"Qoy, cəmiyyət bunu müzakirə etsin, əksinə bu, faydalıdır" - Deputat


"Bu, beynəlxalq olimpiadalara hazırlıq üçün seçilən metoddur. Fikrimcə, bu məsələdə metodoloji yanlışlığa yol verilib. Ona görə də müəllimlərin zəif nəticələri cəmiyyətdə rezonans doğurdu".
Yeniavaz.com xəbər verir ki, bunu Sonxeber.az-a Milli Məclisin deputatı Fazil Mustafa "İstedadlı şagird üçün istedadlı müəllim" müsabiqəsində müəllimlərin xeyli aşağı nəticə göstərmələrinə münasibət bildirərkən deyib.

Özünə güvənən müəllimlərə şans verilməliydi
Millət vəkilinin sözlərinə görə, belə bir tədbiri keçirəndə mütləq müsabiqə elan edilməliydi: "Digər tərəfdən, konkret siyahı üzrə müəyyən məktəblərdən göndərilən müəllimlərin iştirakı nəzərdə tutulmamalıydı. Bunun əvəzində özünə güvənən müəllimlərə şans verilməliydi. Kim özünə güvənirsə, bu imtihanalara qatılıb həmin statusu qazanmalıydı. Müəllim imtahan üzrə bir predmeti normal səviyyədə bilməlidir, ən azı 50 faizdən yuxarı nəticə göstərməlidir. Əgər riyaziyyatdan 400-500 nəfərdən 4-5 nəfəri, yəni 1 faizi 50 faizdən yuxarı nəticə göstərirsə, bu, məktəblərimizin səviyyəsinin bir göstəricisidir".

Nazirlik qorxmamalıdır
F. Mustafa hesab edir ki, ona görə də bu məsələlərdə problemləri gizlətməkdən daha çox onu müzakirə etməyin faydası var: "Burada kimsə fərdi şəkildə Təhsil Nazirliyini ittiham edirsə, bu da yanlışdır. Çünki nazirlik tərəfindən son vaxtlar kifayət qədər ciddi yoxlama tədbirləri görülür və bu, müsbət haldır. Əvvəllər bu gizlədilirdisə, indi aşkarlıqla keçirilir, rəqəmlər çatdırılır, ifadə olunur. Buna görə də kimisə ittiham etmək məqsədi ilə yanaşma olmamalıdır. Problemin müzakirə edilməsi faydalıdır, bundan da nazirlik qorxmamamıdır".

Bu ənənəni aradan götürməliyik
Deputat bildirib: "Bəzən Təhsil Nazirliyi tərəfindən elə fikir formalaşdırılır ki, bu məsələni müzakirəyə çıxartmaq doğru deyil, yaxud da təhrif olunmuş şəkildə çıxarılr. Qoy, cəmiyyət bunu müzakirə etsin, əksinə bu, faydalıdır, müzakirədən sonra gələcəkdə bunun hansı formada doğru keçiriləcəyinin yolu da tapılacaq. Konkret olaraq nazirliyin özü üçün də bu faydalıdır. Azərbaycanda "təhsil ancaq Təhsil Nazirliyinin problemidir" kimi ənənəni aradan götürməliyik. Cəmiyyətdə hamı bu və ya digər səviyyədə təhsilin subyektidir. Hamımızın problemidir. Hamı bu məsələdə öz gücü çatan səviyyədə iş görməlidir, problemləri dilə gətirib onun həllinə öz töhfəsini verməlidir. Bu baxımdan da məsələnin bu formada müzakirəsini bir az sağlam məcraya yönəltmək lazımdır ki, kiməsə ittihamedici formada yanaşmayaq, amma müəllimlərin səviyyəsi məsələsini həqiqətən də ciddi milli problem olaraq görməyə davam edək".

DİGƏR XƏBƏRLƏR

Top