışlamışam. İnsanın insana etibarı, ərki olmalıdı. Biz yaşadığımız el-obada belə görmüşük. Bir dəfə şəhərdə bir dostum məni evinə dəvət eləmişdi. Blokda soruşdum ki, qonşun kimdi? Dedi ki, tanımıram. Dedim ki, sən neçə ildi burda yaşayırsan? Dedi, on ildən çox olar. Dedim, sən hələ bilmirsin qonşun kimdi? Baxdım ki, qapılarının arası üç metr olar. Dəhşət məni götürdü. Axı insan belə yaşamamalıdı. Qonşu ilə qonşu münasibət qura bilmirsə, yaxud qurmaq istəmirsə, biz hara gedirik? Axı ata-babalarımız bir-birinin qapısını ərklə açıblar, xeyir-şərinə ortaq olublar, süfrəsinə ərklə oturublar..." 
Şair 2005-ci ilin payızında yazdığı "Sonra gələcək" adlı şeirində deyir:

Bu millət yolunda ömür qoyanlar,
Məni anlayanlar, könül duyanlar, 
Dilində Allahın kəlamı olan, 
Üzümə minnətsiz salamı olan
Mənim adamlarım sonra gələcək,
Hələ bu adamlar mənimki deyil.

Şeir belə bitir:

... Bütün ağacları əsməcə tutub,
Mişar qabağında, balta önündə.
Gəlib harayına kimsə yetəcək, 
Mənim ağaclarım sonra bitəcək.
Hələ bu ağaclar mənimki deyil.
Belə nəfsi aclar mənimki deyil. 
Mənim adamlarım sonra gələcək,
Durub mən yaşayan vaxta güləcək.

Çöldə bərk yağış yağırdı. Buna görə də soruşdum ki, Musa müəllim, yağışı çox sevirsiz? 
- Vaxtında yağan yağışı sevirəm,-dedi. 
Yadıma onun yağışa həsr etdiyi şeirindən bu bəndlər düşdü:

Vaxt varikən buludum
Su vermədi bir udum.
Nə sərim, nə qurudum,
Bu yağışı neylərəm.

Bir bayatı ağıdan
Sinəm güldü yanğıdan.
Payızımda ağladan-
Bu yağışı neylərəm.

Nazilib ömrüm, yaşım
Aşınıb aşım-aşım.
Göyərməz qara daşım
Bu yağışı neylərəm...

İş yoldaşlarım ona sualı sual dalınca verirdilər. Musa müəllim də həvəslə cavablandırırdı. Hərdən də cavab əvəzinə səmimiyyət dolu gözəl misralarını dilə gətirirdi... Bir anda mənə elə gəldi ki, indi Musa Yaqub təbiətin qoynundadı. Ağaclar çiçək yağışında çimirlər, arılar şirə toplayırlar. Bir vaxt ocaq qalanmış yerdə otlar yamyaşıldı, yenə bulaqlar nəğmə oxuyur, leyləklər payızdan boş qalmış çöp yuvalarına qayıdırlar, baharın bu gözəlliyindən, hərarətindən yol kənarındakı qara daş da göyərir...

Səməd Məlikzadə

DİGƏR XƏBƏRLƏR

Top