Tələbələr daha çox təqaüd alacaq - ÜSTƏLİK KREDİT DƏ GÖZLƏNİLİR

Prezident İlham Əliyev ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi, ali məktəb tələbələri üçün prezident təqaüdünün artırılmasını nəzərdə tutan sərəncamlar imzalayıb.

Sərəncamlar dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq göstəriciləri yaxşı olan bütün tələbələrə şamil ediləcək. Sərəncama əsasən, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 vahid artırılacaq və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılacaq.

Sərəncama görə, martın 1-dən elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manat, magistratura səviyyəsi üzrə təhsil alanlara akademik göstəriciləri üzrə 75 manatdan 170 manatadək, orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrə 50 manatdan 75 manatadək, peşə təhsili müəssisələrinin tələbələrinə isə 50 manat təqaüd veriləcək. Həmçinin ali məktəb tələbələri üçün Prezident təqaüdü də martın 1-dən 185 manatdan 210 manata qaldırılıb.

Öz növbəsində, təhsil naziri Ceyhun Bayramov 2019-2020-ci tədris ilində Azərbaycanda işlək tələbə kredit sisteminin təsis ediləcəyini bildirib. Nazir deyib ki, Təhsil Nazirliyi bu sahəyə aidiyyəti olan qurumlarla birlikdə intensiv hazırlıq işləri görüb və hazırda işlər davam etdirilir. Nazirin sözlərinə görə, tələbə krediti məsələsi üzrə yaradılan İşçi qrup aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə fasiləsiz iş aparır və yekun layihənin yaxın zamanlarda hökumətə təqdim ediləcəyi gözlənilir.

Bu sərəncamlar Azərbaycanda təhsilin keyfiyyətində hansı irəliləyişlərə səbəb olacaq? Ali təhsilə marağı stimullaşdıra biləcəkmi?

Yeniavaz.com xəbər verir ki, təhsil üzrə ekspert Kamran Əsədov virtualaz.org-a açıqlamasında Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamları təhsilin inkişafı istiqamətində atılmış mühüm addım hesab edir. Ekspertin sözlərinə görə, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası” qəbul edilib və məqsəd ölkədə ali təhsilin əhatə dairəsinin genişləndirilməsidir. Məhz 14 fevralda ölkə prezidentinin imzaladığı sərəncamın məğzi bunun həyata keçirilməsidir. K.Əsədov deyir ki, sərəncam əslində üç hissədən ibarətdir: birinci hissə - tələbələrin təqaüdlərinin məbləğinin artırılması, ikinci hissə - təqaüd alanların sayının artırılması, üçüncü hissə isə, ali təhsil müəssisələrində dövlət sifarişli ixtisasların sayının artırılmasıdır.

“Azərbaycanda son 10 il ərzində tələbələrin təqaüdləri bir neçə dəfə artırılıb. Məsələn, 2010-cu ildə bakalavr pilləsində təhsil alanlar 90 manat təqaüd alırdılarsa, hal-hazırda bu rəqəm 145 manat təşkil edir. Doktorluq dərəcəsində bu rəqəm 2010-cu ildə 166 manat idisə, indi 300 manata qədər artırılıb. Yəni, insanların sosial-rifah halının yaxşılaşdırılması istiqamətində iş aparılır. Ən uğurlu addımlardan biri isə təqaüd alan tələbələrin sayının 16 min nəfər artırılmasıdır. Hazırda 54 təhsil müəssisəsində 164 min tələbə təhsil alır və onun 54 min nəfəri təqaüd alır. Amma indi onların sayı artırılaraq 70 min nəfərə çatdırılacaq. Bu, çox ciddi rəqəmdir və dünyanın heç bir ölkəsində təqaüd alanların sayının birdən-birə bu qədər artırılması müşahidə olunmayıb”, - K.Əsədov vurğulayır.

Digər məsələ, dövlət sifarişli ixtisaların sayının artırılmasına gəlincə isə, ekspert qeyd edir ki, 2018-ci ilin ali təhsil müəssisələrinə qəbul zamanı 43 min plan yerinin yalnız 12 mini dövlət sifarişli ixtisalar idi. Amma Prezidentin imzaladığı sərəncama görə, bu rəqəm 21 minə qaldırılacaq. 2020-ci ildə isə həmin rəqəm 25 minə qaldırılacaq: “Yəni artıq ölkədə ali təhsilin mərhələlərlə pulsuz olması, ödənişsiz olması həyata keçiriləcək. Ölkə Prezidentinin əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanda ali təhsilli vətəndaşların sayı artsın. Hazırda bu rəqəm ölkə vətəndaşlarının 17 faizini təşkil edir. Hər 1000 nəfərdən 164 nəfəri ali təhsillidir. Ölkə Prezidenti istəyir ki, bu rəqəm 17 faizdən 30 faizə qalxsın, ölkədə ali təhsilli insanların sayı çoxalsın”.

Ekspert hesab edir ki, bu sərəncam Azərbaycanda ali təhsilin inkişafına ciddi təkan verəcək: “Ona görə ki, bu, rəqabət mühiti formalaşdıracaq. Çünki daha təkcə ödənişsiz təhsil alanlar təqaüd almayacaq, eyni zamanda ödənişli təhsil alanlar da təqaüd alacaq. Amma onların akademik göstəriciləri də yaxşı olmalıdır. Deməli, bundan sonra Azərbaycan tələbəsi çalışacaq ki, semester ərzində, imtahan ərzində nəticələri yüksək olsun. Hətta təqaüdlərin məbləği imkan verəcək ki, onlar öz ödənişlərini özlərinin aldıqları təqaüdlə ödəsinlər. Yəni 145 manat təqaüd alan şəxs bir il ərzində özünün təhsil haqqını tam şəkildə ödəmək imkanına malik olacaq. Düşünürəm ki, Prezidentin 14 fevralda imzaladığı bu sərəncam Azərbaycanda təhsilin beynəlxalq rəqabətliliyinin artmasına imkan verəcək”.

Azərbaycanda hazırda təhsil müəssisələrində plan yeri 45 min nəfərdir. Ekspert deyir ki, bu qədəmi 70-80 min nəfər də etmək mümkündür. Amma əsas məqsəd təkcə kəmiyyət artımı deyil, həm də keyfiyyət artımına nail olmaqdır. Ona görə də, bu proses mərhələli şəkldə aparılır.

“2023-cü ildə keyfiyyətli ali təhsilli vətəndaşların saının 30 faizə çatdırılması təmin olunacaq. Çünki 2019-cu ildə dövlət sifarişli ixtisalara plan yerinin sayı 45 min nəfərə açtdırılacaq, 2020-ci ildə isə 50 faizə çatdırlacaq. Artıq insanlar maddi imkan yoxdur deyə təhsildən imtina etməyəcəklər. Onlar dövlətin yaratdığı imkanla keyfiyyətli ali təhsil alacaqlar”, - K.Əsədov bildirir.

Xatırladaq ki, Prezidentin imzaladığı sərəncamın 110 minə yaxın tələbəyə şamil olunacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top