Goranboy sakini: ''Sosial yardım ala bilmək üçün ilk 5-6 ayını məmurlara verməlisən''


Bu günlərdə Goranboy sakini Sənan Əsədov Yeniavaz.com saytına ailəsinin çətin vəziyyətində ünvanlı sosial yardım ala bilməməsi ilə bağlı müraciət edib. S.Əsədov bildirib ki, 5 övladı var, aylıq gəliri isə 80 manatdır: "Elə gün olur ki, quru çörək belə tapa bilmirik. Böyük övladımın 11 yaşı var, ən kiçiyi isə 4 aylıq körpədir. Qohum-qonşunun evində fəhləlik etməklə ailənin gündəlik təlabatlarını bir təhər ödəyirəm".
S.Əsədov Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Goranboy Şöbəsinə ünvanlı sosial yardım almaq üçün müraciət etdiyini, lakin müsbət cavab ala bilməyiblər: "Dəfələrlə vəziyyətimizlə bağlı Goranboy Rayon İcra Hakimiyyətində olmuşuq. Get-gələ salınmaqdan başqa bizə hec bir köməklik göstərilmir. Qapısında sürü ilə mal-qarası olanlara sosial yardım verilir, bizim kimi imkansız ailə bu yardımdan yararlana bilmir".
5 uşaq atası iddia edir ki, DSMF-nin Goranboy Şöbəsinin "sövdələşmə"si ilə razılaşmadığı üçün sosial yardəm ala bilmir: "Bizi niyə əliboş geri qaytardıqlarını başa düşürəm. Bizi dəfələrlə  gözlədirlər ki, bəlkə onlarla sövdələşərik. Biz də sövdələşmirik. Hamı kimi onlara təklif etməliydik ki, siz bizə sosial yardım verin, biz ilk 6 ayını sizə verməyə hazırıq. Heç nə demədik, onlar da bizi yolladılar. Rayonda alanların hamısı o cür razılaşır. Ona görə də baxırsan ki, qapısında sürüylə heyvanı, hektarlarla əkin-biçin sahəsi olanların hamısı ünvanlı sosial yardım alır”.
Ailə evlərində qazın da olmadığını və aidiyyatı qurumlardan kömək istədiklərini bildirir: ”Körpə uşaqlar evdə soyuqdan donurlar. 5 uşağı dolandırmaq çox çətindir. İşıq pulunu da ödəməyə çətinlik çəkirik. 12 ildir bu vəziyyətdə yaşayırıq. Məktəbli övladlarımın dərs ləvazimatlarını ala bilmirəm. Çox vaxt məktəbə getmirlər. İkisi məktəblidir. Biri 4 digəri 5-ci sinifdə oxuyur. 3-cü qızım bu il hazırlığa getməli idi. Ayaqqabısı, geyimi olmadığından göndərə bilmədik”.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top