Dələduzluqla əldə etdiyi pulu anasının müalicəsinə xərclədi - MƏHKƏMƏ İŞİ

Bakıda vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. O, bahalı maşın seriyası, avtomobili addan ada keçirmək, xaricdən gətirilən avtomobillərin qeydiyyata alınması kimi vədlərlə vətəndaşların etibarından sui-istifadə edərək onları aldadıb.

Yeniavaz.com Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Sadıqov Sərxan Tahir oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, Sərxan Sadıqov sabiq polis əməkdaşı olub. O, yol polisi inspektoru vəzifəsində çalışıb. S.Sadıqov öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq əməli törətməkdə ittiham edilir.

Sonuncu məhkəmə iclasında zərərəçəkmişlər və şahidlər ifadə verib.

İlk dindirilən Sabir İsayev deyib ki, Sərxan Sadıqov ondan borc olaraq 3800 manat alıb və sonra da qaytarıb. Amma prokurorun suallarından məlum olub ki, verilən pul borc məqsədi ilə deyil, maşının sənədləşdirmə işinin görülməsi üçün verilibmiş.

O da məlum olub ki, Sabir İsayev əlavə olaraq Sərxan Sadıqova 300 manat da veribmiş. Bu məbləğə görə isə Sərxan Sadıqov Sabir İsayevin avtomobilinə gələn cərimələri və digər problemlərini həll edəcəkmiş.

Suallara cavab verən Sabir İsayev bunu təsdiqləyib. Sonda bildirib ki, ona dəymiş zərər tam olaraq ödənilib və şikayəti yoxdur.

Şahid Azad Alxasov isə dindirilən zaman deyib ki, bu işdə zərərçəkmiş şəxs onun oğludur.  Onun sözlərinə görə, oğlu maşın almaq üçün Sərxan Sadıqovla razılaşıb: “6 minə maşın almağa razılaşmışdılar. 4 min verdik, dedik ki, sənədləşmə işindən sonra, maşın ada keçiriləndən sonra qalan məbləği ödəyəcəyik. Amma bir müddət sonra iş alınmadı, öyrəndik ki, maşın da başqasının adınadır”.

Azad Alxasov dəymiş zərərin ödənildiyini və şikayətlərinin olmadığını bildirib.

Məhkəmədə dindirilən İbrahim Ağarəhimov isə bildirib ki, aldığı maşının sənədləşmə işini görmək üçün Sərxan Sadıqova pul verib: “Həm öz maşınım, həm də iş yoldaşımın maşını başqasının adına idi. Biz işdən çıxa bilmirdik deyə Sərxanın bu işi görəcəyinə inandıq. Ona pul verdik ki, maşınları bizim adımıza keçirsin. Ümumi olaraq 600 manat verdik. 150 manatını mən, 450 manatını isə iş yoldaşım. Amma iş alınmadı. Sonra da pulumuz qaytarıldı”.

Zərərçəkmiş kimi tanınan, sonradan isə pul ödənilənlərdən biri də Bəxtiyar Əsgərov olub. O isə ifadəsində göstərib ki, sonu 111-lə bitən dövlət nömrə nişanı almaq üçün Sərxan Sadıqova 4500 manat pul verib. Amma nömrəni ala bilməyib. Bəxtiyar Əsgərov deyib ki, Sərxan nörmənin özünə məxsus olduğunu, satdığını deyərək onu aldadıb.

Digər zərərçəkmiş Faiq Abdullayev də nömrə almaq istəyərkən aldadılıb. Bildirib ki, Sərxan Sadıqov özünə məxsus 111 seriyalı dövlət nömrə nişanını ona satmaq üçün 6000 min dollar pul istəyib.

“Mən bu məbləği verdim. Amma Sərxan yoxa çıxdı. Pulumun bir hissəsi ödənilib. Anası ilə razılaşıb şikayətimin olmadığını dedim. 3 min verdilər, qalanı isə qalır”- deyən zərərçəkmişə Sərxan Sadıqovun vəkili sual verib. Soruşub ki, Sərxan Sadıqova pul verərkən dolların həmin vaxt məzənnəsi nə qədər olub?

Zərərçəkmiş Faiq Abdullayev isə deyib ki, bu heç nəyi dəyişmir: “Mən ona əlimlə 6 min dollar vermişəm. Gətirib dollarımı da versin”.

Məhkəmədə təqsirləndirilən Sərxan Sadıqovun anası Gülçöhrə Sadıqova da şahid qismində dindirilib.

Bu zaman məlum olub ki, Sərxan Sadıqov ələ keçirdiyi pulları anasının xəstəliyi üçün xərcləyib. Suallara cavab verən Gülçöhrə Sadıqova bunu təsdiqləyib və göz yaşlarını saxlaya bilməyib. Bildirib ki, ürək əməliyyatı edilib və başqa xəstəlikərdən də əziyyət çəkir: “O qədər çətinlik içində yaşamışıq ki, izah edə bilmirəm. Oğlum da bütün pulu mənim əməliyatıma xərcləyib. İndi də mən bu ziyanları ödəyirəm. Evimizi də satmışıq. Çox çıxılmaz vəziyyətədə qalmışam”.

Məhkəmə prosesi davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top