Tibb elmləri doktoru "donuz qripi"ndən qorunmağın yollarını açıqladı - "Bunlara riayət edin"


Gürcüstanda və Ermənistanda "donuz qripi" aşkarlanan insanların sayı hər gün artır. Azərbaycanda bu xəstəliyə yoluxma halı aşkarlanmasa belə, insanlarda narahatlıq var. Bəs özümüzü "donuz qripi"ndən mümkün qədər qorumaq üçün nələr etməliyik?

Yeniavaz.com saytına açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bu ərəfələrdə tibbi maskalardan istifadənin vacib olduğunu bildirib: "Qrip virusu hava damcı yolu ilə (öskürmə və asqırma) ötürülür. Donuz qripindan 2009-cu ildə də dünyada xeyli ölənlər oldu. Onlarla bağlı aparılan araşdırmalar göstərdi ki, bu virus orqanizmi xeyli zədələyir, nəticədə başqa infeksiyalar baş qaldırır. Məsələn, insanların çoxu o vaxt pnevmaniyadan ölmüşdü. Bu cür qəribə ölüm halları olmuşdu. Azərbaycanda da bunlar olmuşdu, amma rəsmi statistikada deyildi, deyilmədi, bilmirəm. Bizdə bu qripin olması ehtimalı yetərincədir. Gürcüstandan bura insanlar tez-tez gəlirlər, gedirlər, ona görə də donuz qripinin Azərbaycana keçmə ehtimalı çox yüksəkdir.

İnsanlar özünü necə qorumalıdır? Yaxşı olar ki, bir müddət dövlət tərəfindən karantin tədbirləri görülsün. Bundan başqa, yol gedərkən, ictimai nəqliyyatda, əhalinin kütləvi toplanma yerlərində tibbi maskalardan istifadə edilsin. İnsanlarımız vitaminli qidalarla daha çox qidalansınlar. Səhər-səhər idman etsinlər. Qapalı yerlərdə, zirzəmilərdə, xüsusilə yeraltı keçidlərdə çox dayanmasınlar. Çünki o yerlərdə asqıran olanda infeksiya havada qalır. Yaxşı ventilyasiya olmayan yerlərdə çox olmağı məsləhət görmürəm".
Adil Qeybulla vətəndaşlara bu ərəfədə geyim məsələsində də həssas olmağı məsləhət görüb: "Geyim mövsümə adekvat seçilməlidir, yəni çox nazik geyinmək olmaz. Bu, xüsusilə bayırda piyada gəzən şəxslərə aiddir. Geyim elə seçilməlidir ki, insan üşüməsin. Əgər üşüyürsə, soyuqlama ehtimalı artır.
Çoxlu meyvə-tərəvəz yeyilməlidir və onlar yaxşı yuyulmalıdır. Gün ərzində dəfələrlə əllər sabunla yuyulmalıdır. Çünki bu virus ələ düşürsə, əlimizi demək olar hər yerə vururuq. Sabun həmin virusu neytrallaşdırır. Bu şeylərə riayət edən insanlar bundan yaxa qurtara bilərlər".
Həmsöhbətimizin sözlərinə görə, qripə yoluxma zamanı xəstə yataq rejiminə keçməlidir: "Maye itkisi çox olduğundan (xüsusilə qızdırma zamanı) çoxlu maye qəbulu tələb olunur. Vitaminli qidalar qəbul etməli, yataq otağı mütəmadi ventilyasiya edilməlidir. Zərərli vərdişləri (alkohol, siqaret, qəyan və s.) qəbulu dayandırmalı, "skvoznyak"dan və əlavə soyuqdəymədən qorunmaq lazımdır. Özbaşına dərman (xüsusilə antibiotik) qəbuluna yol verilməməlidir".
Adil Qeybulla problemin aktuallaşdığı bir vaxtda telekanallarımızın bu xəstəliklə bağlı maarifləndirici verilişlər hazırlamamasından da narahatlığını bildirib: "Təəssüf ki, telekanallarımız bu mövzuda maarifləndirici verilişlər vermirlər".

DİGƏR XƏBƏRLƏR

Top