Azərbaycanda bina evlərinə il boyu isti su verilə bilərmi? - RƏY


Rusiyada havalar Azərbaycanla müqayisədə xeyli soyuq olmasına baxmayaraq, əksər şəhərlərdə ilin bütün fəsillərində mənzillərə isti su verilir. Elə buna görə də orada çox yerdə mənzillərdə nə "pitiminutka" var, nə də "kalonka". Üstəlik, dəm qazından boğulmalar da azdır. Bir vaxtlar Bakıda da mənzillərə soyuq su ilə yanaşı, isti su verilərdi, dəm qazından bu qədər boğulma isə
olmazdı.
Bəs Azərbaycanda da mənzillərə mərkəzləşmiş qaydada ümumi şəbəkədən il boyu soyuq su ilə yanaşı, isti suyun verilməsi mümkündürmü?
Bu və digər məsələlərlə bağlı Yeniavaz.com saytının suallarını "Azəriqaz" Səhmdar Cəmiyyətinin sabiq idarə rəisi Nüsrət Qasımov cavablandırıb.
"Sovet dövründə Bakıda bütün mikrorayonlar mərkəzləşmiş qaydada bir qazanxanadan isti su alırdılar. Boyük diametrli borularla yerin altını qazıb, turbaları basdırır, izolyasiya edib mənzillərə isti su verirdilər. Həmin borular yerin altı ilə 5-6 kilometr gedirdi, istər-istəməz soyuyurdu, evlərə istilik çatmırdı. Onu demək olar ki, ləğv elədilər, ayrı-ayrı kvartallarda hər 2-3 binaya bir qazanxana tikiblər.
Amma "Azəristiliktəchizat" ASC hazırda normal işləmir, gah bəhanə edir işıq kəsildi, gah bəhanə edir qaz zəifdir, su yoxdur. Mənzillərə normal istilik gəlib çıxmır. Çöldə havanın temperaturu aşağı düşdükcə onlar temperaturu qaldırmalıdırlar. Məsələn, Moskvada görmüşəm, batareyalar 100-110 dərəcə qızır. Suyu o qədər qızdırırlar ki, çevrilir buxara, evlər də çox isti olur. Amma Bakıda evlərə istilik gəlir 25-30 dərəcə, ona görə də ilıq olur, vətəndaşlar da narazıdırlar.
Sonra da "Azəristiliktəchizat" ASC-nin nümayəndələri gəlirlər ki, istilik vermişik, pulunu ver. Bu zaman konflikt yaranır. Adamlar deyir ki, evim qızmayıb, niyə verməliyəm? Bunlar da deyir biz istilik vermişik, yəni ikihakimiyyətlilikdir. Evin içinə JEK-lər baxır, çöldəkilərə "Azərisilik". Bu da istər-istəməz narahatlıq yaradır, camaat da narazı qalır".
"Sovet dövründə Bakıda mənzillərə evlərdə istifadə etmək üçün mərkəzləşdirilmiş qaydada isti su verirdilər, amma qrafiklə. Qrafiklə veriləndə insanlar hamısı 1 saat ərzində girirdi hamama, ona görə də suyun təzyiqi düşürdü aşağı. 1-ci, 2-ci mərtəbədə yaşayanlar isti sudan istifadə edirdilər, yuxarı mərtəbələrə su çıxmırdı. Ona görə bundan da imtina elədilər və fərdi qaydada istifadə etməyə başladılar. Bu gün istifadədə kustar üsulla hazırlanmış 800 mindən çox cihaz var. Onlar da camaatı yanğın və zəhərlənmə təhlükəsi altında qoyur. Evlərin əksəriyyətində partlayışlar 90 faiz hamamxanalarda olur. Hamamxanalarda qaz cihazlarını naşı ustalar quraşdırır, qapının aşağısında deşiklər qoymurlar, tüstü bacalarını düzgün quraşdırmırlar, qaz yanma prosesi düzgün getmir, karbon 4 oksid əvəzinə, karbon monoksid - dəm qazı ayrılır. Bu da camaatı zəhərləyib öldürür.
Sonra da deyirlər ki, qaz zəhərlidir. Yaxşı, qış aylarında maşını işlək vəziyyətdə qaraja salıb içində oturan oğlan və qızlar niyə ölürlər? Benzinə kimsə zəhər qatır? İnsanları öldürən dəm qazıdır. O da havaya çıxmalıdır, qapalı mühitdə olmaz",-deyə Nüsrət Qasımov vurğulayıb.
Onun sözlərinə görə, Bakıda il boyu mənzillərə mərkəzləşdirilmiş qaydada isti su verilməsi mümkün deyil: "Bakının relyefi elədir ki, burada il uzunu evlərə isti su vermək mümkün deyil. Məsələn, mikrorayonda qurmusan qazanxana, ora isti su vermək olur. Amma Yasamal dağın başındadır, oraya həmin suyu fasiləsiz, il boyu qaldırmaq mümkün deyil, çünki stabil işıq, su, elektrik yoxdur. Hələ bəlkə vaxt gələcək "Azəristiliktəchizat" ASC-ni ləğv edəcəklər. Düzgün işləyə bilmir, camaatı qane eləmir".
"Mən Avropanın əksər ölkələrində olmuşam, Amerikada aylarla yaşamışam. Onlarda da fərdi istilikdir, evlərə isti su gəlir. Orada isti mərkəzləşdirilmiş qaydada verilmir, 2-3 binanın ortaq qazanxanası var. Yeri gəlmişkən onu da deyim ki, Amerikada demək olar hər evdə detektor var. Həmin detektordan bizdə də satırlar, amma alan demək olar yoxdur. 4-5 milyon xərcləyib villa tikdirirlər, amma 35-40 manata detektor alıb evə qoymurlar.
Bizdə bu mədəniyyət hələ formalaşmayıb. Avropalıların mədəniyyəti başqadır, bizə deyirlər inteqrasiya edirik, amma biz heç Mozambikə də inteqrasiya eləmirik. Ziyanlı, nə pis şey varsa, hamısını edirik, amma xeyirli şeyi eləmirik. 800-1000 manat verib telefon alırıq, amma dəm qazı kimi dəhşətli bir təhlükədən bizi qoruya biləcək detektor alıb evə qoymuruq",-deyə ekspert vurğulayıb.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top