"Uşaq gəlib Bakıda 4 il avaralanır, sonra bəlli olur ki, aldığı diplom heç kəsə lazım deyil"

Tanınmış kinorejissor, ssenarist və aktyor, xalq artisti Şeyx Əbdül Mahmudbəyov onu narahat edən 2 məsələ ilə bağlı açıqlama vermək istədiyini bildirib. Xalq artisti Yeniavaz.com saytına açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədrisin keyfiyyəti ilə bağlı bəzi məsələlərdən narahatlığını ifadə edib. Şeyx Əbdül Mahmudbəyov həmçinin özəl universitetlərin və bəzi dövlət qurumlarının Bakıdan köçürülməsinə ehtiyac olduğunu bildirib: "Özəl universitetlərə münasibət kökündən dəyişilməlidir. Hamı açıb, adını da qoyub özəl universitet - yaxşı pula getsin deyə. Mən başa düşə bilmirəm, universitetlərin, institutların Bakı şəhərində - paytaxtda nə işi var? Dünyanın hansı ölkəsində ali məktəblər şəhərin mərkəzindədir? Səhərdən axşamadək o uşaqlar avara-avara küçələrdə gəzirlər.
Yazıq kəndli danasını, inəyini satır - üzə düşüb uşağını göndərir Bakıya. Deyir el-oba var, qonşudan ayıbdır, qoy mənim uşağım da oxusun. Uşaq gəlib Bakıda özəl universitetlərdə 4 il avaralanır, sonradan bəlli olur ki, onun aldığı diplom da heç kəsə lazım deyil. Bəlli olur ki, yazıq kəndlinin uşağıda gedib, inəyi də, ortada da bir şey yox. Dünyanın hər yerində təhsil şəhərcikləri var. Apar tik orda, bütün şəraiti yarat, uşaq da getsin orada dərsin oxusun, nə var Bakının küçələrində? Küçələrə düşüb, siqaret çəkir, avaralanırlar. Şəhərin tıxacından əziyyət çəkirik. Görün, nə qədər rahatlıq yaranar. Kənd Təsərrüfatı Nazirliyinin, Meliorasiya və su təsərrüfatı İdarəsinin Bakıda nə işi var, ay başına dönüm?".
 
"Hanı bu millətin böyük sənəti, böyük sənətkarları?"
Şeyx Əbdül Mahmudbəyov bir neçə ay öncə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə rektor təyin edilən Ceyran Emin qızı Mahmudovanın da üzərinə böyük iş düşdüyünü bildirib: "Ceyran Mahmudova yeni təyin olunub, Azərbaycanda çox böyük soyadın daşıyıcısıdır, Sabit Rəhmanın nəvəsidir, Emin Sabitoğlunun qızıdır. Mən çox istərdim ki, aktyorluq, rejissorluq fakültəsinə qəbul da, oranın tədris-təhsil sistemi də bu gün dünyanın bəlli olan tələbləri səviyyəsində qurulsun, özfəaliyyət, təsadüfi adamlar səviyyəsində yox. Kimlərsə gəlib orda dossent, professor, baş müəllim olur, onların Azərbaycan kinosunda, teatrında heç yerləri bəlli deyil. Bu adamlar özlərinə yer tapa bilməyiblər, gəlib bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən, rejissorluqdan dərs deyirlər, nəticəsi də yoxdur.
Dünya praktikasında praktikasında belədir - o adamlar pedaqoq ola bilərlər ki, onlar artıq beynəlxalq səviyyədə tanınmış, məktəb yaratmış dahi sənətkarlardılar. Nə böyük problemdir ki, bir dənə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə qəbulda testi yığışdırsınlar? Deyirlər o fakültədə hazırlıq var, hazırlıq heç bir şeyi həll eləmir. Həmin fakültəyə qəbulda universitetin rektoru olmaq şərti ilə aidiyyəti şəxslər iştirak etsinlər, aktyor, rejissor kafedrasından dekanlar iştirak eləsinlər, amma çox nüfuzlu, sayılıb-seçilən kinoteratr sahəsində yüksək adı, xidməti olan insanların iştirakı ilə aparılsın. Yoxsa bizim bu şou düzəldənlər, gülməli artistlər arvad rolunu oynayıb ora-burasını əyənlər bizim məhv edəcəklər.
Nəhayət, bu işə ciddi yanaşılsın, bəlkə biz də bu bəladan xilas olaq. Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti elə bil ancaq gülməli artist buraxır, şouçular buraxır. Bəs hanı bu millətin böyük mədəniyyəti, böyük sənəti, böyük sənətkarları? Buna yanaşma mütləq dəyişdirilsin. Nüfuzlu insanlar dəvət olunsunlar, heç olmasa ayda bir dəfə masterklass keçirilsin.
Bu, dünyada, hər yerdə var. Orda dərs deyən müəllim də gəlib otursun, ağzın açıb tamaşa eləsin ki, aktyora, rejissora necə dərs deyərlər. Biz ciddi olaraq oranı düzəltmək istəyiriksə... Yoxsa bir dəstəni qoyaq, təzə dəstə götürək, mən gəlmişəm köhnələr çıxsın, öz adamlarımı gətirim, bu olur Əlinin papağını Vəlinin başına qoymaq. Bu, mənim ən böyük arzu-istəyimdir".

DİGƏR XƏBƏRLƏR

Top