Amerika Birləşmiş Ştatları İraq Prezidenti Səddam Hüseynin başına pul qoyub axtarış elan edəndə "Səddam bizim kənddədir" sərlövhəli köşə yazısı yazmışdım. Sonra kəndimizdəki Səddamla bağlı bu hekayəni qaraladım...
Abuzər kişi arzu eləmişdi ki, oğlu olsa uşağa atasının adını qoysun. Ancaq əvvəlcə beş qızı dünyaya gəldi. Öz-özünə dedi ki, Allah verən paydı, neyləmək olar, qismət beləymiş. Uca Allah onun istəyini də ürəyində qoymadı. İllər sonra altıncı uşaq oğlan oldu. Qohum-qonşu Abuzər kişiyə gözaydınlığı verdi. O da kəndi yığıb şadyanalıq elədi. Gözaydınlığına kənd sovetinin katibi Xudaverdi müəllim də gəlmişdi. O, yeyib-içəndən sonra səbəbkarın atasını yanına çağırıb dedi ki, Abuzər kişi, o gün olsun toyuna gələk. Axırda onu da əlavə etdi ki, sabah sənədləri gətir, uşağa "metirka" yazdıraq. Bu işi çox gecikdirmək olmaz, bizdən də hər ay doğulanlar barədə hesabat istəyirlər...
Abuzər kişi səhəri gün lazım olan sənədləri arvadından alıb getdi Kənd Sovetinə. İçəri girib salam verdi. Xudaverdi müəllim adəti üzrə kiminləsə ucadan danışırdı. Buna görə də kişinin salamını başını yelləməklə aldı və ona yer göstərdi. Xudaverdi müəllim tez-tez deyirdi ki, neyləyək, biz balaca adamıq, sözümüzə baxan yoxdu, katib, prokuror, məhkəmə olsaydıq, kimin ağzı nəydi...
Abuzər kişi Xudaverdi müəllimin dediklərindən belə başa düşdü ki, o, rayonun vəzifəli adamlarından biri ilə danışır.
Teləfon söhbəti bitdi. Xudaverdi müəllim üzünü Abuzər kişiyə tutub dedi ki, görürsən də, ay qohum, biz nələr çəkirik. Kolxozda suçu işləmək bundan min dəfə yaxşıdı. Səhər stolun arxasına keçən telefonu əlinə götürüb zəng edir bura, keyfimizi, dərdimizi soruşmadan başlayır tapşırıq verməyə. Elə bilirlər biz də bir kişiyik. Daha başa düşmürlər ki, indi heç kolxozçu da adamı saymır, səniynən qanun dilində danışır...
Xudaverdi müəllim hiss etdi ki, deyəsən Abuzər kişi onun bu sözlərinə o qədər də inanmır. Çünki o, indi söylədiklərini yanına arayış, başqa sənəd almağa gələnlərin hamısına dönə-dönə təkrarlayırdı.
- Hə, Abuzər kişi, gəlmisən? Yaxşı eləmisən. De görüm balaca kişinin adını nə yazdırmaq istəyirsən?
Abuzər kişi sənədləri onun qarşısına qoyub sakitcə dedi:
-Rəhmətlik kişinin adını...
Xudaverdi müəllim bir qədər duruxdu. Nə düşündüsə:
- Ay baçınıza dönüm, bilmirəm bu nə adətdi düşüb kəndin canına. Niyə axı, bu millət qoymur ölənlərini qəbirdə rahat yatsın? Allah rəhmət eləsin Sədyar babaya. Əsil kşi olub. Kasıb-kusuba da əl tutub. Ancaq Abuzər, sən özgəsi deyilsən, indi bizdən tələb olunur ki, övladlarımıza müasir adlardan qoyaq. Axı, uşaqlar böyüyəndə pis adına görə xəcalət çəkirlər. Buna görə də yaxşı-yaxşı fikirləş. Uşağa elə ad yazdır ki, həm sadə olsun, həm də müasir,- dedi və durub pəncərəni açdı.
Abuzər kişi onun dediyini başa düşürdü, ancaq dediyindən də dönmək istəmirdi. Birdən ağlına gəldi ki, bəlkə Xudaverdi müəllim şirinlik istəyir. Buna görə də dedi:
- Ay Xudaverdi, mən sənə bir qoyun da boyun oluram, ancaq sən mən deyəni elə. Rəhmətlik kişinin adı itib-batmasın.
"Qoyun" sözünü eşidən Xudaverdi müəllim bir qədər mülayimləşdi və "valı" dəyişdi:
- A kişi, niyə mənə inanmırsan? Ağsaqqal adamsan, canım-ciyərimsən. Bax, gəl açıq danışaq, sənin atan kim olub? Sovet hökumətinin düşməni, qaçaq. Şura hökumətinə güllə atıb. Bunu bu ətrafda hamı bilir. Sən indi təzəcə dünyaya gəlmiş oğluna onun adını qoyanda deyəcəklər ki, hə, bu nəsil yetmiş ildə dəyişməyib. Sonra da başlayacaqlar cürbəcür "danos" yazmağa. Bir də o uşağın günahı nədi ki, indidən onun gələcəyinin qabağına daş fırladırsan?..
Kənd Soveti katibinin dedikləri, deyəsən Abuzər kişinin ağlına batdı:
- Yaxşı nə məsləhət görürsən?
Xudaverdi müəllim başa düşdü ki, Abuzər kişini niyyətindən döndərə bilib. Buna görə də tez dedi:
- Əla ad tapmışam. Sədyar olmasın, olsun Səddam. Bilirsən də, Səddam Hüseyn İraqın prezidentidi, Sovet hökumətinin də dostu. Allah eləsin, sənin oğlun da böyüyüb olsun böyük vəzifə sahibi. Bir də gördün xəbər çatıb Səddam Hüseynə ki, SSRİ-də sənin adaşın dünyaya gəlib. O da bir gün çağıracaq oğlunu yanına. Əvvəlcə Bağdatda bir saray bağışlayacaq. Bir milyon dollar da qoyacaq cibinə ki, apar Abuzər kişi yaşlı vaxtında geninə-boluna xərcləsin... Adama daha nə lazımdı ki? Onda heç mən yada düşməyəcəm. Bizim kəndin də adı məşhurlaşacaq, yuxarılarda tez-tez çəkiləcək. Bu da mənə bəsdı. İndi moddu, çoxbilmişlər uşaqlarına böyük rəhbərlərin atasının, arvadının adlarını qoyurlar. Hər halda, bir şey qazanırlar da.
Xudaverdi müəllimin dedikləri Abuzər kişiyə yaman təsir etmişdi. O, danışdıqca Abuzər kişi özünü Bağdatda hiss edirdi...
...Bir anda otaqdakı tər tökdürən isti keçib getmişdi. Gözləri önündə dənizin ləpədöyənində ağappaq bir saray canlanmışdı. Köpüklü dalğalar dənizdən əsən sərin küləyin təsirindən mərmər örtüklü sarayın ilk mərtəbəsinin pilləkənlərinə yaxın qumluqları yuyub geri çəkilirdi. Bu anlarda dalğaların qucağına alıb gətirdiyi xırda rəngbərəng balıqlar yaş qumun üzərində çırpına-çırpına yenidən özlərini dənizə tərəf atırdılar. Abuzər kişi sahilə yaxın xurma ağaclarının altında açılmış çimərlik çarpayısında dirsəklənib, gah uzaqdan gələn gəmiyə, gah da pəncərələrinin tül pərdələrini külək yelləyən ağ saraya doğru baxırdı.
Gəmiyə baxanda Abuzər kişiyə elə gəlirdi ki, o gəmi uzaq-uzaq yolları keçərək Xəzər dənizindən buraya gəlir. Bu ara Abuzər kişinin boğazı qurudu. Əlini uzadıb çimərlik çarpayısının yanında qoyulmuş balaca stolun üstündəki sərin banan şirəsindən içmək istədi...
Xudaverdi müəllim onun ürəyindən keçənləri oxuyurmuş kimi dilləndi:
- Gözlərin yol çəkir, Abuzər kişi. Olmaya Bağdadın xurmalıqlarında gəzirsən? A kişi, mən deyənə razı ol, qurtarıb getsin. Hər şey yaxşı olacaq...
Kənd Soveti katibinin səsindən diksinən Abuzər kişi bir anda harada olduğunu dəqiqləşdirə bilmədi. Hannan-hana alnından qaçlarına doğru axan təri dəsmalı ilə silib dedi:
- Nə deyirəm ki, qoy sən deyən olsun.
Xudaverdi müəllim qarşısındakı suğuclu-qaytanlı kitaba nəsə yazıb Abuzər kişiyə dedi:
- Bu oldu yaxşı. İki-üç gündən sonra gəl, "metirka"nı apar. Özün dediyin qoyunu da yaddan çıxartma, maşın göndərərəm atarsan içinə.
Abuzər kişi Kənd Sovetinin binasından çıxanda, əvvəlcə bilmədi evə getsin, yoxsa kənddən bir qədər aralı, şor kanalın yanında əkdiyi bostana. İsti qalxmışdı. Fikirləşdi ki, daha günortaya az qalıb, bundan sonra evə gedib neyləyəcək. Yaxşısı budur ki, elə bostana tərəf getsin.
Kənddən bir qədər aralanmışdı ki, "Jiquli" ilə haradansa gələn Ağəli müəllimlə rastlaşdı. Ağəli müəllim maşını saxlayıb Abuzər kişi ilə görüşdü. Sonra dedi ki, istidə piyada getmə, gəl otur maşıma, aparım.
Amma nə illah elədisə Abuzər kişi razı olmadı:
- Yox, başına dönüm. Özüm yavaş-yavaş gedəcəyəm. Siz yolunuzdan qalmayın.
Ağəli müəllim Abuzər kişinin yaxın qohumu idi. Təmiz, mehriban insan olduğu üçün həmişə deyərdi ki, bu kənddə el dərdi çəkən iki kişi varsa, biri Abuzər əmidi. Elə buna görə də çoxları Abuzər kişiyə hörmətlə yanaşırdı.
Abuzər kişi çox gec ailə qurmuşdu. Səbəbi də rəhmətlik atası ilə bağlı idi. Demişdi ki, atamdan bir soraq almayınca evlənməyəcəyəm. Əslində onun ailə qurması üçün nə isti ocağı vardı, nə də gəlin gətirməyə bir otağı. Atasından səs-soraq kəsiləndən iki-üç il sonra anası da dünyasını dəyişdi. Abuzər tək qaldı.
İllər ötəndən sonra kənddəki bərbər Bayrama qardaşından məktub gəldi. Bayramın müharibədə əsir düşmüş qardaşı Qərib sonralar Almaniyadan Türkiyəyə getdiyini, orada yaşadığını yazırdı. Qərib məktubunda İstanbulda Abuzərin atası Sədyar kişini gördüyünü də qeyd etmişdi. Abuzər kişi Bayramın qardaşından gələn ilk məktubu necə ağlaya-ağlaya oxuduğunu illər keçəndən sonra da unutmurdu.
Bayram qardaşına məktub yazanda Sədyar kişini tapmasını da yazmışdı. Lakin sən demə, KQB məktubları oxuyurmuş. Bir gün Bayramı rayona çağırdılar və tapşırdılar ki, məktubda qardaşına salam-kalamdan başqa heç nə yazma, yoxsa başın ağrıyar. O vaxtdan sonra Qəribdən də məktub gəlmədi.
Abuzər ata yurdunda tikdiyi birotaqlı mənzildə bir neçə il tək yaşadı. Çörəyini, suyunu özü hazırladı, paltarını özü yudu. Yaxşı da həyət-baca qurdu. Gecələr Allah verəndən yeyib yatağa girəndən sonra saatlarla yuxuya gedə bilmədi. Tez-tez ömründə üzünü görmədiyi atası ilə xəyalında söhbət elədi: "Adına qurban olum, ay dədə! Bircə üzünü görsəydim, dərdim olmazdı. Heç demirsən oğlun yurdunda tək-tənha neynir, necə yaşayır? Üz tutub hara gedirəm, ağzım daşa dirənir... Bircə qapımdan girsəydin..."
Abuzər yuxuya gedəndən sonra Sədyar kişi gəlib otururdu oğlunun yanında. Oğlunun saçlarını xeyli tumarlayırdı. Sonra sakitcə dayanıb onun yuxulu gözlərinə, nigaran çöhrəsinə baxırdı. Ancaq oğlu ilə bircə kəlmə də kəsmirdi.
Abuzər oyanıb gördüklərinin yuxu olduğunu biləndən sonra çox kövrəlirdi, sinəsi göynəyirdi.
Fikirli görünürsən, Abuzər dayı, nə olub?
Abuzər ürəyindəkiləri müəllimdən gizlətmək üçün:
- Elə bir şey olmayıb. Ancaq, deyirlər müharibə olacaq!
- Hər söz-söhbətə inanma.
- Yaxşı, müəllim, de görüm, Bağdad buradan çox uzaqdı?
- Mən biləni, min kilometrdən çox olar. Necə bəyəm?
- Heç, elə-belə soruşuram.
Sağollaşıb ayrıldılar. Abuzər kişi gedəndən sonra müəllim onun arxasınca xeyli baxdı. Kişinin sonuncu sualı Ağəli müəllimi çox düşündürürdü. Ancaq tapdığı cavablar özünü qane etmirdi.
Abuzər kişi bostanın kənarında tikdiyi çardağa çatanda bərk susamışdı. Əlini uzadıb çardağın dirəyinə axşamdan keçirdiyi suqabını götürüb suyu başına çəkdi. Sonra ayaqqabılarını və pencəyini çıxarıb dəmir çarpayıya uzandı. İçdiyi su və Küdrü düzündən əsən meh onun ürəyini sakitləşdirdi. Yadına Xudaverdi müəllimin dediyi sözlər düşdü: " ...Sənin atan kim olub?- Qaçaq! Şura hökumətinin düşməni... Deyəcəklər ki, bu nəsildən bircə nəfər qalıb, o da elə köhnə havaynan yaşayır... Səddam yazsaq yaxşıdır, özü də Sovet hökumətinin dostudu...."
Abuzər kişi bu anda illərlə ürəyində əzizlədiyi adı təkrar pıçıldadı və hirslə öz-özünə dedi:" Deməli, mən öz atamın adını uşağıma qoya bilmərəm?! Yox, Səddam olmayacaq, uşağın adı Sədyar yazılmalıdı!
Bir azdan Abuzər kişi dəmir çarpayıda yuxuya getdi. Yuxuda gördü ki, atası nəvəsinin əlindən tutub bostanla saralmış zəminin arasından keçən yolla ona tərəf gəlirlər...
Səməd Məlikzadə