Kənd camaatı Bakıdan rayonlara niyə qayıtmır? - İqtisadçı deputatın fikirlərinə CAVAB verdi


Xəbər verildiyi kimi, deputat Rüfət Quliyev müsahibəsində Bakıda heç bir iş görməyən kənd camaatının rayonlara qayıtmasını təklif edib. Bildirib ki, regionlarda insanların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün bütün addımlar atılıb və bu işlər davam etdirilir. Onun sözlərinə görə, əgər 90-cı illərdə regionlarda işıq, su, qaz problemi vardısa, hazırda bu problemlər minimuma endirilib.
"Burdan regionlarda yaşayan insanlara deyirəm ki, dövlət sizə hər cür şərait yaradıb. Siz Bakıya niyə gəlirsiniz? Bakı 2,5 milyon əhali üçün nəzərdə tutulan bir şəhərdir. Amma indi bu rəqəm 4 milyondan çoxdur. Bu insanların əksəriyyəti rayon əhalisidir. Mənim təklifim odur ki, Bakıya gəlib yaşayan, lakin heç bir iş görməyən kənd camaatı paytaxtdan rayonlara qayıtsın. Onlar şəhərdə iş gözləməkdənsə, gedib rayonlarda kənd təsərrüfatı ilə məşğul olsunlar",-deyə millət vəkili bildirib.
Deputatın bu fikirləri isə sosial şəbəkələrdə müzakirə mövzusu olub. Əksəriyyət iş olmadığı üçün insanların Bakı və Abşerona üz tutduqlarını bildirib və bu fikirlərinə görə deputatı qınayıb.
Mövzu ilə bağlı Yeniavaz.com saytının suallarını iqtisadçı ekspert Natiq Cəfərli cavablandırıb.
 
- Natiq müəllim, deputatın qeyd etdiyi kimi, kəndlərdə vəziyyət yaxşılaşıbsa, insanlar iş dalınca paytaxta niyə gəlir?
- Bu, çoxtərəfli məsələdir. Dünyada şəhərləşmə prosesi çox sürətli gedir. Avropa ölkələrində də bu proses var. Bu, o demək deyil ki, həmin ölkələrdə kəndlərdə vəziyyət çox pisdir, əhali ona görə şəhərə köçür. Bunlar urbanizasiya ilə əlaqədardır. Azərbaycana gəlincə, kəndlərdə, rayonlarda gündəlik tələbatı ödəyəcək şəkildə infrastrukturun olduğunu hələ də demək mümkün deyil. Əhalinin bir qismi buna görə şəhərlərə üz tutmağa məcbur olur.
Digər bir qismi ona görə şəhərlərə gəlir ki, regionlarda zavodların, fabriklərin bağlanması, iş yerləri ilə bağlı problemlərin olması insanları iş yerləri axtarmaq üçün şəhərlərə üz tutmağa vadar edir.
Digər məsələ ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatının disbalanslı inkişaf modeli var, iqtisadi fürsətlərin böyük əksəriyyəti Bakı və Abşerona cəmlənib. Rəsmi rəqəmlərə belə baxsaq görərik ki, büdcənin formalaşması az qala 90 faiz Bakı və Abşeronun üzərindədir. Xarici ticarət az qala 93 faiz Bakı və Abşeronun payına düşür. Yəni bu sahədə kifayət qədər problemlər var, təəssüf ki, disbalanslı bir model formalaşıb.
 
- Kənddə yaşayanlar torpaqdan yetərincə pul qazana bilirlərmi?
- Problemli məsələlərdən biri də torpaq sahələrindən qeyri-effektif istifadənin olmasıdır. Kiçikhəcmli torpaq sahələrində çalışmaq çox zaman rentabelli olmur və bu, problem yaradır.
Vətəndaşların, fermerlərin özlərinin seçim imkanının məhdudlaşdırılması da onlara çətinlik yaradır. Bəzən icra hakimiyyətləri müdaxilə edirlər. Texniki və digər bitkilərin əkilməsi ilə bağlı fermerlərə müdaxilələr olur. Bu da onların seçim imkanlarını məhdudlaşdırır və özlərinin bildikləri formada işləmələrinə maneçilik törədir.
 
- Kənd təsərrüfatının inkişafı üçün kreditləşmənin rolunu artırmaq  istənilən səviyyədədirmi?
- Digər ölkələrdən fərqli olaraq bizdə kənd təsərrüfatının kreditləşməsi çox aşağı səviyyədədir. Kənd təsərrüfatı elə bir sahədir ki, bura çox aşağı faizli və uzunmüddətli kreditlərin verilməsi lazımdır ki, bir müddət sonra effektini görə biləsən. Azərbaycanda isə kredit faizləri çox yuxarıdır, müddəti də çox azdır və bu da kənd təsərrüfatı ilə məşğul olan insanları qane etmir.
Daha bir problemli məsələ sığorta ilə bağlıdır. Bütün inkişaf etmiş ölkələrdə aqrar sahədə çalışanların təbiət hadisələrindən və digər gözlənilməz hadisələrdən sığortalanmasının böyük bir qismini dövlət üzərinə götürür. Azərbaycanda belə bir sistem qurulmayıb.
Yəni sadaladıqca görürsən ki, çox böyük problemlər var, bunlar həll olunmadığına görə, kənd əhalisinin şəhərlərə köçməsi geniş vüsət alıb. Bütün bunların nəticəsidir ki, Bakı və Abşeronun əhalisi artıq az qala ölkə əhalisinin yarısını təşkil edir. Bu da disbalanslı inkişafın ən böyük problemlərindən biridir.
 
- Rüfət Quliyev deyib ki, bəzi kəndlilər torpağını satıb "Mercedes" alır, nədi-nədi qonşusunun da bu maşından var...
- Bu, tamamilə absurd yanaşmadır. Çünki heç bir fermer və kəndli gəlirli sahədən imtina edib, köhnə maşın almaq üçün əlindən çıxarmaz.
Azərbaycanda deputatlar da, məmurlar da problemləri çox zaman xalqın, vətəndaşın, cəmiyyətin üstünə atmağa çalışırlar. Sanki cəmiyyətdə, xalqda, onun davranış qaydalarında problemlər var ki, bütün bunlar baş verir. Belə deməyə çalışırlar, amma elə deyil. Azərbaycanlıların bəzi ölkələrin əhalisindən böyük üstünlükləri var. Çox çalışqandırlar, pul qazanmağı sevirlər və çalışırlar, səhərdən axşama kimi torpaqda da, iş yerində də çalışmağa razıdırlar, təki ailələrini yaxşı dolandırsınlar.
Ona görə də elə demək yanlış bir yanaşmadır. Azərbaycanlılar işlək insandılar və başqa ölkələrə köçdükdə həmən uğur qazanırlar. Necə ola bilər ki, Gürcüstanda kənd təsərrüfatında çalışan azərbaycanlılar artıq Şotlandiyaya, Britaniyaya, Avropa ölkələrinə məhsul ixrac edə bilirlər. Eyni azərbaycanlılar, eyni soy-kökə məxsus adamlar Azərbaycanda yaşayanda bunu edə bilmirlər.
Deməli, burda sistem, yanaşma, idarəetmə, şəffaflıq, iqtisadi baxışların doğru yerinə yetirilməməsi problemi var. Bir çox çatışmazlıqlar var, amma onun həllindənsə, baş verənləri cəmiyyətin, xalqın davranış qaydalarına, mentalitetinə bağlamaq mənə elə gəlir ki, doğru deyil və ümumiyyətlə, problemlərdən qaçmaq cəhdidir.
 
- İnam Kərimov kənd təsərrüfatı naziri təyin olunandan sonra bu sahədə müəyyən addımlar atılır, islahatlar aparılır. Sizcə, yaxın gələcəkdə şəhərdən kəndə axın başlayacaqmı, yoxsa kənddən şəhərlərə üz tutanların sayı artmaqda davam edəcək?
- Əslində bu, tək bir kənd təsərrüfatı nazirinin işi deyil. Kənd təsərrüfatı naziri müəyyən yeniliklər dilə gətirdi, idarəetmə ilə bağlı müəyyən dəyişikliklər oldu. Amma ümumi idarəetmənin, yanaşmanın fəlsəfəsi dəyişməsə, bir Kənd təsərrüfatı Nazirliyi heç nəyi dəyişdirə, həll edə bilməz.
Məsələn, İcra Hakimiyyətlərinin iş, davranış qaydaları sovetin "raykom"larını xatırladır. Axı onlar dəyişməyib, onların idarəetmə forması dəyişməyib. Başqa nazirliklərin koordinasiyalı şəkildə bu məsələyə baxışı dəyişməyib. Aşağı faizli, uzunmüddətli kreditlərin verilməsini kənd təsərrüfatı naziri həll etmir. Bunlar sistemli şəkildə həll olunmasa, regionların boşalması və Bakıya, Sumqayıta, Abşerona insanların axın etməsi gələcəkdə də mümkündür.
Şəhərdən kəndə dönüş o zaman baş verə bilər ki, qayıdanlar, qayıtmaq istəyən insanlar orda iş-güc sahibi olsunlar və ciddi pul qazansınlar, infrastruktur olsun...

DİGƏR XƏBƏRLƏR

Top