Bezlərin oğlan uşaqlarına bu təsiri ilə bağlı deyilənlər yalan imiş - Açıqlama


"Bez uşağın ayağını əyir, ziyandı", "Bez oğlan uşaqlarının cinsi inkişafının qarşısını alır, sonsuzluq yaradır" iddialarına baxmayaraq, hazırda uşaq bezi işlətməyən ailə tapmaq, demək olar ki, mümkün deyil. Bəs, bu iddialar nə qədər əsaslıdır, bezlər həqiqətənmi uşaq sağlamlığına ziyandır? Uşaqlarda sidik yolu infeksiyası, oğlan uşaqlarında sonsuzluq yaradırmı?

Yeniavaz.com saytı e-tibb.az-a istinadən bildirir ki, pediatr Günay Rəsulovanın sözlərinə görə, günümüzdə anaların işini rahatladan bütün vasitələrdən yerli-yersiz istifadə uşağa zərər verə bilər. Düzgün istifadə edildikdə isə zərərdən daha çox faydası olur. Həkim deyir ki, bez seçimində valideynlər, ilk növbədə, keyfiyyətə üstünlük verməlidilər: "Düzdür, bu, bir az da maddi vəziyyətlə bağlı olan məsələdir. Amma valideynlər ucuz və keyfiyyətsiz bezlərdənsə daha rahat, elastik, mayeni özünə çəkə bilən və dermatitə səbəb olmayan keyfiyyətli bezlərə üstünlük verməlidirlər ki, bəzi sıxıntılarla üzləşməsinlər. Bez uşağın ayına, çəkisinə uyğun düzgün seçilməlidir. Bəzən uşağın yaşı az olsa da, çəkisi çox olur. Valideyn də bezi sırf uşağın yaşına uyğun alıb taxır, bu zaman bez körpəni sıxır, diskomfort yaradır. Bez tez-tez dəyişdirilməlidir. Bir də görürsən ana uşağa səhər taxdığı bezi axşam çıxarır. Əlbəttə, bu, doğru deyil. Bu zaman bezin içindəki dəri nəm qalır. Nəmlik isə dəridə göbələk infeksiyasınin əmələ gəlməsinə şərait yaradır. Dermatit, qızarıqlıq, qaşınma, dəri problemləri, infeksiya yaranmasın deyə bezdən düzgün istifadə önəmlidir. Bez vaxtlı-vaxtında dəyişdirilməli, mümkün olduqca uşağa erkən tualet vərdişi öyrədilməlidir".

Pediatr qeyd edir ki, bezin oğlan uşaqlarında cinsi inkişafı əngəlləməsi, sonsuzluq yaratması ilə bağlı dolaşan fikirlər həqiqəti əks etdirmir: "Bezlərin oğlan uşaqlarında bilavasitə sonsuzluğa səbəb olduğu fikri həqiqətə uyğun fikir deyil. Oğlan uşaqlarında sperma əmələ gəlməsi pubertat - cinsi yetişkənlik dövründə baş verir. Bu səbəbdən körpəlikdə istifadə edilən bezin sonsuzluq yaratması mümkün deyil. Ancaq uzun müddət bezdən istifadə həm qız, həm də oğlan uşaqlarında sidik yolu infeksiyasına səbəb ola bilər. Sidikdən qoxunun gəlməsi infeksiyanın əlamətidir. Sidik yolu infeksiyası isə böyrəklər üçün təhlükəli vəziyyətdir, uşaqlarda xroniki böyrək çatışmazlığının ən sıx səbəblərindəndir. Ona görə də bezdən doğru istifadə bu problemi önləmiş olar olar.

Bəzən görürük ki, analar bezin içinə parça qoyurlar. Bu da yanlış üsuldur. Bezin tərkibi elə hazırlanıb ki, mayeni özünə çəkir, parça isə yaş qalır. Bu da dəridə dermatit, göbələk infeksiyası, sidik yolu infeksiyasına gətirib çıxara bilər. Xüsusi vurğulamaq istərdim ki, nəm salfetlərdən istifadə, dar və sıx uşaq bezi, yaxud sıx alt paltarları da uşaqlarda sidik yolu infeksiyası yarada bilər".

O ki qaldı qız və oğlan uşaqları üçün son vaxtlar ayrıca bezlərin istehsal olunmasına, G. Rəsulova bunun önəmli fərqinin olmadığını bildirir: "Son vaxtlar oğlan və qızlar üçün ayrıca bezlər reklam olunur. O bezlərin cins nöqteyi-nəzərindən fərqi yoxdur. Sadəcə, biznes maraqlarıdır, alıcı cəlb etmək üçün adi bezlərə rəng və forma dəyişikliyi ediblər, vəssalam".

Sonda pediatr məsləhət görüb ki, valideynlər uşaqlarda mümkün olduqca 1 yaşdan başlayaraq tualet vərdişi formalaşdırmağa, onları güvəcə öyrətməyə başlasınlar: "Uşağın güvəcə öyrədilmə yaşı ən gec 1 yaş 8 ayında baş verməlidir. 1 yaşından başlayaraq uşağı yavaş-yavaş güvəcə öyrədərək, bezdən çıxarmaq lazımdır. Bu, uşağın tualet vərdişinin formalaşması, gigiyenası, sidik yolu infeksiyasının qarşısının alınması üçün çox vacibdir".

DİGƏR XƏBƏRLƏR

Top