Tural Kərimov: "Bizim bir devizimiz var: hörmət et, minnət qoyma"


“Mingəçevir Gənclər evi” Sosial Xidmət Müəssisəsinin direktoru Tural Kərimov Yeniavaz.com saytının suallarını cavablandırıb.         


-Tural müəllim, müdriklər deyiblər ki, gənckən öz yaxşı yaşayışını təmin etmək üçün mübarizə aparmamısansa, qocalanda taleyindən şikayətçi olacaqsan. Gənclik insan ömrünün ən yaxşı çağıdır. Onları yönəltmək, istiqamət verməklə dağ aşırmaq olar. Siz bu istiqamətdə nə işlər görürsünüz?
- Bizim bir devizimiz var: hörmət et, minnət qoyma. Qayğını da bu cür göstərmək lazımdır. Qayğı göstər, lakin minnətsiz. Uşağa da, gəncə, qocaya da qayğı lazımdır. Qayğı uşağa onun düzgün tərbiyəsi üçün, gəncə öz saf arzu və məqsədlərinə çatmaq üçün, qocaya müdrik bir ağsaqqala ehtiram üçün lazımdır. Ləyaqəti, mənliyi və şəxsiyyəti olan kəs ona göstərilən qayğı və ehtiramı heç vaxt unutmaz. Heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur.
 “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi Azərbaycan Gəncliyi 2011-2015-cu illərdə Dövlət Proqramına uyğun olaraq 16 aprel 2013-cü ildə tikilib-istifadəyə verilib. Müəssisisənin açılışında ölkə prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov iştirak edib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir.
 Qeyd edim ki, bir neçə gün əvvəl biz Azərbaycan Gənclərinin 8-ci forumunda iştirak etdik. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumun panel müzakirələri bölməsində spiker olaraq çıxış etdim. 2000 gənci əhatə edən forumda çıxışımda regionlarda fəaliyyət göstərən gənclər evləri və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün həyata keçirilən tədbirlər haqqında məlumatlar verdim.
 Gənclər forumundan öncə isə Bakı Kristal Zalında “Gənclər təşkilatlarının 5-ci sərgisi”ndə Mingəçevir şəhərini iki təşkilat təmsil edib. Bunlar “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi və “İşıqlı Gələcək” GİB olub. Sərgidə Mingəçevir Gənclər Evinin 5 illik fəaliyyəti qonaqlara təqdim edilib. Nazir müavini İntiqam Babayev müəssisəmizin stendi ilə tanış olub və gələcək fəaliyyətimizə uğurlar arzulayıb.
 Sərgi və forumlarda  bir neçə gənclər təşkilatları ilə əlaqələr qurulub ki, yaxın vaxtlarda region gəncləri bu əməkdaşlıq nəticəsində keçirilən tədbirlərə cəlb ediləcək.
    
- Tural müəllim, quruculuq göz önündədir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və gəncliyin inkişafı, yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir. Ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Sizin bu istiqamətdə hansı tədbirlər həyata keçirirsiniz?
- Bu il iştirak etdiyimiz əsas tədbirlərdən biri kimi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı gənclər sahəsində Avropa  təcrübəsinin öyrənilməsi üçün Fransanın Strasburq şəhərində keçirilən tədbiri qeyd edə bilərəm. Müxtəlif  gənclər evləri, gənclər mərkəzləri və gənclər təşkilatlarının nümayəndələri Avropada gənclər sahəsində mövcud təcrübə ilə tanış olduq.
Biz də çalışırıq ki, dünya təcrübəsindən daha çox faydalanaq. Fərqli formatlı təlimlər və görüşlər təşkil edək.
2017-ci ildə Mingəçevir Gənclər Evi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yerli qurumu olaraq təsdiq olunub. Bundan sonra müəssisənin fəaliyyət istiqamətləri daha da təkmilləşib. Belə ki, müxtəlif maraq klubları ümumiləşdirilərək 4 böyük dərnək təşkil edilib. Eyni zamanda azyaşlılar, yeniyetmə və gənclərin tələblərinə uyğun yeni maraq klubları formalaşdırılıb.
2017-2018-ci illər ərzində Mingəçevir Gənclər Evində gənclərin inkişafı üçün kifayət qədər təlimlər, seminarlar, görüşlər təşkil edilib. Keçirilən tədbirlərdə Mingəçevir Dövlət Universitetinin, Mingəçevir Turizm və Tibb Kolleclərinin və orta-ixtisas təhsil müəssisələrinin gəncləri iştirak edib.
Mingəçevir Gənclər Evi NAYORA tərəfindən təşkil edilən “Azərbaycan Könüllülük Xidməti” çərçivəsində könüllülərin mübadiləsi proqramında da əsas iştirakçılardan biridir. 2017 və 2018-ci illərdə həyata keçirilən proqramda iki gənc Mingəçevir Gənclər Evində 1 aylıq təcrübə keçmişdir. Proqramın əsas məqsədi region gənclərinin inkişaf etmiş gənclər evləri və gənclər mərkəzləri ilə əlaqə qurmaqdır.
Fiziki məhdudiyyətli uşaq və gənclər üçün də digər gənclərlə paralel imkanlar yaradılıb. Belə ki, fiziki məhdudiyyətli uşaqlar üçün müxtəlif bədii-əyləncəli konsert proqramları keçirilib. Aparılan işlər arasında “Mingəçevir Gənclər Evinin brendi olan”Danışan komüperlər” layihəsi  fiziki məhdudiyyətli gənclərin inkişafında ciddi adım olaraq  qeyd edilməlidir. Belə ki, xüsusi proqram və komüterlərin köməyi ilə görmə, eşitmə və digər əngəlləri olan gənclər kompüter biliklərinə yiyələnirlər.
Bunlarla yanaşı, Mingəçevir Gənclər Evi beynəlxalq təşkilatlarla əlaqələrini yaxşılaşdırır. Belə ki, BMT və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ölkənin 3 gənclər evində həyata keçirilən “Gender bərabərliyi və reproduktiv sağlamlıq” mövzusunda  təlimlərin ev sahiblərindən biri də Mingəçevir Gənclər Evi olub.
Həmçinin müəssisədə  Mingəçevirdə ilk dəfə olaraq uşaqlar və gənclər üçün “Əsas həyat bacarıqları” təlim proqramı davam edir. UNİCEF tərəfindən təşkil edilən təlim və seminarların əsas məqsədi iştirakçılarda “Qərar qəbul etmə”, Stressdən qorunma”, “Liderlik”, “Motivasiya” və bu kimi digər mövzularda bilik və bacarıqlar formalaşdırmaqdır.
Mingəçevir Gənclər Evində gənclər üçün ödənişsiz  psixoloji və hüquqi yardımlar həyata keçirilir. Uşaqlar, yeniyetmələr, gənclər və gənc ailələr  rahat şəkildə psixoloji və hüquqi yardım xidmətlərindən istifadə edə bilərlər.
Söhbətləşdi: Esmira Hidayətova

DİGƏR XƏBƏRLƏR

Top