Son illər Bakı şəhərində məişət tullantılarının daşınması, utilizasiyası istiqamətində xeyli işlər görülüb. Artıq paytaxtda zibillərin böyük bir hissəsi “Təmiz Şəhər” ASC-nin Balaxanıda yerləşən Məişət Tullantılarının Çeşidlənməsi və Yandırılması zavodlarında emal olunur. Amma buna baxmayaraq, hələ də tullantıların yığılması, daşınması və yerləşdirilməsi ilə bağlı ciddi problemlər qalmaqdadır.
Bakıətrafı ərazilərdə, o cümlədən respublikanın rayonlarında tullantıların yığılması ilə bağlı problem daha ciddidir. Belə ki, bir çox qəsəbələrdə sakinlər tullantıları atmağa zibil qutuları tapmadığından onları ya evlərin, məhəllələrin kənarına atır, ya da həyətdə torpağa basdırır. Çoxmərtəbəli binalarda isə sakinlərin tullantıları yaşadıqları binaların girişinə, küçəyə, hara gəldi tullaması halları hələ də var. Yaxud şəhərətrafı qəsəbələrdə zibil qutuları bir çox hallarda “əlçatmaz” məkanlarda-yağışda palçığı dizə çıxan yerlərdə qoyulur ki, sakinlər də belə qutulara “yan ala” bilməyib zibilləri hara gəldi atırlar.
Bəs dünyanın inkişaf etmiş ölkələrində məişət tullantıları ilə bağlı vəziyyət necədir? Oralarda da “pampersləri” yaşadıqları binaların bloklarına, hətta liftlərin içərisinə atanlara rast gəlinirmi? Yaxud tullantıların yığılması və emalı necə təşkil olunub?
Bu mövzu ilə bağlı İsveç nümunəsi: Belə ki, bu ölkədə nəinki sadaladığımız problemlər mövcud deyil, üstəlik İsveçdə zibil qıtlığıdır və hətta xaricdən zibil idxal edirlər. Çünki hökumət məişət tullantılarının utilizasiyası ilə bağlı məsələni o qədər mükəmməl şəkildə nizamlayıb ki, ölkədə zibil qıtlığı yaranıb. Məcbur olub xarici ölkələrdən zibil almalı olublar.
Bu ölkədə çoxdandır ki, bütün tullantılar və yanacaq təkrar emal olunur. Məsələn, plastik materiallar 7 dəfə təkrar emal oluna bilir və bundan sonra da yanacaq kimi elektrik stansiyasına göndərilir. Əhali arasında daim maarifləndirmə işi aparılır və onlara tullantılardan düzgün istifadə yolları öyrədilir.
Hər bir ailənin sərəncamında zibillərin çeşidlənməsi üçün 6 və ya 7 ədəd zibil qutusu var. Burada plastik materiallar, kağız, şüşə, karton, metal və digər materiallar ayrıca toplanır. Daha bir qutu isə təkrar emal edilə bilməyən tullantılar üçün nəzərdə tutulur. Stokholmda hətta balacauşaq da konfet kağızını yanlış konteynerə atmır. Uşaq bağçaları və məktəblərdə zibilin düzgün şəkildə çeşidlənməsi öyrədilir və qutulardan qeyri-düzgün istifadəyə görə cərimə nəzərdə tutulur.
Televizorlar, divanlar, tikinti materialları kimi böyük əşyalar xüsusi stansiyalara gətirilir. Orada məhsullar hissələrə ayrılır və istehsalçılara satılır. Stansiyalarda həmçinin boyalar, turşu və digər təhlükəli maddələr ayrılır və daha sonra kimyəvi maddələr emal edən xüsusi fabrikə göndərilir.
İsveçdə son illər binaların sökülməsində "dekonstruksiya" adlı yeni üsuldan da istifadə olunur. Məsələn, köhnə bir binanın sökülməsi zamanı, maşınlar əvvəlcə divarları parçalayaraq yenidən istifadə üçün tikinti materialları halına gətirmək üçün xüsusi stansiyaya aparırlar. Beləliklə, köhnə ev yeni evə çevrilir.
Metal və plastik bankalardan da pul qazanmaq mümkündür. Bunun üçün onları qəbul məntəqələrinə təhvil vermək lazımdır. İsveçdə, bütün Avropa ölkələrində olduğu kimi, butulkalar xüsusi qurğuya atılır və bunun əvəzində oradan pul çıxır. Bu ölkədə həmçinin istifadə müddəti bitmiş həbləri də atmırlar, onları apteklərə təqdim edirlər. Bura həm də istifadə olunmuş şprislər və iynələr də daxildir.
Ölkə daxilində zibillərin daşınması 1961-ci ildə istifadəyə verilmiş yeraltı kanal vasitəsilə həyata keçirilir. Belə bir zibil qurğusunun əsas hissəsi yeraltı yerləşir və ölkə əhalisi onun yalnız üst hissəsini görür.
Hazırda İsveçdə tullantıların olmaması tullantılarla bağlı yeganə problemdir. Bütün zibillərin yalnız 7 faizi yararsızdır, qalan hissəsi isə yandırılır və ya təkrar emal olunur. Beləliklə, təkcə tullantılar hesabına Stokholm tələb olunan elektrik enerjisinin 45 faizini əldə edir. Tullantıların qıtlığı isə əhali üçün böyük problem yarada bilər, çünki isveçlilər məhz tullantılardan alınan enerji ilə evlərini qızdırırlar və elektrik enerjisi əldə edirlər. Problemi həll etmək üçün qonşu Norveç İsveçə kömək etməyə hazır olduğunu bəyan edib. Hər il bu ölkədən İsveçə 800 min ton zibil ixrac olunacaq.
İsveçlilər ölkənin yandırılmaya və təkrar emala yaramayan zibillərin miqdarını azaltmaqla yanaşı, həm də emal zamanı atmosferə buraxılan zərərli qazların miqdarının minimum səviyyədə olmasını təmin etməyə çalışırlar. Yandırılma zavodlarında istifadə edilən ən son texnologiyalar sayəsində atmosferə buraxılan qazların miqdarı 1 faizdən çox olmamalıdır.
(virtualaz.org)