Azərbaycanın öz mobil telefonunun olması mümkündür? - Ekspert rəyi


"Düşünürəm ki, kifayət qədər böyük riskli bir addım olardı. Azərbaycanda, bizim qonşu bazarlarda da bu istiqamətdə cəhdlər olub, elə də uğurlu alınmayıb". Bunu Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz Azərbaycanın öz mobil telefonu, noutbukunu istehsal etmə imkanlarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, məsələn, Rusiya HP kompüterlərinin istehsalı ilə bağlı zavod işə saldı, amma uğur qazana bilməyərək bağladı: "Azərbaycanın özündə "Kür" kompüteri zavodu uğurlu fəaliyyət göstərə bilmədi". O. Gündüz qeyd edib ki, indi isə Azərbaycanda "Acer" noutbuklarının hissələrinin yığılması və noutbuklarının buraxılması ilə bağlı addımlar atılıb: "Bunun nə qədər uğurlu olacağını dəqiq deyə bilmərəm".

Ekspert diqqətə çatdırıb ki, dünyada informasiya texnologiyaları bazarları bölünüb və böyük rəqabət var: "Əsas məsələ məhsulu kimin daha ucuz itehsal edə biləcəyindədir? Yəni ucuz işçi qüvvəsi, ehtiyat hissələri və onların ucuz qiymətə gətirilməsi və s.".

O. Günddüzün fikrincə, bu, böyük riskli addım olardı - onun satışını təşkil etmək, bazara çıxarmaq: "Daha cəlbedici biznes sahələrinə üz tutmaq məqsədəuyğundur. Yaxud mobil telefon və ya noutbukların hansısa hissələrinin birgə satışı ilə bağlı zavod və ya fabrik açmaq daha doğru olardı. Bəlkə bu yolla Azərbaycan onu daha ucuz qiymətə hazırlaya bilər, nəinki məhsulun özünü".

AİF prezidenti hesab edir ki, mobil telefonun hansısa hissəsinin istehsalı, bazarlanması ilə bağlı münbit şəriat yaradılsa, daha doğru olardı, nəinki dünyanın məşhur şirkətlərinə qarşı rəqabətədavamlı məhsul ortaya çıxartmaq: "Mənə elə gəlir ki, bu riskləri hesablamadan, bazarı araşdırmadan bunun irəli sürülməsi doğru olmazdı".

Ekspert risklərin içərisində məhsulun neçəyə başa gəlməsi, ixtisaslı kadrlar, bu kadrların hazırlanmasının neçəyə baş gəlməsi, xaricdən kadrların cəlb edilməsi və s. məsələlərib daxil olduğunu deyib: "Digər tərəfdən münbit şərait dedikdə həmin məhsulların gömrük rüsumları və vergidən müəyyən azad olunmalar nəzərdə tutulur".

O xatırladıb ki, ind "Acer"in istehsalı üçün gərəkli olan ehtiyat hissələri Azərbaycana gömrük rüsumlarından azad olunaraq gəlir: "Bu proses, "Acer" noutbuklarının yığılması başlayıb. Daxili bazar üçün də hətta bir partiya satışa çıxarılıb. Gələcəkdə özünü necə göstərəcəyini deyə bilmərəm".

O. Gündüz əlavə edib ki, ancaq Rusiyada da HP ilə bağlı bu cür addım atdılar, ancaq iflasa uğradılar: "Yüz milyonlarla xərc çəkdilər, zavod açdılar, bizdəki kimi gələn ehtiyat hissələrini gömrük rüsumlarında azad etdilər. Lakin yığılan məhsul keyfiyyətsiz oldu, rəqabətə tab gətirmədi, ruslar da zavodu bağladılar. Belə risklər var, gərək bunların hamısı təhlil edilsin".(sonxeber.az)

DİGƏR XƏBƏRLƏR

Top