
Bu ilin ilk 9 ayı ərzində Azərbaycana xarici ölkələrdən 810 kiloqram nərə balıqlarının kürüsünü, 19 ton 680 kiloqram balıq kürüsünün əvəzedicilərini idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, bu dövürdə xarici ölkələrə 20 kiloqram nərə balıqlarının kürüsünü, 3 ton 550 kiloqram balıq kürüsünün əvəzedicilərini ixrac etmişik.
İdxal olunan nərə balıqlarının kürüsünün 1 kiloqramının gömrük dəyəri 371,7 dollar (632 manat), balıq kürüsünün əvəzedicilərinin 1 kiloqramının gömrük dəyəri isə 14,2 dollar (24 manat) olub.
İxrac etdiyimiz nərə balıqlarının kürüsünün 1 kiloqramının gömrük dəyəri 1809,5 dollar (3076 manat), balıq kürüsünün əvəzedicilərinin 1 kiloqramının gömrük dəyəri isə 4,5 dollar (7,6 manat) olub.
Xaricdən gətirilən nərə balıqlarının kürüsü əsasən Çinin payına düşüb. İdxal olunan kürünün böyük əksəriyyəti - 710 kiloqramı bu ölkənin payımna düşüb. Xaricə satdığımız nərə balıqlarının kürüsünü isə bir ölkəyə - Rusiyaya yola salmışıq.
İdxal olunan balıq kürüsünün əvəzedicilərini isə Belarus, Rusiya, Almaniya, ABŞ, Estoniya, Hollandiya və Lüksemburqdan gətirmişik. İdxalda ən böyük paya Belarus sahib olub. İlin ilk 9 ayında Belarusdan 9 ton 940 kiloqram balıq kürüsünün əvəzediciləri idxal edilib və 1 kiloqramının gömrük dəyəri isə 9,1 dollar (15,5 manat) olub.
Rusiyadan isə 9 ay ərzində 7 ton 900 kiloqram balıq kürüsünün əvəzediciləri gətirilib və 1 kiloqramının gömrük dəyəri isə 15,2 dollar (25,8 manat) olub.
Ən ucuz balıq kürüsünün əvəzediciləri isə Hollandiyadan idxal olunub və bu ölkədən gətirilən 1 kiloqram kürü əvəzedicisinin gömrük dəyəri isə cəmi 2 dollar (3,4 manat) təşkil edib.
Məlumat üçün bildirək ki, Azərbaycan kvota səbəbindən son 5 ildir Xəzərdən nərə balığı ovlamır. Sonuncu dəfə 2012-ci ildə Xəzərdən 2,4 ton nərə balığı ovlanıb. Bu səbəbdən ölkədə nərə balığı kürüsünün istehsalı aşağı düşüb. Statistika Komitəsinin məlumatına görə, il ərzində cəmi 100 kiloqram nərə kürüsü istehsal edilir və bu rəqəm son 5 ildə dəyişməz qalıb.