“Arağı, siqareti təbliğ etmək ziyalıya yaraşarmı?”


Milli-mənəvi dəyərlər özündə böyük mənanı əks etdirir. Bu hər bir xalqın varlığının göstəricisidir. Milli-mənəvi dəyərləri ilə tarixə söykənən Azərbaycan abidələri, daş yaddaşı, əxlaqi dəyərləri, milli mədəniyyəti ilə hər yerdə tanınır. Yeməyindən tutmuş musiqisinə, böyük-kiçik münasibətinə kimi hamısı bizim xalqın dəyərləridir. Hansı ki, bunlar bizi digər xalqlardan fərqləndirir. Amma təəssüf ki, müasir dövrdə bəzi insanlar milli dəyərlərimizə laqeyd yanaşır, unudur, sıradan çıxartmağa çalışırlar.

Bəs bu dəyərlərimizi qoruyub saxlamaq, təbliğ etmək və gələcək nəsillərə ötürmək üçün nələr etməliyik?

Bununla bağlı Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə bildirib ki, ziyalılar, sənət adamları, vətəndaş cəmiyyəti institutları, mətbuat da bu prosesdə aktiv iştirak etməlidir: “Milli-mənəvi dəyərlərin təbliğinə gəlincə, deməliyəm ki, bu, çox çətin, həm də vacib məsələdir. Qloballaşan dünya milli-mənəvi dəyərlərimizi təhdid etməkdədir. İnformasiya texnologiyalarının sürətli inkişafı nəticəsində dünya kiçilsə də, ayrı-ayrı ölkələrin, xalqların problemləri daha da böyüyür. Belə həssas məqamda cəmiyyət özü milli-mənəvi dəyərlərimizin qorunmasının qeydinə qalmalıdır. Cəmi bir il əvvəl fəaliyyətə başlamış Mənəvi Dəyərlərin Təbliği Fondu bu istiqamətdə xeyli iş görə bilib. Amma mənəvi deqradasiya problemi təkcə dövlət qurumlarının diqqətində olmamalıdır. QHT-lər, mətbuat, ziyalılar da prosesə qoşulmalı, sosial şəbəkələrin imkanlarından maksimum istifadə olunmalıdır”. 

S. Verdizadə vurğulayıb ki, bu sahədə vəziyyətin ürəkaçan olmadığını müşahidələr əsasında görmək mümkündür: “Sosial şəbəkələrin təyinatının dəyişməsi deqradasiya prosesini bir qədər də sürətləndirib. Biz tanınmış ziyalılarımızda, sənət adamlarımızdan vacib mesajlar gözlədiyimiz halda onlar sosial şəbəkələrdə ucuz reklamla məşğul olurlar. Ziyalının vəzifəsi milli-mənəvi dəyərlərimizi qorumaq, gənc nəslə düzgün yol göstərməkdir. Bəzən bunun əksi olur. Milli-mənəvi dəyərləri qorumağa borclu olan ziyalılar bilərəkdən, ya da bilməyərəkdən sosial şəbəkələrdə pis vərdişləri təbliğ edirlər. Arağı, siqareti təbliğ etmək ziyalıya yaraşarmı? Ziyalının əlində kitab, dəftər, qələm olmalıdır. Təəssüf ki, bəzi ziyalılarımız araq şüşələrinin fonunda çəkdikləri şəkilləri sosial şəbəkələrdə paylaşmaqdan çəkinmirlər. Gənclər həmin ziyalıdan araq içməyi öyrənməlidir? Biz tolerant ölkədə yaşayırıq. Azərbaycan dünyəvi dövlətdir. Kim istəyir, ibadət etsin, kim də istəyir araq içsin. Amma anlamaq lazımdır ki, spirtli içkilərə aludəçilik pis vərdişdir. Ziyalının isə pis vərdişləri təbliğ etməyə haqqı yoxdur. Demək istədiyim odur ki, milli-mənəvi dəyərlərimizi qorunmaq bütövlükdə cəmiyyətin vəzifəsidir. Bu işdə hər birimizin üzərinə müəyyən vəzifə düşür. Əgər biz öz vəzifəmizi layiqincə yerinə yetirsək, qloballaşan dünyada öz yerimizi və mövqeyimizi qoruya bilərik”. (azadinform)

DİGƏR XƏBƏRLƏR

Top