162,5 min yeni iş yeri açılıb, işləyənlərin sayı 63,6 min nəfər artıb


Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2014-cü ildən 1 oktyabr 2018-ci il tarixinə qədər olan dövr ərzində ümumilikdə 913,6 min olmaqla 624,9 min daimi iş yerləri açılıb. 
Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu ilin ilk 9 ayı ərzində ölkədə 192,5 min yeni, o cümlədən 94,5 min daimi iş yerləri açılıb.
Komitənin digər bir məlumatında isə göstərilir ki, bu ilin ilk yarısı ərzində ölkədə 30 min iş yeri bağlanıb.
Açıqlanan rəqəmlərdən belə görünür ki, bu ilin ilk 9 ayı ərzində bağlanan iş yerlərini çıxdıqdan sonra ölkədə 162,5 min yeni iş yeri açılıb.
Maraqlıdır ki, yeni iş yerlərinin açılmasına baxmayaraq onların əksəriyyətində heç kim işləməyib. Statistika Komitəsinin bu ilin oktyabr ayının 1-nə olan məlumatına görə, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 137,5 min nəfər olub və onlardan 4 milyon 885,9 min nəfərini məşğul əhali təşkil edib. Bu ilin ilk 9 ayı ərzində isə iqtisadi fəal əhalinin sayı 63,4 min nəfər, məşğul əhalinin sayı isə 63,6 min nəfər artıb. Göründüyü kimi bu ilin ilk 9 ayı ərzində yeni işə başlayan insanların sayı açılan yeni iş yerlərinin sayından 2,5 dəfə az olub.

DİGƏR XƏBƏRLƏR

Top